Modern.az

Ermənistanın erməniləşdirilməsi...

Ermənistanın erməniləşdirilməsi...

Parlament

19 Avqust 2021, 15:38

“Ermənistanda bəzi tarixçilərin son sayıqlamalarının heç bir tarixi və faktoloji əsası yoxdur. Ermənilər regionda aborigen olmadıqları, gəlmə, yad olduqları üçün indi Ermənistan adlandırılan ərazidəki toponimlər də qondarmadır, tarixi, etno-mədəni kökləri yoxdur. Bundan ötrü çox da uzağa getmək lazım deyil. Qafqaz hərbi dairəsinin topoqrafika şöbəsinin 1903-cü il tarixli xəritəsinə baxmaq kifayətdir”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Musa Qasımlı deyib.

 

Onun fikrincə, yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistan rəsmi sovet hakimiyyət orqanlarının qərarları əsasında həyata keçirilib:

 

“Yerli, aborigen əhali olan azərbaycanlıların Ermənistanda olan yaşayış yerlərinin adlarının dəyişdirilməsi aşağıdakı sxem üzrə həyata keçirilib: xaricdən erməniləri gətirib yerləşdiriblər, böhranlı anlarda azərbaycanlıları sıxışdırıb, yaşayış yerlərindən qovaraq həmin məntəqələri ələ keçiriblər, daha sonra rəsmi qərarlarla adları dəyişdiriblər. Digər üsullardan da istifadə olunub. Yaşayış yerlərinin adlarının dəyişdirilməsi Ermənistan rəsmi sovet hakimiyyət orqanlarının qərarları əsasında həyata keçirilib. XX əsrin 30-cu illərinin əvvəllərində bu proses müvəqqəti olaraq dayandırılıb. Lakin 1935-ci il 3 yanvar tarixli fərmanla 29 rayonda azərbagcanlılara məxsus 72 yaşayış məntəqəsinin adı dəyişdirilib”.

 

Deputatın sözlərinə görə, 1930-1939-cu ildə 100-ə, 1940-cı ildə isə 30-a yaxın yaşayış yerinin adı Ermənistan SSR qanunverici orqanının qərarları ilə dəyişdirilib və erməniləşdirilib:

 

“1945-ci ildən sonra da bu proses davam etdirilib.1960-1969-cu illərdə azərbaycanlılara məxsus 70-dək yaşayış yerinin adı dəyişdirilib. Sonuncu belə qərar XX əsrin 90-cı illərində qəbul edilib. 1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən azərbaycanlılara məxsus sonuncu 94 kəndin adı dəyişdirilib və Ermənistan erməniləşdirilib. Ermənilər bu faktları inkar edə bilməzlər, Ermənistanın qanunverici orqanının rəsmi sənədlərinə baxmaları kifayətdir”.

 

Fidan İlqar

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı