Arxiv
20 Avqust 2021, 09:06 | ZƏNGƏZUR
Ermənişünas alim: “Arazdəyən tarixi Azərbaycan torpağıdır”

“Zəngəzurun həm şərq, həm də qərb hissəsi Azərbaycan torpaqlarıdır. Bu ərazilər qanunsuz olaraq Ermənistana verilib”.

 

Bunu Modern.az-a ermənişünas alim Qafar Çaxmaqlı Arazdəyən ərazisinin tarixi haqqında danışarkən deyib.

 

Onun sözlərinə görə, Arazdəyən və Zəngəzur Qarabağ məliklərinin yerləşdiyi ərazilər olub:

 

“Bura tarixi Azərbaycan torpaqlarıdır və ermənilərə heç bir aidiyyatı yoxdur. Ermənilər bu ərazilərə XVIII əsrdə gəlib, müəyyən kəndlər şəklində yerləşiblər. Zəngəzur ümumən Gəncə quberniyasına tabe olub, bundan əvvəl də Gəncə xanlığının ərazisi sayılıb. İndi də həmin ərazinin Azərbaycan türklərinə aid olması haqqında heç bir şək-şübhə yoxdur. 1918-1920-ci illərdə burada qanlı müharibə gedib, erməni komandirlərdən biri olan, daha sonra faşistlərlə əlaqə saxlayan və erməni milli hərbi legionunu quran Qaregin Njde Zəngəzurda çox böyük cinayətlər törədib. O, Azərbaycan kəndlərinin boşaldılmasında böyük rol oynayıb, bundan sonra həmin kəndlərə ermənilər gətirilərək yerləşdirilib. Zəngəzurdakı yer-yurd, kənd adları Azərbaycan türkcəsindədir. Onun etimologiyasına baxsaq, ərazi Azərbaycan türklərinə aiddir. Siyasi situasiya bizim xeyrimizə dəyişdiyinə görə, həmin torpaqlarımızı öz adları ilə tanımalıyıq”.

 

 

Q.Çaxmaqlının sözlərinə görə, Arazdəyən adından da göründüyü kimi Arazın sahilində yerləşən, azərbaycanlıların yaşadığı torpaqlardır. Ermənilər onun adını dəyişib “Yerasx” etmişdilər. İndiki Ermənistan ərazisində yerləşən bütün tarixi toponimlərimiz dəyişib. Bunları öz adı ilə çağırmağın vaxtı çoxdan çatıb:

 

“Prezident də Basarkeçər ifadəsini işlətdi. Bu, Göyçə ərazisinə aid olan yerdir. İndiki Ermənistan ərazisində Vedibasar, Gərnibasar, Zəngibasar və s. yer adları mövcuddur. “Basar” qədim türk toponiminə görə yaşayış yeri deməkdir. İndiki Arazdəyən Vedibasar mahalına aid olan hissədir və orada da Azərbaycan kəndləri yerləşir. Bu kəndlərin adı 1991-ci ildə Ermənistan prezidenti Ter-Petrosyanın fərmanı ilə dəyişdirilib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv