Modern.az

Daha bir deputatla bağlı qalmaqallı İDDİA: İntizam Komissiyası işə baxacaq?

Daha bir deputatla bağlı qalmaqallı İDDİA: İntizam Komissiyası işə baxacaq?

20 Avqust 2021, 17:43

Milli Məclisin daha bir deputatı barədə qalmaqallı məlumatlar yayılıb.

 

Yerli KİV-də tirajlanan iddialara əsasən, 46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifov böyük biznes fəaliyyəti ilə məşğuldur. Qanunazidd addım kimi qiymətləndirilən bu fakt sosial mediada geniş müzakirə predmetinə çevrilib.

 

Qeyd olunur ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə əsasən, Milli Məclisin üzvü elmi-pedaqoji və yaradıcılıq istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Bunu əsas gətirən bir çox insanlar onun deputat mandatından məhrum edilməli olduğunu hesab edirlər.

 

Sözügedən məlumatın dəqiq olub-olmadığını öyrənmək üçün deputat İltizam Yusifovun özü ilə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmayıb.

 

Mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin İntizam Komissiyasından münasibət öyrəndik.

 

Komissiyanın sədr müavini, deputat Fəzail Ağamalı Modern.az-a açıqlamasında Milli Məclisə bu barədə müraciət daxil olmadığını deyib.

 

“Sosial şəbəkə istifadəçiləri istədikləri məlumatı yayırlar. Bu və ya digər məlumatların həqiqətə uyğun olub-olmadığı haqqında araşdırma aparılmalıdır. Araşdırma əsasında Milli Məclisə müraciət edilməlidir. Bundan sonra İntizam Komissiyası nəsə edə bilər. Rəsmi qurumların bizə müraciətindən sonra biz məsələyə baxırıq. Yoxsa, kimin kimdən xoşu gəlmirsə, haqqında nəsə deyirsə, biz onu müzakirə edə bilmərik. İntizam komissiyası istintaq orqanı deyil”.

 

F.Ağamalı xatırladıb ki, deputatlığa namizədliyini irəli sürən şəxslər gəlirləri və büdcələri haqqında Milli Məclisə rəsmi məlumat verir:

 

“Namizədin biznesi, gəlirləri haqqında məlumatlar gizlədilərsə, onun namizədliyi ləğv edilir. Milli Məclisin deputatı seçildikdən sonra artıq bizneslə məşğul olmursa, ittiham obyektinə çevirməli deyilik. Elə deputatlar var ki, bizneslə məşğul olublar, amma indi rəsmi şəkildə təmsil olunmurlar. Biznesini övladına, qohumuna, yaxınına təhvil verib. Bu zaman deputatı ittiham etmək doğru deyil”.

 

Xatırladaq ki, bundan əvvəl deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi böyük qalmaqala səbəb olmuşdu. Deputat toxunulmazlığı ləğv edilən E.Səlimov hazırda Bakı İstintaq Təcridxanasında cəza çəkir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər