Arxiv
20 Avqust 2021, 10:11 | ZƏNGƏZUR
Zəngəzur, Dərələyəz, Göyçə əraziləri və Arazdəyən ermənilərdən boşaldılmalıdır! 

“Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri tariximizin növbəti şərəfli səhifəsidir. Müzəffər Ali Baş Komandan bu səfər zamanı yenə də çox mühüm quruculuq layihələrinin əsasını qoydu. Bundan əlavə, həm Azərbaycan cəmiyyətinə, həm ermənilərə, həm də onların havadarlarına bir çox vacib mesajlar verdi”.

 

Bunu Modern.az-a Qərbi Azərbaycan İcması və Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, deputat Əziz Ələkbərli deyib.

 

O  xatırladıb ki, Prezident birbaşa Ermənistan sərhədinə gedərək, Zod və Ömər aşırımının qarşısında dayanıb, əlini Göyçə mahalına doğru uzatdı və “o torpaqlar bizim dədə-baba torpaqlarımızdır” dedi. Bildirdi ki, bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, həm də Göyçə mahalından, başqa ərazilərimizdən zorla qovulublar və onların öz dədə-baba torpaqlarında yaşamağa haqqı var.

 

“Cənab prezidentin bu sözləri təsadüfi xarakter daşımır, ardıcıl siyasətin nəticəsidir. Onun dediyi kimi, 13 il bundan əvvəl də həmin fikri səsləndirmişdi. Mən xatırlatmaq istəyirəm, düz 13 il əvvəl – 2007-ci ildə Ağdama səfəri zamanı, olimpiya idman kompleksinin açılışında həmin fikri İrəvan şəhəri haqqında demişdi və o çıxışdan sonra tarixçilərimiz 1918-ci ildə İrəvan şəhərinin ermənilərə verilməsi barədə tarixi həqiqətləri əks etdirən bir çox sənədləri ortaya çıxardılar.

 

Prezident Kəlbəcərə və Laçına səfəri zamanı ermənilərə, onların havadarlarına mesajında dedi ki, biz bu gün öz torpaqlarıımızda dayanmışıq, sabah da harada lazım bilsək, orada dayanacağıq. Cənab Prezidentin Kəlbəcər və Laçına səfərində səsləndirdiyi fikirlər, Ermənistana və dünya erməniliyinə mənəvi-psixoloji zərbədir. Əslində, Cənab Prezident son 100 ildə, xüsusilə Qarabağ müharibəsinin ilk mərhələsində – 1988-1991-ci illərdə Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisindəki dədə-baba yurdlarından vəhşicəsinə qovulmuş soydaşlarımızın haqqını bir daha dilə gətirdi.

 

Hamı bilir ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra 30 ildə törətdikləri bütün vəhşiliklərə rəğmən, biz ermənilərə yenə də Qarabağda qalıb, Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlarla yaşamaq şansı verdik, halbuki heç bir millət bunu eləməzdi, amma ermənilər yenə düşmənçilik xətti tutdular, silahlanmağa başladılar, yeni müharibə çağırışları etdilər, hər gün atəşkəsi pozdular. Belə olan halda, təbii ki, bunun nəticəsinə də qatlaşmalı olacaqlar. Bu dəfə artıq şərtlər dəyişir və masa üzərinə Qarabağ müharibəsinin ilkin mərhələsində – 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qəddarcasına qovulan soydaşlarımızın doğma yurdlarına qayıtması üçün Zəngəzur, Dərələyəz, Göyçə əraziləri və Vedibasar mahalının Arazdəyən kəndinin ermənilərdən boşaldılması, 300 min Qərbi Azərbaycandan qovulan qaçqınlarımıza Ermənistan dövlətinin 32 ildə vurduğu maddi və mənəvi ziyanın ödənilməsi məsələsi qoyulur”.

 

 

Deputatın fikrincə, Kəlbəcər və Laçına səfəri zamanı Prezidentin verdiyi əsas mesajlardan biri də bizim media-informasiya nümayəndələrinə, müvafiq qurumlara oldu:

 

“Prezident tarixi toponimlərimizin erməniləşdirilməsi ilə bağlı konkret faktlar və rəqəmlər ortaya qoydu, “Vardenis yox, Basarkeçər deyin, Yerasx yox, Arazdəyən deyin”, - deyə bildirdi. Əslində bu, saxta erməni tarixçiliyini darmadağın etmək üçün irəli atılmış çox mühüm bir addımdır. Bu, Qərbi Azərbaycan torpaqlarına – Dərələyəzə, Dərəçiçəyə, Vedibasara, Gərnibasara, Zəngibasara, İrəvana, Loruya, Pəmbəyə, Ağbabaya, Şörəyelə, Qırxbulağa və digər tarixi mahallarımıza qayıdışın təməlidir və heç kəs şübhə etməsin ki, o gün yaxındadır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv