Arxiv
25 Avqust 2021, 13:36 | İQTİSADİYYAT
Azərbaycanda onlara 800 manat, xaricdə 10 min dollar maaş verilir - Ekspertdən ETİRAZ

“Dövlətin informasiya texnologiyalarının (İT) təhlükəsizliyinə cavabdeh olan mütəxəssisin əmək haqqı 800 manatdır. Dövlət sektorunda belə mütəxəssislərin əmək haqqı, həmçinin dövlət universitetlərində tədris prosesinə cəlb edilən saathesabı işləyən İT mütəxəssislərin əmək haqqı hədsiz dərəcədə aşağıdır”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.

 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin “Dövlət sektorunda işləyənlərin yeni Vahid Tarif Cədvəli”nə, “Büdcədən maliyyələşdirilən qurumlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nə nəzər salanda görmək olar ki, vəziyyət nə yerdədir.

 

“Təsəvvür edin ki, dövlət orqanında İT təhlükəsizliyə cavabdeh olan mütəxəssisin əmək haqqı 800 manatdır. O, ən azı 3-4 il çalışmalıdır ki, əmək haqqı 1500 manatadək yüksəlsin.

 

Görəcəyi işin mahiyyəti və ağırlığı ilə alacağı arasında kəskin ziddiyyət var.

 

Hətta 450-600 manat arasında əməkhaqqı alan, qurumların İT infrastrukturuna cavabdeh olan İT mütəxəssislər də var”.

O.Gündüz bildirib ki, bu işlə məşğul olan mütəxəssislərin yerli özəl şirkətlədə və xarici qurumlarda aldığı maaşlar arasında da fərq hədsiz yüksəkdir:

 

“Hansı ki, bu tip mütəxəssislər xaricdə rahat olaraq ayda 5-10 min dollar və ya daha çox qazana bilirlər.

 

Dövlət universitetlərində tədris prosesinə cəlb edilən saathesabı işləyən İT mütəxəssislər isə 1 saat üçün 3 manat 81 qəpik əmək haqqı alır.

 

Belə olan halda isə dövlət sektoruna, təhsil sektoruna peşəkar İT mütəxəssisləri cəlb etmək çox çətin olur”.

Ekspert deyib ki, rəqəmsal transformasiyaya cavabdeh qurum olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN bu məsələlərə diqqət yetirməlidir.

“Nazirlik transformasiyanın lokomativi olan İT kadrların formalaşması və şəraitinin yaxşılaması üçün səyləri gücləndirməlidir

 

Bu cür davam edərsə, biz İT mütəxəssislərin daha bir köçünün şahidi ola bilərik.

 

Müşahidələrimiz göstərir ki rəqəmsal transformaisya ilə bağlı işlər çox ləngiyir.

 

Bir müddət öncə Prezident rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi NRYTN-ə həvalə edilib. Adı çəkilən fərmana görə Nazirlər Kabineti artıq rəqəmsal transformasiya konsepsiyasını hazırlayıb başa çatdrımalıdır.

 

Fikrimcə, Fərmanın icrası ilə bağlı NRYTN strukturunda dəyişikliklər sürətlənməli, transformasiyanı, qurumlar arası əlaqələndirməni həyata keçirən strukturlar formalaşmalıdır.

 

Düşünüərm ki, İKT sektorunda müstəqil tənzimləyici qurumun formalaşmasının ləngiməsi də doğru bir yanaşma deyil”.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv