Modern.az

“Prezident Şərqi Zəngəzurun inkişafına böyük önəm verir” – Komitə sədri

“Prezident Şərqi Zəngəzurun inkişafına böyük önəm verir” – Komitə sədri

18 Avqust 2021, 17:07

“Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına böyük önəm verir. Bu amil dövlət rəhbərinin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı özünü bir daha göstərdi”.

 

Bunu Modern.az-a Prezidentin azad olunmuş ərazilərə - Kəlbəcər və Laçın rayonlarına səfərinin əhəmiyyətindən danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

O bildirib ki, “bu yerləri cənnətə çevirəcəyik, bərpa edəcəyik” ifadələrini qürurla səsləndirən Prezident Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatının inkişafında əsaslı rol oynadığını diqqətə çatdırıb:

 

“Bununla bərabər Prezident qeyd etdi ki, həmin yerlər tarixi torpaqlarımızdır. Burada əbədi yaşayacağıq mesajını verməklə, dövlətimizin qəti mövqeyini ortaya qoydu. Şərqi Zəngəzur iqtisadi Zonasına daxil olan rayonlar - Kəlbəcər, Laçın, Qubadlı Ermənistanla sərhəddə yerləşdiklərinə və böyük iqtisadi potensiala malik olduqlarına görə, bu ərazilərin bərpasına, inkişafına göstərilən qayğı və diqqət çox əhəmiyyətlidir.

 

Böyük turizm, kənd təsərrüfatı imkanlarına malik olan bu rayonlar uzun müddət erməni təcavüzçüləri tərəfindən istismar edilib, dağıdılıb, təbii sərvətləri məhv edilib. Bu gün isə ərazilərimiz azaddır və həyat işğaldan azad edilmiş torpaqlarımızın üzünə gülür. Ərazilərdə infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, körpülər salınır, elektrik stansiyaları inşa edilir. Aqrar sahənin inkişafı üçün mühüm tədbirlər görülür. Azərbaycan Prezidenti bu səfəri zamanı çox vacib layihələrin həyata keçirilməsinin təməlini qoydu. Qarşıda duran vəzifələrə diqqəti cəlb etdi. Bir daha qeyd etdi ki, tez bir zamanda viran edilmiş əraziləri cənnətə çevirəcəyik”.

 

Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqı verilən vədlərin yerinə yetiriləcəyinə ürəkdən inanır:

 

“Çünki görülən işlər, həyata keçirilən tədbirlər, ölkə rəhbərinin vaxtaşırı işğaldan azad edilmiş ərazilərə səfərləri və qarşıya qoyduğu vəzifələrin əməli işdə təsdiqini tapması bunu deməyə əsas verir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı