Modern.az

Bu il Dövlət büdcəsinə Neft Fondunun transfertləri köçürülməyib

Bu il Dövlət büdcəsinə Neft Fondunun transfertləri köçürülməyib

İqtisadiyyat

19 Avqust 2021, 11:37

“Azərbaycan iqtisadiyyatı gerilmə fazasından yeni inkişaf fazasına daxil olub. 2021-ci ilin birinci yarımilində 2,1 faiz artım əldə edilib, vergi-gömrük daxilolamaları artıb. 2020-ci ildəki iqtisadi geriləmə aradan qalxmaqdadır”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Modern.az-a 2021-ci ilin birinci yarısının sosial-iqtisadi göstəricilərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı artıq post-pandemiya mərhələsinə daxil olub və iqtisadiyyatda bərpa proseslərin sürətlənməsi müşahidə edilməkdədir.

“Məlum olduğu kimi ötən il qlobal fəlakətlərin yaşanması, pandemiyanın iqtisadiyyata vurduğu ağır təsirlər və digər mənfi meyillərin yaranması ümumi daxili məhsulun (ÜDM) 4 faiz azalmasına səbəb olmuşdu. Hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar, biznesə və sosial sahələrə göstərdiyi 3 milyard manat həcmində dəstək paketi iqtisadi zərərlərin qarşısının alınmasında və müsbət iqtisadi dinamikanın təmin edilməsində mühüm rol oynamaqdadır. Bunun nəticəsidir ki, 2021-ci ilin birinci yarımilində ölkəmizdə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım baş verib. Yəni, Azərbaycan iqtisadiyyatı artıq gerilmə frazasından yeni inkişaf fazasına daxil olub”.

Deputat qeyd edib ki, xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir:

“ÜDM-in artımında əsas inkişaf sütunları iqtisadiyyatın qeyri- neft-qaz sektoru olub. Bu sahədə 5,1 faiz artım qeydə alınıb və 2,1 faiz iqtisadi artımı da məhz qeyri-neft gəlirləri təmin edib. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı neft sektoru üzərində deyil, qeyri-neftə əsaslanan möhkəm sütun üzərində inkişaf edir”.

A.Hüseynov onu da bildirib ki, qeyri-neft sektorundakı inkişaf meyilləri həm də ölkəmizin maliyyə-büdcə-vergi sahəsində artımların təminatınçısına çevrilib:

“2021-ci ilin ilk 6 ayında büdcə daxilolmalarında mühüm tendensiyanı görmək mümkündür. Altı ay ərzində dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12,6 milyard manata bərabər olub. Büdcədə gəlirlərin əsas böyük hissəsi vergi orqanları tərəfindən təmin olunub. Vergi orqanları dövlət büdcəsinə 4,3 milyard manat vəsait köçürüb ki, bu da proqnoza nisbətən 851,6 mln. manat və ya 24,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3,1 milyard manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Gömrük orqanlarının xəttilə büdcəyə 2,038 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 259,7 mln. manat və ya 14,6 faiz çoxdur. Deməli, birinci yarımildə vergi və gömrük orqanları büdcəyə 1,1 milyard manata yaxın artıq vəsait toplayıb. Bu da qeyri-neft gəlirləri hesabına təmin edilib. Yəni büdcəyə, Neft Fondunun 1 milyard manat həcmində transfertlərinin köçürülməsinə də ehtiyac qalmayıb. Büdcə artıq neft transfertlərinin azalması, birbaşa fiskal yığımların hesabına təmin edilməkdədir”.

Deputatın sözlərinə görə, cari ilin ilk 6 ayında büdcə siyasəti də səmərəli və sosial-iqtisadi inkişafa təkan verən strateji xəttə uyğun yürüdülüb:

“2021-ci ilin bitimci yarımilində dövlət büdcəsinin xərcləri tam şəkildə icra edilib. Büdcədə sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5,1 milyard manat məbləğində icra olunub. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 127 milyon manatdan artıqdır. Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Büdcədə cari xərclərlə yanaşı, əsaslı xərclər artıqlaması ilə yerinə yetirilib, eyni zamanda, dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər artıq icra edilib. Dövlət büdcəsində 2,5 milrad manat profisit yaranıb. Bu o deməkdir ki, ölkəmizdə büdcəyə nəzarət, xərclərin səmərəliliyinin yüksəldilməsi, şəffaflıq daha da güclənməkdədir”.


Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı