Modern.az

Şəhid ərini çiynində daşıyan qadın: “Atam ailə qurmağımıza razı deyildi” - MÜSAHİBƏ

Şəhid ərini çiynində daşıyan qadın: “Atam ailə qurmağımıza razı deyildi” - MÜSAHİBƏ

Müsahibə

25 Avqust 2021, 11:40

“Həyat bizə ən sərt üzünü göstərdi”

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün qətiyyətlə mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir. Belə xanımlardan biri də Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn gizir Çingiz Məmmədovun həyat yoldaşı Kifayət Məmmədovadır.

 

Modern.az-ın “Şəhid xanımı” rubrikasının növbəti buraxılışında Kifayət xanımın həyat hekayəsindən həbs olunur:

 

- Həyat yoldaşınızla tanış olduğunuz günü necə xatırlayırsınız? Ailənizin təməli necə qoyulub?

 

- Hərbidə Çingiz qardaşımın əsgəri olmuşdu. Atam bir gün qardaşımın əsgərlərini qonaq çağırmışdı. Çingiz də bizə gəlmişdi. Elə həmin gün bir-birimizi görüb bəyənmişdik. Sevgi hekayəmiz həyat hekayəmiz kimi çətin olmuşdu. Mənim atam, yoldaşımın anası ailə qurmağımıza razılıq vermirdilər. Onlar razı olmadıqları üçün Çingiz məni qaçırdı, daha sonra ailə qurduq. Hər ailədə çətinlik ola bilər, amma o çətinliklərə baxmayaraq, çox xoşbəxt idik.

 

 

- Gəlin, həyat yoldaşınızla birgə yaşadığınız xoşbəxt günləri yada salaq...

 

- Həyat yoldaşım ailəsinə bağlı insan idi, övladlarına hər zaman qayğı göstərirdi. Hərbi həyatı və hərbçi yoldaşı olmaq çox çətindir. 8 il evli olmuşuq, mən onu barmaqla sayılacaq qədər görmüşəm, aylarla evə gələ bilmirdi. Sonuncu övladımızın adını Uğur qoydu.  Dedi ki, "bizim uğurumuz olsun".

 

O qədər gülərüz insan idi ki, qoymazdı evdə kimsə üzgün olsun, bir şey edib hamının əhvalını düzəldərdi. İş yoldaşları deyir ki, "Çingiz işdə hamının kefini açardı, günün necə başlayıb, bitdiyini anlamırdıq". Həyat hekayəm acı olsa da qürurvericidir ki, mən şəhid yoldaşıyam.

 

 

 -Sonuncu dəfə nə vaxt görüşmüsünüz?  O gün yadınızda necə qalıb?

 

- Sentyabrın 25-də son dəfə evimizə gəldi. Neçə aylar idi ki, evə gəlmirdi, ancaq təlimlərdə olurdu. Son dəfə evdə olduğu yerə və tabutu qoyulan yerə baxa bilmirəm...

 

Ayın 25- i gələndə ona aldığım təzə koftanı geyinib uzandı. Dedim ki, yatma dur danışaq, uşaqlarla oyna. Mənə dedi ki, "bəlkə evimdə son dəfə yatıram, qoy yatım"...

 

Şəhid olmadan öncə də zəng etmişdi. Həmin zəngdə qardaşının şəhid olduğunu bilsə də bizə deməmişdi. Söylədi ki," yuxarı qalxıram, zəng etməsəm, narahat olma".

 

Qardaşının qisasını almağa gedirmiş, qisasını aldı, özü də şəhid oldu. Bizdə adət var ki, yoldaşı rəhmətə gedən qadının başına qara yaylıq bağlayırlar. Amma mən qoymadım başım qara yaylıq bağlansın, o şəhid olmuşdu, ölməmişdi. Başım açıq öz qollarımda daşıdım onun tabutunu...

 

- Arzular sonsuz, tükənməz olur. Sizin hansı arzularınız var idi?

 

- O qədər arzularımız var idi. Artıq arzu etməyə qorxuram, düşünürəm ki, nəsə arzu etsəm yenə yarımçıq qalacaq. Qızımızın olmasını arzulayırdıq. Evdə söhbət edirdik, Çingiz dedi ki, "Uğur böyüsün, övladlarıma kiçik toy edəcəyəm". Dedi, amma edə bilmədi.

 

Həyat bizə ən sərt üzünü göstərdi. Kaş ki, hər şey fərqli olardı. Övladlarımın həm anası, həm atasıyam.  Çalışacağam onların bütün istəklərini yerinə yetirim.

 

 

-Həyat yoldaşınızdan sizə yadigar qalan əşyalara toxunanda, görəndə hansı hissləri yaşayırsınız?

 

- Təkcə əşyalar yox, evimizin hər yeri ondan yadigardır. Şəkillərə baxıram, sanki gülür və yanımdadır. Yuxularıma tez-tez gəlir. Yaşadığım hissləri nə qədər danışsam da başa sala bilmərəm. Allah heç bir anaya bu acıları yaşatmasın.

 

Qeyd edək ki, Çingiz Məmmədov 1992- ci ilin iyulun 9- da Şəmkir rayonunda anadan olub. Gizir kimi xidmət göstərib. Vətən müharibəsi zamanı qardaşı Məmmədov Cavid və özü qəhrəmancasına şəhid olublar.

 

Ç.Məmmədov vəfatından sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır