Arxiv
25 Avqust 2021, 15:15 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: Məşədi İbadı aldadan Həsənqulu bəy - İş otağında keçinən Əməkdar artist

Yəqin ki, “Bəxtiyar” filminə baxanlar bu məşhur səhnəni yaxşı xatırlayırlar: Müharibə veteranı Rza İsmayılov qapını döyüb içəri girir, "Kirpi" jurnalını klub müdiri Ağabalaya təqdim edib Bəxtiyarı özü ilə aparır.

Filmdə Rza İsmayılov müharibə iştirakçısı, ziyalı rolunda çıxış edir. İlk dəfə filmdə biz onu hospitalda yaralı halda görürük. Müharibənin ağır günləridir. O da vuruşmada ağır yaralanıb və hospitala gətirilib. Burada Bəxtiyarın məlahətli səsini eşidir və ona yaxınlaşıb atasıyla birgə vuruşduğunu deyir.
Filmdə bu obraz iki dəfə görünür: filmin əvvəlində, bir də filmin sonuna doğru hadisələr kuliminasiya nöqtəsinə çatan məqamda. Bəxtiyar növbəti konsertini vermək üçün tamaşaçılar qarşısına çıxır və həmişə olduğu kimi oxumağa başlayır. Təsadüfən onu dinləməyə gələn Rza İsmayılov da orada olur. Lakin qəflətən Bəxtiyarın səsi tutulur və səhnəni tərk edir. Səhnə arxasında hər şeyin iç üzü açıldıqdan sonra Rza İsmayılov qapını döyüb içəri girir. "Kirpi" jurnalını klub müdiri Ağabalaya təqdim edib Bəxtiyarı özü ilə aparır.

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə Azərbaycanın ilk peşəkar kino aktyorlarındanolan olmuş İsmayıl Əfəndiyevdən bəhs edir... “Bəxtiyar” filmində Rza İsmayılov obrazını yaratmış sənətkarı deyirik...

Görkəmli aktyor, rejissor, teatr və kino xadimi, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Əfəndiyev bir sıra filmlərdə çəkilib. Amma "Arşın mal alan" filmindəki (I versiya) Süleyman obrazı İsmayıl Əfəndiyevin ən yaxşı rollarından sayılır.

İsmayıl Mahmud oğlu Əfəndiyev 1910-cu il avqustun 10-da Şamaxı şəhərində dünyaya göz açıb. Kiçik yaşlarından incəsənətlə maraqlanmağa başlayıb. Bu maraq onu Göyçay həvəskarlar teatrına aparıb. Bu teatrın tamaşalarında iştirak edib, orada teatr sənətinin əlifbasını öyrənib.

Bir müddət sonra Bakıya gələrək, Pedaqoji Texnikuma daxil olub. Tələbə ikən dram dərnəklərinin birində çıxış edib.


1929-cu ildə texnikumu bitirəndən sonra bir müddət pedaqoji fəaliyyət göstərib. Lakin incəsənətə, teatra olan maraq onu 1932-ci ildə Bakı Türk İşçi Teatrına gətirib. Bu teatr Gəncəyə köçürülərkən İ.Əfəndiyev də kollektivlə birgə yeni iş yerinə gedib. O, 1939-cu ilə kimi Gəncədə fəaliyyətini davam etdirib. Burada teatr səhnəsində uğurla çıxış edərək, bir sıra tamaşalarda müxtəlif səpgili obrazlar yaradıb.

1939-cu ildə İsmayıl Əfəndiyev kinostudiyada işə qəbul olunub. Burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışıb.

İ.Əfəndiyev 1935-ci ildə rejissor A.M.Şərifzadənin "Məhəbbət oyunu" kinokomediyasında aşiq Səttar surətini yaradıb. Bundan sonra o, aktyor kimi "Yeni horizont" (1940, geoloq Ədil Kərimov), "Səbuhi" (1941, Rza), "Vətən oğlu" (1941, Kamal Qasımov), "Bəxtiyar" (1955, İsmayılov), "Qara Daşlar" (1956, İmanov), "Qızmar günəş altında" (1957, Nadirov), "Əmək və qızılgül" (1965, həkim), "İnsan məskən salır" (1967, Şirəli) və s. bədii filmlərdə müxtəlif obrazlar canlandırıb.

Lakin aktyora şöhrət qazandıran "Arşın mal alan" (1945, Süleyman), "Fətəli xan" (1947, əmir Həmzə) və "O olmasın, bu olsun" (1956, Həsənqulu bəy) filmləri olub.

İ.Əfəndiyev 1945-ci ildə mədəniyyət işçiləri tərkibində Cənubi Azərbaycanda olub, Təbrizdə “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Eşq və intiqam”, “Anamın kitabı” və s. pyesləri tamaşaya qoyub.



İ.Əfəndiyev "Bəxtiyar" bədii filmində ikinci rejissor kimi işləyib, Ş.Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə (1958) quruluş verib. Mövzusu arxeoloqların həyatından götürülmüş həmin filmdə İ.Əfəndiyev həmçinin geoloq Kərimin obrazını da yaradıb.

O, eyni zamanda rejissor kimi bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi isə Azərbaycan dilinə dublyaj edib- səsləndirib.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə İsmayıl Əfəndiyevin kino fəaliyyətini geniş tədqiq edib.

O, xatirələrinin birində yazır: “1940-cı ildə gənc rejissorlardan Hüseyn Seyidzadə və Niyazi Bədəlov yazıçı Ənvər Məmmədxanlının ssenarisi əsasında “Ayna” adlı bədii filmin çəkilişlərinə başlayırlar. Lirik planda yazılmış ədəbi ssenarinin mövzusu müasir kənd həyatından götürülmüşdü. Filmdə sadə bir xalçaçı qızın ustalığa qədər keçdiyi həyat yolundan danışılırdı. Əsas rolları - xalçaçı Aynanı aktrisa Leyla Bədirbəyli, rəssamı isə İsmayıl Əfəndiyev ifa edirdilər.


Xalq artisti Leyla Bədirbəylinin İsmayıl Əfəndiyevlə bağlı xatirələrindən: “Rejissorlar tərəfindən Ayna roluna sınaq çəkilişlərinə dəvət olunanda ilk məşqlərin birində mən İsmayıl Əfəndiyevlə görüşdüm. Məşqlərdə mən İsmayılı çox nəcib, xeyirxah, mədəni və yüksək sənət adamı kimi tanıdım.

Bir gün çox çətin və gərgin səhnəni məşq edirdik. Səhnə heç cür alınmırdı. Hüseyn Seyidzadə isə elə hey əsəbiləşir, qışqırırdı. Nə edəcəyimi bilmirdim. Bu vaxt İsmayıl mənə dedi: “Xanım qız, sən heç narahat olma. Rejissorlar işin xətrinə həmişə çığır-bağır salırlar. Sən bu obraza çox yaxınsan. Mən inanıram ki, sən bu rola çəkiləcəksən”.  Təsəvvür edin ki, cavan bir qız üçün bu sözlər nə demək idi. Özü də bu sənətdə ilk kövrək addımlarını atan bir qız üçün. İsmayılın sözləri mənə çox təsir elədi, məndə ani olaraq bir dönüş, cəsarət yaratdı. Elə bil ki, mənim gələcək yaradıcılıq yoluma işıq saçdı...””.

Amma İkinci Dünya müharibəsinin başlanması səbəbindən “Ayna” filminin çəkilişləri yarımçıq qaldı… 

Aydın Kazımzadənin sözlərinə görə, nəinki Azərbaycan, həm də sovet kinosuna beynəlxalq şöhrət qazandıran “Arşın mal alan” musiqili kinokomediyasında İsmayıl Əfəndiyevin yaratdığı Süleyman obrazı uğurlu və yaddaqalandır. Aktyora ilk dəfə ən böyük şöhrəti də məhz Süleyman qazandırıb.


Xalq artisti Leyla Bədirbəylinin xatirələrindən: “İsmayılın işi bu “Arşın mal alan”da çox maraqlıdır. O, filmin aparıcı qüvvəsidir. O, hər yerdə görünəndə filmə şənlik, zarafat gəlir. 
Amma bir insan kimi İsmayıl həyatda çox sakit, təvazökar, az danışan, az gülən insan idi. Bilirsinizmi, bu obraz ona tapşırılanda necə çətinlik çəkirdi?

“Arşın mal alan” filmi çəkiləndə İsmayıl çox darıxırdı. Məşqlərin birində Əsgərin ev səhnəsi çəkilirdi. Əsgər pilləkəndən oxuya-oxuya düşür. Bundan sonra içəridə Cahan xala, Vəli həyəcan keçirirlər. Əsgər darıxır. Özünə yer tapmır. Rejissor İsmayıla deyirdi ki, belə bir vəziyyətdə sən gəlməlisən və sənin gəlişin gərək bütün bu ab-havanı dəyişsin. İsmayıl nə qədər məşq eləyirdi, bu səhnə alınmırdı ki, alınmırdı. Bir qədər keçdikdən sonra fasilə oldu. Biz oturub çay içirdik ki, o, gəlib yanımda oturdu. Mən ona ürək-dirək verdim. O güldü. Dedi: “Hə, görürsənmi, aktyor hər rolla rastlaşanda elə bil çətin dağlarla, qayalarla rastlaşır. Sənin keçirdiyin hissləri indi bax mən keçirirəm...”.

“Fətəli xan” tarixi-bioqrafik filmində İsmayıl Əfəndiyev aparıcı rollardan birini - Əmir Həmzəni oynayır.

Kinoşünas A.Kazımzadə yaır: “Bu rolda tamaşaçıların diqqətini cəlb edən əsas cəhət inandırıcı və real aktyor oyunu idi. Əmir Həmzənin - İsmayıl Əfəndiyevin baş verən hadisələrlə bağlı keçirdiyi təlatüm, coşub daşması, hətta bacısı Tuti Bikəni belə həyasızcasına aldatması - bütün bunlar aktyor ustalığının gözəl nümayişi idi”.

Dahi bəstəkar Ü.Hacıbəyovun eyni adlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” musiqili kinokomediyasında İ.Əfəndiyev çox maraqlı rollardan birini ifa edir.

Onun yaratdığı Həsənqulu bəy inqilabdan əvvəlki qurubəylərin nümayəndəsidir. O, müftəxor və əyyaşdır. Xarici görünüşü, geyimi xoş təsir bağışlasa da, mənəviyyatı puçdur.

İsmayıl Əfəndiyev dar düşüncəli, meşşan təbiətli, pulgir Həsənqulu bəyin obrazını yaradarkən elə cizgilər axtarıb tapır, elə komik jestlər işlədir ki, tamaşaçı bu personaja, onun hərəkətlərinə, danışıq tərzinə ürəkdən gülür, amma heç də ona mənfi münasibət bəsləmir.




İsmayıl Əfəndiyev teatr və kino aktyoru olmaqla yanaşı, həm də teatr və kino rejissoru kimi də 
fəaliyyət göstərib. O, operatorlar M.Dadaşov və S.Bədəlovla İranda olarkən orada “Arazın o tayında” tammetrajlı sənədli filmi (1947) üçün xeyli çəkilişlər aparır. Bu çəkilişlər əsasında tanınmış rus rejissoru Esfir Şub həmin filmin rejissoru və ssenari müəllifi, İ.Əfəndiyev isə 2-ci rejissoru olur. Bu publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır.


“Bu gözəl insan heç vaxt kiməsə “pis adamdır” deməzdi, əksinə, deyərdi ki, filankəs pis deyil, onun əsəbi olması şəraitdən, ətrafından gəlir. Hamıya qayğı ilə yanaşırdı. Ona qarşı haqsızlığı görəndə üzə vurmazdı, ürəyinə salardı. Günlərin birində bu ürək İsmayıl müəllimin qəm karvanının yükünə dözə bilmədi. O, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasındakı iş otağında qəflətən keçindi. Bu hadisə 1967-ci il mayın 5-də baş verdi. Həyatda necə sakit və təmkinli yaşamışdısa, eləcə də həyatdan sakitcə, heç kimə heç bir söz demədən 57 yaşında dünyasını dəyişdi”,- deyə A.Kazımzadə İ.Əfəndiyev haqqındakı xatirələrində yazır.

Görkəmli sənətkar 30 may 1967-ci ildə vəfat edib.


Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv