Modern.az

Sözün hikmətinə dəyər verən sənətkar - Seyfəddin Dağlı

Sözün hikmətinə dəyər verən sənətkar - Seyfəddin Dağlı

Ədəbi̇yyat

27 Avqust 2021, 14:30

Keşməkeşli ömrünü xalqının, dövlətinin, elinin, obasının maariflənməsinə həsr edən, öz kəskin və iti qələmi ilə dövrünün eybəcərliklərini,  haqsızlığını əsərlərində açıq şəkildə ifadə edən, yaradıcılıq yolu həyat yolu qədər zəngin, maraqlı, məzmunlu olan, zahirən ciddi, daxilən mülayim, zarafatcıl, yumor hissi ilə silahlanmış, qəlbi Xızı dağlarının havası tək təmiz, qaynar bulaqlarının suyu tək şəffaf, pak, gənc ikən belə qocaman təsiri bağışlayan, saçları Savalan dağının qarlı zirvəsi tək bəyaz, özü də dağ vüqarlı, çox dəyərli ziyalı olan Seyfəddin Dağlı haqqında söz açmaq həm çətin, həm də olduqca xoş və şərəflidir.

         
Görkəmli şair, nasir, dramaturq, publisist, ictimai xadim, Dövlət mükafatı laureatı Seyfəddin Əliağa oğlu Abbasov (Seyfəddin Dağlı) 1921 – ci il avqustun 27-də Azərbaycanın dilbər guşələrindən biri olan dahi Cəfər Cabbarlının, böyük Mikayıl Müşfiqin də doğulduğu Xızıda dünyaya göz açıb, Xızının əsrarəngiz gözəlliyindən, rəngarəng təbiətindən, çağlayan çeşmələrindən, təmiz, özünəməxsus dağ havasından, zövq oxşayan heyvanat və bitki aləmindən ilhamlanaraq, onların sehrinə düşən balaca Seyfəddin hələ uşaq ikən yazıb, oxumağa böyük həvəs göstərərək, hərdənbir qəlb çırpıntılarını qələmə çevirərdi.


Ailəsi ilə birlikdə Bakıya köçən Seyfəddin, 1927-ci ildə Bakı şəhərində orta məktəbə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə başa vuraraq, N. Nərimanov adına Sənaye texnikumunun Kimya fakültəsinə qəbul olunur. Tələbə ikən mütaliə ilə çox məşğul olan Seyfəddin klassik Azərbaycan, rus və dünya ədəbiyyatına böyük maraq göstərir. Təbii ki, mütaliə onun sonrakı yaradıcılıq həyatına işıq saçır. Özündə bədii yaradıcılığa meyli olduğunu görən Seyfəddin kiçik həcmli məqalələr, şerlər yazmağa başlayır. Bu bacarıq onu hələ tələbəlik illərində “Kommunist” qəzetinə aparir. Əvvəlcə ədəbi işçi, sonralar şöbə müdiri, məsul katib kimi fəaliyyət göstərməyə başlayır.

         
Uşaqlıq illəri hamar keçməyən Seyfəddinin gənclik illəri də keşməkeşli keçib. ll dünya müharibəsinin başlanması ilə, o da digər həmvətənləri kimi ordu sıralarına gedərək, o zaman hamının Vahid vətən hesab etdiyi Sovetlər ölkəsinin alman- faşist işğalçılarından azad olunması uğrunda müharibədə iştirak edib, mərdlik və şücaətlik göstərib, müxtəlif medal və fəxri fərmanlarla təltif olunub. 

         
1941-ci ilin oktyabr ayından 1956-ci ilin may ayına kimi hərbi xidmətdə olan Seyfəddin əvvəlcə aviamexanik kimi fəaliyyət göstərmiş, sonralar “ Ordu ” qəzetində ədəbi işçi, diviziya qəzetinin redaktoru vəzifələrində çalışmışdır. Bununla yanaşı o, eyni zamanda hərbi- siyasi akademiyanın dinləyicisi olmuşdur.

S.Dağlının ən məhsuldar və maraqlı fəaliyyəti Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsi ilə bağlı olmuşdur. 1956-ci ilin avqust ayından 1959-cu ilin aprel ayına kimi o, əvvəlcə Azərbaycan Radio Komitəsində baş redaktor, sonra Bakı Telestudiyasının direktoru kimi çalışmışdır. 1957-ci ilin may ayının 16-da S. Dağlı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədr müavini təyin olunmuş, bu vəzifəni   şərəflə yerinə yetirərək, qurumda yeniliklərə imza atmış, yeni, bacarıqlı, savadlı kadrların yetişməsinə öz töhfəsini vermiş, demək olar ki, “yaradıcılıq məktəbi”  yaratmışdır. Uzun müddət “Kirpi” satirik jurnalının baş redaktoru olmuşdur. 1976- ci ilin oktyabrından “Azərbaycan film” kinostudiyasında redaksiya kollegiyasının üzvü olmuş, 1980-ci ilin may ayından ömrünün sonuna kimi “Yazıçı” nəşriyyatında redaktor işləmişdir.

S.Dağlı yaradıcılığı çoxşaxəli olmuşdur. 1938-ci ildən maraqlı felyetonları ilə bədii yaradıcılığa qədəm qoyan ədib Azərbaycan ədəbiyyatında yeni cığır açmış, özünü təsdiq edə bilmişdir. İkinci dünya müharibəsi zamanı ədibin çox sayda felyeton və satirik povestləri “ Vətən uğrunda” jurnalının, “Ədəbiyyat” qəzetinin səhifələrində, eləcə də Təbrizdə nəşr olunan “Vətən yolunda” hərbi qəzetinin səhifələrində işıq üzü görmüşdür. Az bir zamanda uğur qazanan, oxucuların, eləcə də ədiblərin sevgi və rəğbətini qazanan Seyfəddin Abbasov özünün maraqlı məzmunlu romanları, povestləri, hekayələri, yumoristlik novellaları, tərcümələri, şerləri və s. ədəbiyyatımızı zənginləşdirmişdir. S. Dağlı öz bədii dünyasının inciləri ilə xalqının ədəbi dünyasına nüfuz edərək qüdrətli söz ustadına çevrilmişdir.

         
Ədibin yaradıcılığı ilə şəxsiyyəti bir vəhdət təşkil edirdi. Onun obrazları, bədii qəhrəmanları həyatdan, xalqın içərisindən götürülürdü. O, sözünün dəyərinə, çəkisinə önəm verir, oxucusunu dəyişən, yeniləşən zamanla ayaqlaşmağa, həyatda təzəliyi, təravəti olduğu kimi qorumağa səfərbər edirdi.  

         
1948-ci ildə Azərbaycan Dövlət nəşriyyatı tərəfindən ədibin  “Dəniz kəşfiyyatçısı” adlı əsəri işıq üzü görmüşdür. Qələmini dram sahəsində də sınayan    S. Dağlının müxtəlif illərdə qələmə aldığı “Adı sənin dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” və s. əsərləri respublika teatrlarında səhnəyə qoyulmuş, onların əsasında televiziya tamaşaları hazırlanmışdır. Onun ədəbi ssenarisi əsasında “ Bahar kimi solmaz” filmi çəkilmişdir.

         
İnsanlara daim təbəssüm bəxş edən S. Dağlı əsərlərində bir tərəfdən oxucuya müasir həyatımızla bağlı yüksək əxlaqi insani keyfiyyətləri, xeyirxah əməlləri aşılayır, digər əsərlərində isə cəmiyyətimizdə mövcud olan çatışmazlıqları ifşa edir, yad ünsürləri özünün satirik tərzi ilə qamçılayır, bu eybəcər sifətləri, antipodları tənqid və gülüş hədəfinə çevirirdi. Bu xüsusiyyətləri ədibin müxtəlif illərdə qələmə aldığı “Məşəl”, “Sabiqlər”, “Bahar oğlu”, “Vergülağa Nöqtələrov”, “ Gəcil qapısı”, “Aldada bilməzsən”, “ Mənziliniz mübarək”, “Məşəl yanır”, “Şirin duz” və s. kitablarında görmək mümkündür.

         
Adətən, yumoristik, satirik əsərləri ilə tanınan S. Dağlının digər həyatı əsərlərinə də rast gəlinir. Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının ömür yolundan bəhs edən “Bahar oğlu” əsəri çox böyük populyarlıq qazanmışdır. Məhz, o əsərdən sonra “Bahar oğlu” ifadəsi ədəbi leksikona daxil olundu. Artıq o gündən  Cəfər Cabbarlı “Bahar oğlu”-deyə çağırılmağa başladı.

         
“Gəcil qapısı” romanında Cənubi Azərbaycanda azərbaycanlı qadınların ağır həyatından, “ Məşəl yanır” kitabında isə Arazın o tayında yaşayan bacı və qardaşlarımızın şah istibdadından olmazın zülm çəkmələri, ağır həyat sürmələri, azadlıq uğrunda mübarizə aparmaları əks olunmuşdur.    

S.Dağlının şerlərinə zamanəmizin görkəmli bəstəkarları Cahangir Cahangirov, Ramiz Mirişli, Tofiq Quliyev və Aygün Səmədzadə mahnılar bəstələmişlər. O mahnıları SSRİ Xalq artisti Zeynəb Xanlarova, xalq artistləri Şövkət Ələkbərova, Elmira Rəhimova, Mirzə Babayev və başqaları ifa etmişlər. Bu mahnılara “Darixma”, “Həyat söylə sən kiminsən”, “ Çay”, “Bakı” və s. aiddir.

         
Çox şaxəli, zəngin yaradıcılığa malik, xeyirxah, mərd, kövrək qəlbli insan olan S. Dağlı 1983-cü il yanvar ayının 18-də vəfat etmiş və Bakı şəhər qəbiristanlığında dəfn olunmuşdur.

S.Dağlı bir çox medal, fəxri fərmana, eləcə də Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

         
Bakı şəhərinin, Yasamal rayonunda küçələrdən biri onun adını daşıyır. İnanıram ki, 62 illik ömrünün çoxunu Azərbaycan ədəbiyyatının, jurnalistikasının, radio və televiziyasının inkişafına, gənclərin yüksək əxlaqi-mənəvi keyfiyyətlərlə formalaşmasına, cəmiyyətin sağlamlaşmasına həsr edən görkəmli ədib, ictimai xadim, həm də hörmət edilən el ağsaqqalının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq, xatirəsi həm Bakıda, həm də Xızıda əbədiləşdiriləcəkdir.  

 

Allah rəhmət eləsin, Ustad!

Qafar Əsgərzadə
Əməkdar jurnalist,
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?