Modern.az

Kəlbəcərə köç edən çobanların yaylaq həyatı - REPORTAJ

Kəlbəcərə köç edən çobanların yaylaq həyatı - REPORTAJ

21 Avqust 2021, 14:28

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları hələ sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb.

 

Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqları bitki örtüyü ilə zəngindir.

 

Ermənilər işğal dövründə Kəlbəcərin yaşayış yerlərini yerlə-yeksan etdikləri kimi, təbii sərvətlərini də talayıblar. Lakin 27 ildən sonra düşmən işğalından azad olunan Kəlbəcər artıq əsl sahiblərinə qovuşub, vətən həsrəti sona çatıb.

 

 

 

Əzəli torpaqlarımızın azad edilməsindən cəmi bir neçə ay sonra Qarabağa ilk köç baş tutdu. Qoyunçuluq və arıçılıq təsərrüfatlarının Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsilə qayıdışın təməli qoyuldu, azad olunmuş ərazilərdə həyat yenidən canlanmağa başladı...

 

Uzun illərdən sonra Kəlbəcər sakinləri öz yurdlarına döndülər. Onlar öz təsərrüfatlarını doğma yaylaqlara apararaq, həm Qarabağa qovuşmanın sevincini yaşayır, həm də işlərinə qaldıqları yerdən davam edirlər.

 

 

Məlumat üçün bildirək ki, pilot layihə çərçivəsində bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi nəzərdə tutulub.

 

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub.

 

Öz təsərrüfatlarını Kəlbəcər yaylağına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

 

 

Modern.az Kəlbəcərə köç edən soydaşlarımızla əlaqə saxlayaraq, onların fəaliyyəti və hazırki durumu ilə maraqlanıb.

 

Kəlbəcərin hər qarışı cənnətdir...

 

Qoyun sürüsünü Kəlbəcər yaylaqlarına aparan Pərvin Bayramov özünü doğma torpaqlarımızda xoşbəxt hiss etdiyini söyləyib. İlk günlərdə hava şəraiti ilə əlaqədar çətinlik çəkdiyini deyən Pərvin işlərinin qaydasında olduğunu bildirib:

 

“Əvvəllər olduğu kimi biz yenə Daşkəsənə getməli idik, ancaq təsərrüfatın Kəlbəcərə köçürülə biləcəyini eşidəndə dərhal bura gəlmək qərarı verdik. Kəlbəcərin hər qarışı cənnətdir, havası gözəldir. Biz neçə illər doğma torpaqlarımızın həsrətini çəkmişik. İndi şükürlər olsun ki, Qarabağımız azaddır, biz öz yurdumuzda təsərrüfatla məşğul oluruq. Bu xoşbəxt anı bizə yaşadanlara minnətdarıq”.

 

 

Gənc çobanın sözlərinə görə, Kəlbəcərə bir gələn, bir də burdan getmək istəmir:

 

“May ayının sonundan buradayıq. İşlərimiz gözləniləndən də yaxşı gedir. Doğrudur, burada hava şəraiti ilə əlaqədar bəzi çətinliklər yaşadıq. Amma adam buradan getmək istəmir. İşlərimiz yaxşıdır, heç bir təhlükəli vəziyyətlə üzləşməmişik. Təəssüflər olsun ki, yaylaq dövrü bitdikdən sonra Arana qayıtmalı olacağıq. Burada lazımı şərait qurulandan sonra yenidən qayıdıb, işlərimizə davam edəcəyik. Şəraitimiz olsa, geri qayıtmaq istəmərəm”.

 

 

Buranın təbiəti insanı valeh edir...

 

Kəlbəcər yaylaqlarına köç edən növbəti həmsöhbətimiz Elşad İsgəndərovdur. O bildirib ki, kənardan təhlükəli görünsə də, Kəlbəcərdə özünü rahat və xoşbəxt hiss edir:

 

“Mal-qaranı Kəlbəcərə gətirəcəyimizi heç düşünməmişdik, bizim üçün gözlənilməz oldu. Özüm burada doğulmasam da, Kəlbəcər ata-baba yurdumdur, buralar mənim üçün doğmadır, əzizdir. İki aydan artıqdır ki, Kəlbəcər yaylaqlarındayıq. Hər hansı təhlükə ilə qarşılaşmamışıq. Hələlik işlər qaydasındadır. Yaylaq dövrü bitəndən sonra qayıtmağı düşünürük. Çünki burada yaşamaq üçün ev, qışda heyvanların saxlanılması üçün tövləmiz yoxdur.  Buralar abadlaşandan sonra gəlib həmişəlik qalacağıq. Təsərrüfatın inkişaf etməsi üçün çox əlverişli yerdir, Kəlbəcərin təbiəti insanı valeh edir. Hər tərəfi gözəldir. Bundan sonra biz Qarabağ torpaqlarında əbədi yaşayacağıq”.

 

 

Qeyd edək ki, pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın Kəlbəcər yaylaqlarına köçünü təmin etməkdir.

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir