Modern.az

İkinci övladını görməyən şəhidin SON ARZULARI - FOTOLAR

İkinci övladını görməyən şəhidin SON ARZULARI - FOTOLAR

23 Avqust 2021, 10:14

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

 

Şəhidlərimiz arasında dünyaya gələcək övladını görməyənlər var idi. Doğulacaq sonbeşiyini görmədən bu dünyadan köçən qəhrəmanlarımızdan biri də Həsənov Həsən Rəhim oğludur.

 

ARAYIŞ: Həsən Həsənov 1990-cı ilin 1 oktyabr tarixində Şirvan şəhərində anadan olub. Şirvan şəhər 2 saylı tam orta məktəbini bitirib. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi (MAXE) xidmətə başlayıb.  Ötən ilin payızında Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 

 

İkinci övladının olmasını arzulayan Vətən Müharibəsi şəhidi...

 

 

Şəhidin həyat yoldaşı Qəriyyə Həsənova qəhrəmanımız haqqında Modern.az-a danışıb:

 

“Həyat yoldaşım 2017-ci ildən Abşeronda yerləşən N saylı hərbi hissədə MAXE kimi xidmətə başlayıb. İkinci Qarabağ müharibəsi başlayan gün cəhbəyə yollanıb. Özü rabitəçi olsa da, döyüşün qızğın nöqtələrində vuruşub. Şəhid və yaralıları döyüş bölgəsindən çıxarıb. Oktyabrın 2-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayperlə vurularaq şəhid olub. Oktyabrın 3-də Şirvan şəhər Şəhidlər xiyabanında dəfn olunub. Vəfatından sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub".

 

 

 Qəriyyə xanımın sözlərinə görə, Həsən hər zaman “mənim övladlarım dünyagörüşlü” olmalıdır deyərmiş:

 

“Həsənlə təsadüf nəticəsində tanış olmuşduq. Allahın qisməti idi, biz ilk görüşdə bir-birimizi sevib bağlanmışdıq. İkinci oğlumuzun olacağını bilirdi. Həmişə arzu edirdi ki, ikinci övladımız olsun. Müharibə haqqında mənə heç nə demirdi ki, birdən övladımıza, mənə nəsə olar. Oğlumuza Camal adını seçmişdi. Mən arzusunu gerçək etdim, öz adını da əlavə edərək HəsənCamal adını verdim. Özü çətinliklər çəkdiyi üçün istəmirdi övladları əziyyət görsün. Övladlarının təhsil almasını istəyirdi. Böyük oğlumuzu üzgüçülüyə və başqa kurslara aparmaq istəyirdi. Deyirdi ki, “mənim övladlarım dünyagörüşlü olmalıdır”. Həsən kimi yoldaşım olduğu üçün özümü çox şanslı hiss edirəm. Hər zaman ondan fəxrlə və qürurla danışacağam”.

 

 

 Humay İsgəndərova

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi