Modern.az

Mən gəldim, sevgili ağac!

Mən gəldim, sevgili ağac!

Ədəbi̇yyat

23 Avqust 2021, 09:24

Nüşabə Hüseynli

 

Bu yazını Aprel döyüşlərindən sonra, Cocuq Mərcanlıdan qayıtdıqan sonra yazmışdım. Səfərimizdən dəyərli həmkarım Ramilə Qurbanlı təsirli reportaj hazırlamışdı. Hər birimizin halını həssaslıqla duymuşdu. Mənim haqqımda “Nüşabə Hüseynli də mənim kimidir, sakit, amma içindəki qovğanın ağuşunda” yazmışdı. Halımı o qədər dəqiq ifadə etmişdi ki… İçimdə həqiqətən də qovğa vardı. O vaxt gördüyüm yanmış, qurumuş, amma sanki taleyinin acığına yenidən tumurcuqlamış ağaclar məni çox təsirləndirmişdi. O anlarda uşaqlıq illərimə qayıtmışdım. Küncə qoyulmuş uşaq kimi yerimdə donub qalmışdım. Uşaq vaxtı bəlkə də min dəfələrlə başına dolandığım ağacın qınağı çox ağır gəlmişdi mənə…

 

– Yadındadır, mənim gözəlliyim, qollu-budaqlı olmağım, ətrafımda olanların başının üzərinə çətir kimi açılıb onları payızda yağışdan, yayda günəşdən qorumağım sənin çox xoşuna gələrdi. Mənə qibtə edərdin, bilirəm, qibtə edərdin. Çox sevirdin yaşıl rəngi, elə indi də ən çox sevdiyin rəngdir. Amma öz aramızdır, geyimlərin arasında heç yaşılını görmədim o vaxtlı-bu vaxtlı. Bu illərdən sonra gəlmisən, amma indi də heç yaşılda deyilsən... İşə bax, mən də daha yaşıl deyiləm...

 

Çox sevərdin budaqlarıma dırmaşmağı. Ordan dırmaşa bilməyənlərə acıq verməyi. Özünü gövdəmə elə sıxardın ki, mən də fərəhlənərdim. Yarpağımdan tutmuş köklərimə qədər gövdəmin hər qarışında hiss edərdim ki, mənə güvənirsən, mən də budaqlarımla, pöhrələrimlə sənə toxunar, zərif dərini cızmadan qolunu, ayağını sığallayardım. Nə gizlədim, hərdən özüm qəsdən paltarından yapışar, üzünə-gözünə sürtünərdim. Bilirsən niyə... Əlbəttə, bilirsən...

 

...mən də səni sevirdim axı.  Hə, sən məni sevdiyin qədər mən də səni sevirdim. Sən mənə görə ağac olmaq istəyirdin, bilirəm. Bunu özüm eşitmişəm, boynundan atma. Özünün bəlkə də yadından çıxıb, amma  mən hər kəlməni xatırlayıram. Mənə söykənmişdin. Elə isti idin ki... elə doğma idin ki... Onda dedin ki, bir də doğulsaydın, bu dünyaya ağac kimi gəlmək istərdin. Həmin an məndən xoşbəxti yox idi. Bu, sevgi etirafı idi...  

 


Necə xobəxt olmayaydım ki... Axı mən də insan olmaq istəyirdim... sənə görə... Hə. Bax belə. Sən mənə görə ağac olmaq istəyirdin, mən də sənə görə insan. Bu istək məni elə yandırırdı ki, dibimə tökülən su belə ürəyimin yanğısını soyutmurdu. Hamınız mənim üçün əzizdiz, amma səni sevirdim...  Bilmirəm hiss etmişdin, ya yox, sən gələn kimi budaqlarımı dikəldərdim. Səni görəndə bütün gövdəm titrəyərdi...

 

Amma sonra yoxa çıxdın. Heç gəlmədin. Gözüm yolda qaldı... Unutmuşdun məni? Unutmuşdun. Mənsə səni heç unutmadım...  İnanmazsan, indi də görən kimi tanıdım... Necə də dəyişmisən...

 

Bir yay  ən isti avqust günlərinin birində hamı birdən yoxa çıxdı.  Tələm-tələsik harasa getdilər... Birdəfəlik getdilər... Tanımadığım adamlar gəldi. Hər şeyi dağıtdılar, ətrafda nə vardısa, hamısını sındırdılar, daşıdılar. Bizə də od vurdular. Mən də yandım...  bilsən necə yandım...

 

Amma sınmadım, yıxılmadım... Birdən gələrsən, məni görməzsən deyə... Küləyə, yağışa, qara, istiyə dözdüm... bir damcı suya təşnə qaldım, amma boyun əymədim.... Məni ayaqda saxlayan sən oldun... Bilirdim gələcəksən...

 

Aradan 23 il keçib... Gəlmisən... Gəldin tapdın məni... Tumarla məni... toxun mənə... Yox-yox, söykənmə... Mən daha əvvəlki deyiləm, saxlaya bilmərəm, yıxılarsan... Necəsən? Darıxmışdın mənim üçün?  Bilsən sənin yolunu necə gözləyirdim...   Niyə dinmirsən? Bir kəlmə de. Səsini eşitmək istəyirəm. Daha yaşıl deyiləm, illərin həsrəti məni qaraldıb... Amma sən yaşılı sev yenə...

 

Düzünü de, hələ də ağac olmaq istəyirsən? Sən ağlayırsan... Niyə ağlayırsan?  Mənə yazığın gəlir? Hə... Kaş mən də ağlaya biləydim, bəlkə ürəyim boşalardı. Heyif,  qurumuşam, ağlaya bilmirəm... Bircə ricam var səndən... mənə su ver... lap keçmişlərdəki kimi... Bax belə...

 

Biirəm, gedirsən, deməyinə ehtiyac yoxdur, sıxılma, özüm hiss edirəm... Əlbəttə, başa düşürəm... Getməlisən... Necə? Söz vermirəm...  Amma çalışacağam... Get... Gözləyəcəyəm yolunu... Yazdır... Bir də gördün sən gələnə yaşıllandım... Sən amma gəl, mütləq gəl! 

(2016, aprel)

 

Mən gəldim, sevgili ağacım!

2021, 23 avqust

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi