Modern.az

Xanım deputatlar Mehriban Əliyevanın fəaliyyətindən DANIŞDILAR  

Xanım deputatlar Mehriban Əliyevanın fəaliyyətindən DANIŞDILAR  

26 Avqust 2021, 11:50

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

 

Mehriban Əliyevanın fəaliyyəti və Azərbaycan dövlətçiliyi naminə gördüyü işlər barədə Modern.az-a danışan Milli Məclisin xanım deputatları xalqımızın Birinci vitse-prezidentə xüsusi rəğbət və böyük hörmət bəslədiyini bildiriblər. 

 

Xanım deputatların Mehriban Əliyevanın fəaliyyəti haqqında fikirlərini təqdim edirik:

 

 

Mehriban xanım Prezidentin ən yaxın silahdaşıdır...

 

 

Deputat Fatma Yıldırım:

 

“Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də dünya miqyasında olduqca yüksək qiymətləndirilir. Çünki onun Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti – gördüyü işlər və irəli sürdüyü təşəbbüslər Azərbaycanın inkişafına, milli maraqlarımızın qorunmasına, beynəlxalq müstəvidə sülhün, multikulturalizmin və tolerantlığın təbliğinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir. Bu səbəbdən Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi rəğbətlə və böyük hörmətlə qarşılanır.

 

Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi ölkəmizin tərəqqisinə müstəsna töhfələr verir. Birinci vitse-prezidentimizin sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində, bəhs olunan sahələrdə mühüm nailiyyətlərin əldə olunmasında böyük əməyi var. Mehriban xanım Əliyevanın fəaliyyəti, həmçinin humanizm, xeyriyyəçilik və vətənpərvərlik prinsiplərinə əsaslanır. O, əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, qazilərin, məcburi köçkünlərin, ahılların, kimsəsizlərin, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkənlərin problemlərinin həllinə xüsusi diqqət və həssas münasibət göstərir. Ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, insanların sağlamlığının qorunması və digər məsələlər də daim Birinci vitse-prezidentimizin diqqət mərkəzindədir”.

 

Çoxsaylı beynəlxalq mükafatlara layiq görülən Mehriban xanım Əliyevanın yüksək təltifləri fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirir”. 

 

 O, müqəddəs Ana şəfqəti ilə qəhrəman qazilərimizin yarasına məlhəm oldu...

 

 

Deputat Məlahət İbrahimqızı:

 

“Bəli, bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. Birinci vitse-Prezidentimizin bu ilki doğum günü Azərbaycan xalqının 44  günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər ilində qeyd edilir. O Zəfər ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Milli Ordumuz  Vətənimizin ayrılmaz parçası olan Qarabağ torpağını təcavüzkar Ermənistanın işğalından  azad etdi. Müharibənin ən qızğın və təhlükəli günlərində xanım  Mehriban Əliyavanın Ali Baş Komandanımızın ömür-gün yoldaşı, ən yaxın silahdaşı və Respublikamızın Birinci vitse-prezidenti kimi cəbhə bölgəsinə, işğaldan azad olunmuş ərazilərimizə səfəri isə şəksiz qələbəmizə inamı bir daha artırdı. Onun Ali Baş Komandanımızla bərabər etdiyi bu səfərlər  sözün əsil mənasında düşmənə və onun havadarlarına göz dağı oldu. Qürurla deyə bilərik ki, Vətən müharibəsi dövründə, eləcə də, müharibədən sonrakı bütün  səfərlər, orada çəkilmiş video və fotolardakı Onun məğrur və təmkinli görkəmi dünya mediasının baş xəbərinə  çevrildi. Bu səfərlə O, cəsur Azərbaycan qadınının obrazını dünyaya bir daha bəyan etdi və bununla Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır dedi. O, hər səfəri ilə əsgər analarının ümid yeri və sarsılmaz dayağı oldu. Ürəyi daima şəhid analarının ürəyi ilə döyündü, onların göz yaşı onun göz yaşı oldu. O, müqəddəs Ana şəfqəti ilə qəhrəman qazilərimizin yarasına məlhəm oldu.

 

Möhtərəm Mehriban xanım Əliyevanın ən böyük arzusu sözsüz ki, respublikamızın ərazi bütövlüyünün bərpası Qarabağ torpaqlarının işğaldan azad edilməsi idi. O, Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün kim bilir neçə-neçə möhtəşəm layihələr planlaşdırıbdır. Qarabağda keçiriləcək beynəlxalq tədbirlər və bu tədbirlərdən dünyaya sülh çağırışları, humanitar forumlar, Şuşada Xaribülbül festivalları və daha nələr... Bu gün xanım  Mehriban Əliyeva möhtərəm Prezidentimizlə gecəni gündüzə qataraq, ən yaxın zamanlarda Qarabağa böyük qayıdışın uğurla başa çatması və Qarabağın dirçəlişi naminə fədakarlıq göstərir.

 

Əminik ki, Respublikamızın  Birinci vitse-Prezidenti möhtərəm Mehriban xanım Əliyeva nəcib əməli, xoş niyyətli, tükənməz Vətən sevgisi, xalqına xidməti və yorulmaz fəaliyyəti ilə müasir dövlətçilik tariximizin şanlı və şərəfli səhifələrinə və xalqımızın qan yaddaşına əbədi yazılacaqsız.

 

Son olaraq, bu gözəl fürsətdən istifadə edərək, əziz və möhtərəm  Mehriban xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, ailəsinə xoşbəxtlik və Azərbaycanımızın gələcəyi naminə həyata keçirdiyi müqəddəs missiyasında uğurlar arzulayıram”.

 

Mehriban xanımın şəxsiyyəti fonunda həm də qayğıkeş ana obrazını görürük...

 

 

Deputat Könül Nurullayeva:

 

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını dünyada ən müsbət keyfiyyətləri özündə birləşdirən bir obraz kimi xarakterizə olunur. Ümumiyyətlə, Mehriban xanımın  fəaliyyəti, onun daxili zənginliyi, həyata baxışı, proseslərə yanaşması hər bir Azərbaycan qadını üçün örnəkdir. Humanizm, vətənpərvərlik, dərin intellekt, milli-mənəvi dəyərlərə bağlılıq, bütün insanlara, ən əsası isə cəmiyyətin həssas təbəqəsinə sevgi və mərhəmət Mehriban xanımın şəxsi portretinin əsas cizgiləridir. Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Xanım Mehriban Əliyeva hər zaman vurğulayır ki, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir.

 

Biz Mehriban xanımın şəxsiyyəti fonunda həm də qayğıkeş ana obrazını görürük. Onun cəmiyyətin hər bir üzvünə, xüsusilə də uşaqlara, həssas qrupa ana qayğısı hər kəsi təsirləndirir. Ümumiyyətlə, hər bir qadın üçün onun ailəsi onun həyatının ən vacib, ən mühüm hissəsidir. Mehriban xanım hər zaman qeyd edir ki, “ailə mənim üçün, istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir.” Biz Mehriban xanımın simasında həm müdrik bir qadın, qayğıkeş ana və peşəkar idarəçi – bir sözlə, ideal qadın obrazının bütün keyfiyyətlərini görürük. Onun bütün istiqamətlər üzrə fəaliyyətinə nəzər saldıqda - həm bir insan, həm bir Azərbaycan qadını, qayğıkeş ana, həm də dövlət xadimi kimi yüksək keyfiyyətlərə malik olduğunu görürük. Dünya ictimaiyyəti məhz Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının peşəkar idarəçilik bacarığını, eyni zamanda yüksək səviyyəli intellekt və ədalət nümunəsi görür”.

 

Uşaqdan böyüyə qədər hamının qayğısına qalır...

 

 

Deputat Tamam Cəfərova:

 

“Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Bununla bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın bu fəaliyyətini təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıqda maraqlı olan xarici ölkə başçıları da qeyd edirlər. Tam əminlikə deyə bilərik ki, mentalitetimizə, milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına söykənən missiyası ilə bütün dünya azərbaycanlılarının qəlbində xüsusi yeri tutan əziz Mehriban xanım beynəlxalq miqyasda Azərbaycan qadının müsbət obrazını yaradıb.

 

Daxili siyasət sahəsində Mehriban xanım Əliyevanın əsas fəaliyyət istiqamətlərindən biri ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatıdır və Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. Heydər Əliyev Fondunun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçası və ixtisaslaşdırılıb uşaq məktəbləri tikilib və təmir olunub, yüksək standartlar səviyyəsində təchiz olunub. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilib.

 

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilib. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə - Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin,  Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Həmçinin, hörmətli Mehriban xanımın dəstəyi ilə Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya əsaslı təmir edilib.

 

Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanı uğurla daşıyır. Tam əminliklə deyə bilərik ki, bu gün Mehriban xanım, “Sizin Mehriban” imzası vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət və xeyriyyəçilik simvoluna çevrilib.

 

Bütün uğurların kökündə inam və etimad dayanır...

 

 

 

Deputat Kamilə Əliyeva:

 

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bütün həyatı boyu və ictimai-siyasi fəaliyyəti dövründə ona göstərilən etimadın, həvalə olunan vəzifələrin öhdəsindən uğurla, şərəflə və ləyaqətlə gəlib. Bu gün də həmin durum beləcə davam edir. Mehriban xanım ona olan güvəni, etimadı həmişə doğruldub. Bütün uğurların, qələbələrin, zəfərlərin kökündə məhz inam və etimad dayanır. Bu baxımdan Mehriban xanımın fəaliyyətində və həyatında bu iki məqam daim qırmızı xətlə keçib və bu gün də keçməkdədir. Ümumiyyətlə, Azərbaycanda elə bir sahə yoxdur ki, burada Mehriban xanımın töhfələri olmasın. Xüsusilə, mən qeyd etmək istərdim ki, mədəniyyət, təhsil səhiyyə sahəsində Mehriban xanımın əvəzsiz töhfələri var. Mehriban Əliyeva uşaqdan tutmuş yaşlılara qədər daim hər kəsin yanında olub, hər kəsə ana-bacı nəvazişi göstərib. Ona görə Mehriban xanımın istər deputatlıq dövründəki fəaliyyəti, istər Heydər Əliyev Fondunda çalışdığı müddətdə, istərsə də indiki Birinci vitse-prezident kimi daima Azərbaycan xalqının rifahının yüksəlməsi, dövlətimizin inkişafı üçün prezidentimizlə çiyin-çiyinə çalışıb və bu gün də çalışmaqdadır.

 

Mehriban xanımı hər birimiz üçün əziz olan bu gün münasibətilə ürəkdən təbrik edirəm, can sağlığı, uzun ömür, bütün işlərində, ictimai fəaliyyətində, Azərbaycan naminə addımlarında uğurlar və daha böyük qələbələr arzu edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?