Modern.az

86 yaşına çatmayan Fikrət Qoca yaddaşlarda necə qaldı...

86 yaşına çatmayan Fikrət Qoca yaddaşlarda necə qaldı...

Ədəbi̇yyat

25 Avqust 2021, 13:54

Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür. Mərhum söz ustadının anadan olmasının 86-cı ildönümü tamam olur.

 

Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. O, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb.

 

Şairin poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, onun gələcəyinə olan nigarançılıq, şəhidlərin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr əsas yeri tutub.

 

Fikrət Qocanın vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın əsrarəngiz gözəllikləri, yurdumuzun qəhrəman övladları və tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunub.

 

Dövrümüzün tanınmış qələm sahibləri onunla bağlı fikirlərini Modern.az-la bölüşüblər.

 

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Fikrət Qoca ilə bağlı xatirələrindən söz açaraq deyib:

 

“Fikrət Qocanı şəxsən tanımamışdan öncə şeirlərinə heyran idim və bir neçə şeirini əzbər bilirdim. Elə oldu ki, biz Yazıçılar Birliyində 16 il bir yerdə işlədik. Onun gözəl insani keyfiyyətlərinin şahidi olmuşam.  Çox səfərdə olmuşuq, yol yoldaşı kimi də əyləncəli, duzlu zarafatlar edən insan idi.  Türkiyənin bir çox şəhərlərinə, Bakıdan Qarsa və Anar müəllimin yubiley günlərində Bişkekə birlikdə səfər etmişik.  Fikrət müəllim həm ictimai proseslərə fəal münasibət göstərirdi,  həm də ölkədə baş verənlərə bədii və publisistik yazıları ilə münasibət bildirirdi.  Xüsusilə də gənclərə diqqət göstərirdi.  Fikrət Qoca Azərbaycanda ən çox sözlərinə musiqi bəstələnən şair olub. Onun şeirləri əbədiyyən yaşayacaq. Allah rəhmət eləsin”.

 

 

“Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə Fikrət Qoca ilə uzun illər dostluq etdiyini söyləyib:

 

“1962-1963-cü ildən bizim tanışlığımız və dostluğumuz başlayıb. Fikrət Qoca Azərbaycana gur axan dağ çayı kimi daxil oldu.  Fikrət Qoca 60-cılar nəslinə mənsub yazıçı idi. 50-ci illərdən onun şeirləri “Azərbaycan” jurnalında və başqa qəzetlərdə çap olunub. Opera və Balet Teatrında Axunzadənin yubileyinə həsr olunmuş məclis qurulmuşdu. Orada şairlərə söz verirdilər, şeirlər səsləndirilirdi. Fikrət Qoca o zaman gənc idi və məclisdə iştirak edirdi. Fikrət Qoca səhnəyə çıxanda yeni ab-hava yarandı. Fikrət ən gözəl şeirlərindən “Risk” və” Vals”ı səsləndirdi.  O “Vals” şeirini elə müəkkəməl ifa etdi ki, özümü sanki bir xanımla rəqs edirmişəm kimi hiss etdim. Fikrəti xatırlamadığım gün olmur, biz çox yaxın dost olmuşuq. Allah ona qəni-qəni rəhmət eləsin”.

 

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25- də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Şair ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərib. O, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

 

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyində beynəlxalq əlaqələr üzrə məsul katib olub.

 

Xalq şairi Fikrət Qoca 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

 

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır