Arxiv
19 Avqust 2021, 10:11 | MÜSAHİBƏ
Atasının şəhid olduğu yerə gedən qazi: “Həmin anları mən də yaşamışam”

Əfsanəvi “Qarabağ” batalyonunun komandiri olmuş Tofiq Oğuzun oğlu, Vətən Müharibəsi qazisi Polad Rzayev atasının şəhadətə yüksəldiyi Şuşa şəhərini ziyarət edib.

 

ARAYIŞ: Tofiq Qafar oğlu Rzayev 1945-ci il yanvarın 19-da Oğuz rayonunun Yaqublu kəndində dünyaya gəlib. İşğaldan əvvəl Şuşada yerləşən 500 nəfərlik “Qarabağ” batalyonunun komandiri olub. 1992-ci ildə döyüşlər zamanı yaralanb. Daha sonra onunla bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb.

 

29 illik ayrılıqdan sonra Şuşada atasının şəhid olduğu məkanı ziyarət edən Polad Rzayev təəssüratlarını Modern.az-la bölüşüb.

 

- Atanızı neçə yaşında itirmisiniz?

 

- Atam şəhid olanda 2 yaşım olub. Təəssüf ki, iki yaşında uşağın çox xatirəsi olmur. Ancaq bir-iki epizod var, onları xatırlayıram. Atamı hərbi formada xatırlayıram. Döyüşə getməzdən öncə evdə yığıncaq idi. O gün yadımdadır, bir də döyüş yoldaşları ilə rayona gedəndə  məndə orada olmuşam. Dostlarının və döyüş yoldaşlarının danışdıqları o qədər doğmadır ki, sanki həmin anları mən də yaşamışam.

 

 

- Necə oldu ki, Şuşaya - atanızın şəhid olduğu yerə getmək qərarına gəldiniz?

 

- Mənim mənəvi borcum idi. Bir oğul  və döyüşçü kimi gedib, oranı ziyarət etməli idim. Orada tək mənim atam şəhid olmayıb, Azərbaycanın neçə-neçə igidləri şəhid olub. O vaxtlar həmin yerdə vuruşan, şəhid olan döyüşçülərin heç birinin nəşi bizdə deyil.

 

- Atanızın şəhid olduğu yerdə hansı hissləri yaşadınız? Təəssüratlarınızı bilmək istərdik…

 

- Hər şeylə barışmışıq. Çünki haqq yolunda zəfərimizi qazandıq. Axan qanların boş yerə axmadığını həm xalqımıza, həm də bütün dünyaya sübut etdik. Bu qüruru sözlə ifadə etmək mənə çətindir.

 

Qeyd edək ki, kapitan Polad Rzayev 9 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O Vətən müharibəsi zamanı Murovdağ yüksəkliklərinin alınmasından başlamış Qubadlının azadlığı uğrunda gedən döyüşlərə qədər qəhrəmanlıqla vuruşub.

 

XTQ zabiti oktyabrın 19-da Qubadlının Dağutmas kəndində piyada əleyhinə minaya düşərək hər iki ayağını itirib.

 

(Tofiq Oğuz - əfsanəvi "Qarabağ" batalyonunun komandiri)

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv