Modern.az

Şəhid xanımı: “Xoşbəxt yaşayırdıq, sanki dünya bizim idi” - FOTOLAR 

Şəhid xanımı: “Xoşbəxt yaşayırdıq, sanki dünya bizim idi” - FOTOLAR 

18 Avqust 2021, 10:41

Tələbəlikdən başlayan sevgi hekayəsi...

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri  yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün qətiyyətlə mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir. Belə xanımlardan biri Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Rahib Babayevin həyat yodaşı Aygün Babayevadır

 

Modern.az-ın “Şəhid xanımı” rubrikasının növbəti buraxılışında Aygün Babayevanın  həyat hekayəsindən həbs olunur:

 

- Yarımçıq qalmış həyat hekayənizin ilk sətirləri necə yazılıb?

 

- Yarımçıq hekayəmiz yazılanda tələbə idim. Rahib bir il  olardı ki, zabit kimi xidmət göstərirdi. 2007-ci ilin aprel ayında Lənkəranda tanış olmuşduq. Xoşbəxtlik və sevgi ilə başlamışdıq, sanki dünya bizim idi. Heç nə fikirləşmədən bir-birimizə yaxınlaşırdıq. Kiçik tanışlıqdan böyük sevgi doğdu. Tərəddüd etmədən bir il sonra ailə qurduq.

 

- Həyat yoldaşınızla birgə yaşadığınız unudulmaz anlardan danışa bilərsizmi?

 

- Unudulmaz anımız çox olub. Nişan, toy günlərimiz, övladlarımızın dünyaya gəldiyi günlər, bunların hər biri unudulmaz anlardır. Sonuncu unudulmaz anımız sonbeşik övladımız Əlinin dünyaya gəldiyi gündür. Rahib üçün həmin gün ifadə edilməyəck qədər gözəl idi. Yaşa dolduğu üçün sanki daha duyğulu idi. Əlini həyatımızın  möcüzəsi adlandırırdı. Bizi  nə maddi çətinliklər, nə də bir-birimizi az görməyimiz qorxudurdu. İşlə əlaqədar evə çox az gələrdi. Gəlişi və gedişi yaddaqalan olurdu. Rahibin iç dünyası zəngin idi.    

 

- Ömür-gün yoldaşınız şəhadətindən öncəki günlərdə sizinlə əlaqə saxlayıbmı? O anı necə xatırlayırsız?

 

- Həmin günləri yadıma salmaq mənim üçün çox çətindir. Şəhid olmazdan bir ay əvvəl 10 günlük məzuniyyətə gəlmişdi. Uşaqlardan bir an belə ayrı qalmaq istəmirdi.  Heç ağlıma gəlməzdi ki, birlikdə keçirdiyimiz son günlərdir. Son aylar çox az telefonla danışırdı, vəziyyətin ciddiliyini başa düşürdüm. Evə gələndə həmişə xəbər edərdi. Ancaq sentyabrın 13-də qəfil qapı döyüldü, “iki saatlıq gəlmişəm uşaqları görüb gedəcəyəm” dedi. Uşaqları qucaqlayıb öpürdü, belində gəzdirirdi. O iki saatda sanki bir ömür boyu edəcəklərini etdi, “gəldim sizi görəm, bəlkə bir də görmək qismət olmadı” dedi...  

 

Sentyabrın 27-i gecə saat 3-də zəng etdi. İlk dəfə idi ki, mənlə fərqli tonda danışırdı, “başını dik tut, ağlama” dedi.  Səhəri gün öyrəndim ki, artıq müharibə başlayıb. Sonuncu dəfə ayın 28-də zəng vurdu . Murov yüksəkliklərinin alındığı söylədim, “biz almışıq da” dedi. Rahibin 19  illik qüsursuz xidməti var idi.

 

- Ona məxsus hansı əşya sizin üçün özəldir?

 

- Mənim üçün onun bütün əşyaları özəldir. Evdə guşə hazırlamışıq, əşyalarını ora yerləşdirmişəm. Çox sevdiyi bir saatı vardı, şəhid olanda həmin saat qolunda olub. Həyata gözlərini yumduğu vaxt, saatı da dayanıb. Hər dəfə onu görəndə Rahib gözümdə canlanır.

 

- Sizə təsəlli olan 3 övladınızı gələcəkdə necə görmək istəyirsiniz?

 

- Hər ana kimi uşaqlarımı yüksəkdə görmək istəyirəm. Yoldaşım da istəyirdi ki, uşaqlar ali təhsilli olsun.  Rahib qızımızın həkim olmağını istəyirdi, o arzunu gerçək etmək üçün əlimdən gələni edəcəyəm.

 

QEYD: Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. İlk komandiri general Polad Həşimov olub. Mayor R.Babayev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. “Canavar” postunun alınmasında iştirak edib və sentyabrın 30-da şəhid olub.

 

Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Vəfatından sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni təltif edilib.

 

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır