Modern.az

Sumqayıtlı kimyaçı, fəxri neftçi - 98 yaşlı Yuri Yermakov kimdir?

Sumqayıtlı kimyaçı, fəxri neftçi - 98 yaşlı Yuri Yermakov kimdir?

Mədəni̇yyət

21 Avqust 2021, 09:05

Azərbaycan kimya sənayesinin patriarxı Yuri Vladimiroviç həm də II Dünya müharibəsi veteranı, SSRİ ixtiraçısı, fərdi Prezident təqaüdçüsüdür. 


O, 1923-cü ildə Bakıda dünyaya gəlib. Babaları ömür boyu neftçi olublar. Ata-anası da neft sənayesində, lakin mühasib kimi çalışıblar. Onların evləri indiki Kukla Teatrına, dənizə yaxın olduğundan kiçik Yura ağlı kəsəndən dənizkənarı parkda dostları ilə futbol oynayır, vurğunu olduğu Xəzərdən ayrıla bilmirdi. Müxtəlif idman növləri ilə yanaşı, özündən böyüklərə qoşulub, üzgüçülüklə, yelkənli qayıq idmanı ilə də məşğul olurdu. Bakını, Xəzəri bütün varlığı ilə sevən Yura bir bakılı balası kimi hər şeyə maraq göstərirdi. Bir dəfə parkdakı qoca saatsazın gözünə böyük bir linza taxaraq, müxtəlif cür saatları “qurtdaladığını” görüb, onun işinə diqqətlə tamaşa edir. Kişiylə dostlaşıb, ona bacardığı qədər kömək etməyə çalışır  və tezliklə onun işinin incəliklərini öyrənərək, etibarını qazanır, bəzi saatları təmir etməyə də nail olur. Çox keçmədən o da gələcək həyatında mühüm rol oynayacaq bu sənətə yiyələnərək, saatsaz kimi tanınmağa başlayır və “5 dekabr” artelində işə düzəlib ailəsinə kömək etməyə çalışır.


Hitler ordusunun SSRİ-yə qəfil hücumu onu sevimli işindən ayrılmağa məcbur edir. 18 yaşı tamam olmasa da dəfələrlə ordu sıralarına yazılmaq istəyir, lakin ona “get, yaşın çatanda gələrsən” deyirlər. Yaşı çatanda isə “qırıcı təyyarəçi” olmaq həvəsi ilə hərbi komissarlığa yollananda, onun nəinki təyyarəçiliyə, heç “adicə” əsgərliyə də qətiyyən yaramadığı məlum olur. Sən demə, Yuranın sol gözü heç 10 faiz də görmürmüş və o, bunu 18 yaşına kimi ən yaxın dostlarından belə gizlədirmiş.


Bir neçə gündən sonra Jora adlı dostu ilə birgə yenidən hərbi komissarlığa gəlir ki, bəlkə bu dəfə komissiyada başqa göz həkimi olar və o, Yuranın “mayıf” gözünə o qədər də diqqət etməz. Lakin Yuranın bu cəhdi də boşa çıxır. Deyirlər ki, “get, əsgərliyə yaramırsan”. Əksər həmyaşıdları döyüşə yollanan, “neqodnı” sözünü özünə təhqir hesab edən Yura hər gün hərbi komissarlığın qabağını kəsir ki, onu da əsgər aparsınlar. Və bir gün bəxti üzünə gülür. Onun çox höcət, prinsipial olduğunu görən bir zabit soruşur ki, “səni hava-desant polkuna göndərsək, gedərsənmi?”. Yura əvvəlcə qulaqlarına inanmır. Lakin dərhal da sevinclə arzusunda olduğu hərbi hissəyə getməyə şad olduğunu bildirir. Və onu Sovet Ordusunun 2-ci Hərbi Hava-desant briqadasının 80-ci qvardiya atıcı polkunun desant qrupunun tərkibində döyüşə göndərirlər. Bir dəfə - 1942-ci ilin avqustunda həmin desant qrupu ilə düşmənə qarşı hücuma keçərkən yanında mina partlayır və o, ağır yaralanır. Qospitalda bir aydan çox müalicə alıb sağaldıqdan sonra Krım cəbhəsində, Krasnodar, Sevastopol və Novorossiysk istiqamətlərində döyüşlərdə iştirak etməli olur.



Müharibə zamanı hərbi aerodromda xidmət göstərərək, bombardmançı təyyarələrn düşmənin başına odlar ələnməsində iştirak edir. 1943-cü ildə isə onu saatsaz – dəqiq mexanizm ustası kimi döyüşlərdə sıradan çıxmış, açıq dəmiryol platformalarında göndərilən qırıcı və bombardmançı təyyarələrin təmir edildiyi hərbi aerodroma - dogma Bakıda, Zabratda yerləşən hərbi hissəyə təyin edirlər. Və hərbi aviatexnikanın dəqiq hissə və mexanizmlərinin keyfiyyətlə, etibarlı təmirində yalnız bir gözü ilə işləyən gənc Yuranın böyük xidmətləri olur. Adətən, öz təmir olunmuş təyyarələrini götürmək üçün Bakıya gələn hərbi təyyarəçilər “şahin”lərinin təmirdən sonrakı vəziyyətini yoxlamaq üçün havaya qalxaraq, hər şeyin yaxşı olduğuna arxayın olduqdan sonra şəhər üzərində müxtəlif manevrlər-tryuklar edir, bununla sanki aviatəmirçilərə öz minnətdarlıqlarını bildirirdilər. Bir dəfə ikiqat Sovet İttifaqı Qəhrəmanı, səma döyüşlərinin “avia-pələngi”, xeyli sayda düşmən “messerşmiti”ni məhv etmiş 26 yaşlı Dmitri Qlinka öz qırıcısı ilə Bakı üzərinə qalxaraq, cövlan edəndə Yura həsədlə ona baxıb, öz-özünə düşünmüşdü: “Mənim də sol gözüm sağ-salamat olsaydı, mən də düşmənin başına od yağdırar, hələ Sovet İttifaqı Qəhrəmanı da ola bilərdim…”.


Müharibə qurtaranda cəmi 22 yaşı olan döyüşçü Yuri Yermakov evlərinə döşündəki I dərəcəli “Vətən müharibəsi”, “Qırmızı bayraq” döyüş ordenləri və medalları ilə qayıdır.


Faşizm üzərində Böyük Qələbədə özünün də payı olduğundan mənəvi rahatlıq tapan Yura yenidən dinc həyata qayıdır və əvvəlki “5 dekabr” artelindəki işinə bərpa olunur. 1952-ci ilə kimi orda çalışan keçmiş döyüşçü öz keyfiyyətli işi ilə hamının rəğbətini qazanır. Lakin bir gün dostu Jora onu “yoldan çıxartmağa” çalışaraq, özünün bir-neçə ay əvvəl işə düzəldiyi, istehsalat korpusları yenicə tikilməkdə olan, ilk məhsul buraxılışına hazırlaşan Sumqayıt Sintetik Kauçuk zavodunda işləməyi təklif edir:


- Yura, orda sənin kimi dəqiq mexanizm ustasına böyük ehtiyac var, əl-əl axtarırlar. Mən rəhbərliyə sənin haqqında danışmışam. Dedilər ki, sabahdan gəlsin, götürək işə.


O, dostuna razlığını bildirsə də, təklifinə etiraz etməli olur: “Mən paytaxtı, gül kimi Bakını, öz gözəl, rahat işimi qoyub, hər gün 25-30 km yol gedib, hələ yeni tikilmədə olan  Sumqayıtda işləməliyəm? Yox, mən dogma Bakıdan heç yana gedən deyiləm”.



Jora nə qədər təkid etsə də, zavodda yüksək maaş və qısa bir vaxtda ona mənzil veriləcəyini desə də, Yura razılaşmır. O, ertəsi günü bu barədə “qızıl əlləri” səbrsizliklə gözləyən baş mühəndisə məyusluqla danışır. Bacarıqlı bir mütəxəssisi əldən buraxmaq istəməyən baş mühəndis Sumqayıtdan Bakıya getməli olur və çox danışqlardan, vədlərdən sonra “tərsməssəb” (“tərz məzhəb”) Yuranı nəhayət ki, razı sala bilır. Əlavə edərək, onu da deyir ki, “əgər iş xoşuna gəlməzsə, sənə maraqsız görünərsə, yenə də imtina edə bilərsən”. Ancaq o, səhərisi günü ilk dəfə olaraq Sumqayıta gələndə ordakı geniş quruculuq işlərini, tikinti meydançalarının “qaynayıb-coşduğunu” görərək, həvəslənir. Və onun üçün ən əsası o idi ki, ona çox məsul və sevdiyi bir iş – avtomatik cihaz və mexanizmlərin quraşdırılıb-sazlanması tapşırılmışdı. Böyük bir həvəslə işə başlayan Yura iki-üç aydan sonra bir-neçə texnoloji xəttin işə salınmasında mühüm rol oynaya bilmişdi. Məhz onun bilik və bacarığı sayəsində bir-çox yeni qurğu və mexanizmlər vaxtından əvvəl, həm də uğurla işə salınmışdı. Bu işdə onun bu və ya digər sahədə tətbiq etdiyi mühüm səmərələşdirmə təkliflərinin də xüsusi əhəmiyyəti olmuşdu.  Onun istedad və bacarığını, işə can yandırmasını görən zavod direktoru 4 aydan sonra müavininə tapşırmışdı ki, Yuraya təzə tikilən evləri göstərin, hansı mənzilə, hansı mərtəbəyə barmağını uzatsa, gecikmədən orderini yazıb verin. Və artıq iki gün sonra Yura öz gənc ailəsi ilə şəhərin mərkəzində, dəniz kənarına yaxın bir yerdəki – 2-ci məhəllədəki ikiotaqlı mənzilinə köçür. Beləliklə “köklü-köməcli”, neçə nəsilcə bakılı olan Yura Yermakov çox keçmədən sumqayıtlı olur. Və o, artıq 70 ilə yaxındır ki, bakılı olması ilə yanaşı, sumqayıtlı olması, onun ilk quruculuğunda iştirak etməsilə də haqlı olaraq fəxr edir, öyünür.     


Cəmi 7 illik təhsili olmasına baxmayaraq, zavod rəhbərliyi çilingər kimi işə götürdüyü Yuranın dərəcəsini tez-tez artırır, yaxşı maaş verirdi. Çox keçmədən isə o, mexaniki sexin ustası, bir il sonra mexanik, növbəti ildə isə dəqiq mexanika şöbəsinin rəisi təyin edilir. Və təbii ki, bu, ali təhsilli mütəxəssislərin incikliyinə səbəb olur, qısqanclıq yaradırdı. Bunu açıq-aydın hiss edən, texniki təhsilini artırmağa çalışan Yuri Yermakov 1961-ci ildə Gertsen adına Moskva Elmi-tədqiqat İnstitutu nəzdindəki nəzarət-ölçü cihazları üzrə xüsusi kursları bitirərək, dogma zavodda elm və texnikanın son nailiyyətlərinin tətbiq edilməsində daha fəal və səmərə ilə iştirak edir. Və onun rəhbərlik etdiyi nəzarət-ölçü cihazları sexi həmişə buraxılış obyektlərinin stabil işinin təmin olunmasında mühüm rol oynayır. Hətta bir müddət Rusiyanın analoji müəssisəsi olan Kuybışev Sintetik Kauçuk zavodu “vunderkind” mütəxəssis olan Yuri Yermakovun sorağını alıb, onu köməyə çağırmalı olmuşdu. İstehsalatın fəaliyyətindəki çatışmazlıqların aradan qaldırılmasında müstəsna xidmətinə görə o, minnətdarlıq əlaməti olaraq Kuybışev zavodunun fəxri üzvü seçilmişdi. Sumqayıtın digər kimya müəssisələri də çətinliyə düşəndə hər dəfə məhz ona müraciət edirdi. Bilirdilər ki, Y.Yermakov hansı işə qol qoydusa, orda problem dərhal aradan qalxacaq.


Təsadüfi deyil ki, 30 il Sumqayıt Sintetik Kauçuk zavodunda işlədikdən sonra təqaüdə çıxanda da ona rahatlıq verilmirdi. Hətta o vaxtkı Ümumittifaq əhəmiyyətli, yüzlərlə alimin çalışdığı “Neftkimyaavtomat” Elmi-tədqiqat İnstitutu da onu bəzi xüsusi dəqiqlik tələb edən mexanizmlərin yaradılması işinə cəlb etmiş, iki il müddətində Yuranın zəngin bilik və bacarığından istifadə etməli olmuşdu.  



İstehsalata tətbiq edilmiş xeyli səmərələşdirmə təkliflərinin və SSRİ-nin nəinki kimya, hətta bütün sənayesində uğurla istifadə edilmiş yeni elektrik qaynağı elementi ilə bağlı ixtirasına görə Yuri Yermakov 1974-cü ildə “SSRİ-nin ixtira və səmərələşdirmə əlaçısı”, üç il sonra isə “Azərbaycanın Əməkdar səmərələşdiricisi” fəxri adlarına layiq görülmüşdü. O, həmçinin “Qırmızı Əmək Bayrağı” ordeni və “Şərəfli əməyə görə” medalı ilə təltif edilmişdir.


2014-cü ildə ARDNŞ - “Azərikimya” rəhbərliyi tərəfindən fərdi Prezident təqaüdünə təqdim edilərək, ona layiq görülmüş qocaman kimyaçı Yuri Vladimiroviç Yermakov həm də haqlı olaraq Azərbaycanın Fəxri neftçisidir.


Avqustun 23-də dogma Azərbaycanı bütün varlığı ilə sevən, onun tərəqqisi üçün əzmlə, fədakarlıqla çalışmış vətənpərvər, zəhmətkeş insan Yuri Vladimiroviçin ad günüdür – 98 yaşı tamam olur. Onu kimyaçılar, neftçilər və bütün sumqayıtlılar adından ürəkdən təbrik edirik!

 


Rəhman ORXAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər