Modern.az

Milli Qəhrəmanın büstünü hazırlayan qız: “Onun baxışları diqqətimi çəkirdi”

Milli Qəhrəmanın büstünü hazırlayan qız: “Onun baxışları diqqətimi çəkirdi”

19 Avqust 2021, 14:51

Gənc heykəltaraş Leyla Məmmədova Azərbycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin büstünü hazırlayıb. Onun bu addımı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

 

 Aprel şəhidi Murad Mirzəyevin büstünü hazırlayan Leyla Məmmədova Modern.az-ın suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik:

 

 - Necə oldu ki, Milli Qəhrəmanımızın büstünü hazırlamaq qərarına gəldiniz?

 

- Murad Mirzəyev hörmət bəslədiyim hərbçi olub. O şəhid olarkən mən heykəltəraşlıqla məşğul olmamışam, ancaq istəmişəm ki, büstünü hazırlayım. 

 

Murad Mirzəyev savadlı, məsuliyyətli zabit idi. Onun baxışları hər zaman diqqətimi çəkib, hərbinin ağırlığı, çətinliyi onun gözlərində hiss olunurdu. Bu səbəbdən büstünü hazırlamaq istəyirdim, nəhayət, qismət oldu.

 

Şəhid Milli Qəhrəmanın büstünü hazırlamaq mənim üçün fəxrdir. Talışda onun şəhid olduğu yerdə əzəmətli heykəlini ucaltmağı arzulayıram.

 

- Büstün hazırlanmasına nə qədər vaxt sərf etdiniz?

 

- İki həftədir başlamışam. Demək olar ki, büst yekunlaşmaq üzrədir.

 

 

- Bəs, heykəltəraşlıqla neçə vaxtdır məşğul olursunuz?

 

- 4 ildir heykəltəraşlıqla məşğulam. Hazırda Rəssamlıq Akademiyasında təhsil alıram, 25 yaşım var.

 

- Digər şəhidlərimizin də büstünü hazırlamağı düşünürsünüzmü?

 

- Bundan əvvəl iki şəhid büstü hazırlamışam. Daxili Qoşunların hərbçisi Ceyhun Rzayev və Elvin Məmmədovun büstünü ərsəyə gətirmişəm. Vaxtım olduqca istərdim ki, bütün şəhidlərin büstünü hazırlayım. Onların unudulmasını istəmirəm. Küçələrdə, parklarda, məktəblərdə şəhidlərimizin büstləri, heykəlləri olmalıdır. Gələcək nəsillər onları tanımalı və tanıtmalıdır.

 

- Murad Mirzəyevin büstünü ailəsinə bağışlayacaqsınız?

 

- Bəli, ailəsinə təhvil vermək istəyirəm. Ailəsinin necə qarşılayacağını bilmirəm, amma istərdim ki, Murad Mirzəyevin büstü hərbi hissədə olsun. Büstün hazırlanmasına əsgərlərin necə sevindiyini gördüm, buna görə də hərbi hissədə yerləşdirilməsini arzu edirəm.

 

 

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib.

 

 M.Mirzəyev 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...