Modern.az

Soyqırımının 30 illiyini Xocalıda anacağıq...

Soyqırımının 30 illiyini Xocalıda anacağıq...

19 Avqust 2021, 13:44

“Biz Xocalı soyqrımının 30-cu ildönümünü doğma yurdumuzda, Xocalıda qeyd edəcəyik. Azərbaycanın bir qarış torpağında belə düşmən olmamalıdır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

 

Onun fikrincə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocalı digər ərazilərimiz kimi düşməndən təmizlənəcək və yerli sakinlər tezliklə öz yurdlarına qayıdacaqlar:

 

“Təbii ki, Xocalıya, doğma el-obamıza qayıtmaq hamımızın arzusudur. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu başqa ərazilərimizi düşməndən təmizlədiyi kimi, Xocalını da bizə qaytaracaq. Doğma Xocalımıza qayıdıb, orada yaşamağa davam edəcəyik. Bu, mütləq olacaq. Heç kimin şübhəsi olmasın. Düşməndə çox kiçik bir ərazimiz qalıb, ora da gedəcəyik”.

 

 

 

Deputat Xocalı sakinlərinin öv evlərinə qayıtmağa hazır olduğunu söyləyib:

 

“Azərbaycan əraziləri tamamilə işğalçılardan təmizlənməlidir. Biz bunu gözləyirik və yurd-yuvamıza qayıdışın həsrətindəyik. Xocalı soyqrımının 30 illiyini doğma Xocalıda keçirəcəyik”.

 

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu düşməni darmadağın edərək, bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını alıb və doğma torpaqlarımızı işğaldan azad edib. Azərbaycanlılar 29 ildən sonra ilk dəfə Xocalı soyqırımının ildönümünü qalib xalq olaraq qeyd edib. Bu gün hamılıqla inanırıq ki, hazırda sülhməramlıların nəzarətində olan Xocalı və digər ərazilərimiz tezliklə əsl sahiblərinə qovuşacaq, xocalılar soyqırımın 30-cu ilində şəhidlərin xatirələrini öz yurdlarında anacaqlar.

 

Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!