Modern.az

ABŞ İrana qarşı koalisiya yaradır

ABŞ İrana qarşı koalisiya yaradır

15 Fevral 2010, 10:17

Amerika nüvə proqramı üzrə fəaliyyətini davam etdirən İrana qarşı bütün cəbhələrdən hücumları genişləndirib. Modern.az xəbər verir ki, bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tehranda İran rəhbərliyi ilə vacib danışıqlar aparacaq. Danışıqların əsas mövzusu İranı nüvə proqramından imtina etməyə razı salmaqdır. Davudoğlu ilk növbədə Tehran rəsmilərinə əsas mütəffiqi olan Vaşinqtonun ismarıclarını çatdıracaq. Davudoğlunun Tehran missiyası məhz Vaşinqtonun son təkliflərinin İran rəhbərliyinə çatdırılması üzərində qurulub.

 

Hər şeyə rəğmən Birləşmiş Ştatlar İrana qarşı genişmiqyaslı koalisiya yaratmağa başlayıb. ABŞ dövlət katibi Hilari Klintonun Yaxın Şərq turnsi də bu məqsədə xidmət edir. Klinton regiona səfərində əsas məqsədinin İrana qarşı səylərdə bölgə dövlətlərinin dəstəyini qazanmağa çalışdığını deyib.  Vaşinqton Yaxın Şərqdəki müttəfiqləri – Türkiyə,  Səudiyyə Ərəbistanı, İsrail vasitəsilə Tehrana təsir etmək niyyətindədir.  Dohuda ABŞ dövlət katibi Hilari Klinton, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu arasında keçirilmiş üçlü görüşdə də Tehrana qarşı son addımlar gözdən keçirilib. Diplomatik mənbələr xəbər verir ki, məhz Türkiyənin proseslərə müdaxilə etməsi İran məsələsinin daha təhlükəli situasiyaya düşməsinin qarşısını alıb.   

           

Bu gün İran məsələsi Moskvada da müzakirə olunacaq. İsrailin baş naziri Benyamin Netanyahu Moskvada Rusiya rəhbərliyini İrana qarşı sərt tədbirləri dəstəkləməyə çağıracaq. Netanyahu səfər öncəsi bəyan edib ki,  İrana qarşı beynəlxalq sanksiyaları dəstəkləmələri üçün Rusiya liderlərini inandırmağa çalışacaq. Rusiyada isə hesab edirlər ki, İrana qarşı təzyiqlər arzuolunmaz nəticələr verə bilər.  “İrana  təzyiq arzuolunmaz nəticələr verə bilər. Əgər sanksiyalar haqqında danışılırsa, onda İranı küncə sıxmaq lazım deyil", - deyə  Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Vladimir Nazarov bildirib.  Onun sözlərinə görə, bir qayda olaraq, sanksiyalar ölkənin siyasi kursuna, hərbi potensialına və müdafiə qabiliyyətinə həddindən artıq məhdud təsir göstərir. O, deyib ki, sanksiyalar İran xalqını “cəzalandırmamalıdırlar".  Netanyahunun istəyinə rəğmən Moskvada səslənən bu fikirlər Rusiyanın İrana qarşı sanksiyalara hazır olmadığını göstərir. 

 

İrana qarşı səylərdə digər mühüm faktor Çindir. BMT Təhlükəsizlik Şurasının daimi  üzvü olan Çini İrana qarşı sanksiyalara razı salmaq çətindir. Lakin Vaşinqtonda hesab edirlər ki, Pekinin razılığını almaq mümkün olacaq. Əldə olunan son məlumatlara görə isə Vaşinqton Pekini  mümkün sanksiyalara razı salmaq üçün Səudiyyə nefti ilə Çinə təzyiq etmək niyyətindədir. Məlumdur ki, Çin nefti əsasən İrandan alır.  ABŞ və İsrail isə Çini İrandan aldığı nefti daha ucuz qiymətə Səudiyyə Ərəbistanından almağa razı salmağa çalışırlar. Beləliklə də neft amili də İrana qarşı diplomatik səylərdə önəmli faktora çevrilir.    Bu məsələ  dövlət katibi Hilari Klintonun bu gün Səudiyyə Ərəbistanı kralı Abdullahla görüşündə mərkəzi mövzu olacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?