Arxiv
30 Avqust 2021, 10:25 | MƏDƏNİYYƏT
Şəhid zabitin ad gününə abidə hazırlandı - FOTOLAR

30 avqust tarixi 44 günlük Vətən müharibəsinin şəhidi baş leytenant Təhmasib Sərməst oğlu Mustafayevin doğum günüdür.

Modern.az-ın məlumatına görə, Təhmasib Mustafayev DİN Daxili Qoşunların şəhid olan 66 nəfər hərbi qulluqçusundan biridir.

Təhmasib Mustafayev 30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub.

O, 4 yaşında olarkən - 1993-cü ilin avqust ayının 23-də doğulduğu Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bütün cəbrayıllılar kimi Mustafayevlər ailəsi də doğma torpaqlardan didərgin düşüb.

Ailəsilə birgə Kürdəmir rayonunda məskunlaşan Təhmasib Mustafayev 2007-ci ildə orta məktəbi bitirib.

2008-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmət keçib. 2009-cu ilin oktyabr ayında ehtiyata buraxılıb.

Daha sonra həyatını hərbçi peşəsinə bağlayan Təhmasib 2010-cu ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Daxili Qoşunların sıralarına qayıdıb. Lənkəran rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin tərkibində AQS-17 qumbaraatanı heyətinin komandiri vəzifəsinə təyin edilib. Xüsusi təyinatlı kimi qarşıya qoyulan tapşırıqların icrasında əzmkarlıq və çalışqanlıq göstərib.

Təhmasib Mustafayev 19.12.2011 - 06.04.2012-ci il tarixlərdə Türkiyə Cümhuriyyətinə ezam edilərək, Jandarm Baş Komandanlığının tabeliyindəki Jandarm Komando Məktəbləri və Təlim Mərkəzində jandarm gizir komando təməl kursunu keçib. Burada yiyələndiyi hərbi biliklər və qazandığı praktiki təcrübə onun peşəkar hazırlığının inkişaf etdirilməsi baxımından vacib rol oynayıb. Hərbi qulluqçumuz qardaş ölkədə, həmçinin, sualtı dalğıc proqramı üzrə təlimi bacarıqla başa çatdırıb.


2012-2014-cü illərdə Təhmasib Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təhsil alıb.

2014-cü ilin iyul ayından başlayaraq artıq zabit rütbəsində hərbi xidmətə davam edib. Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin patrul taborunda taqım komandiri vəzifəsinə irəli çəkilib. 2015-ci ilin aprel ayında həmin hərbi hissədə komendant bölüyündə taqım komandiri vəzifəsinə keçirilib. 2016-cı ilin dekabrında isə ona hərbi hissənin xüsusi təyinatlı dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsi etibar olunub.

Təyin olunduğu bütün bu məsul vəzifələrdə Təhmasib komandanlığın etimadını doğrultmağa çalışıb. Xidməti fəaliyyətindəki uğurlu nəticələrə görə dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin iyun ayının 29-da 10 təqvim ili qüsursuz xidmət etdiyinə görə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.

Hərbi hissədə keçirilən mərasimlərdə bayraqdar olmaq Təhmasibə tapşırılıb, sıranın önündə əlində döyüş bayrağı qürurla addımlayıb.

Zabitimiz silahdaşlarına ən böyük arzusunun məcburi köçkün adını öz üzərindən götürmək olduğunu söyləyib.

Baş leytenant T.Mustafayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı kimi iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının ərazisindən keçməklə Şuşayadək davam edən döyüş yolunda erməni işğalçılarına qarşı cəsurluqla vuruşub. Uzun ilin həsrətindən sonra doğma Cəbrayıl rayonunun torpağına ayaq basıb,  havası ilə nəfəs alıb, suyundan içib.

Şuşa ətrafındakı döyüşlərdə baş leytenant T.Mustafayevin rəhbərlik etdiyi qrup xüsusilə fərqlənib. Belə ki, Şuşa-Laçın yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postları döyüşçülərimiz tərəfindən alınıb, işğalçıların bir neçə texnikası, onlarla canlı qüvvəsi məhv edilib. Bu uğurlu döyüş nəticəsində qeyd olunan yol nəzarətə götürülüb. Bununla yanaşı, Təhmasibin özü və tabeliyindəki hərbi qulluqçular tərəfindən Şuşa ətrafında erməni hərbçilərinin bir sıra atəş nöqtələri də susdurulub.

2020-ci il noyabrın 4-də Şuşa-Laçın yolu üzərindəki yüksəkliyin müdafiəsində dayanan zaman baş leytenant T.Mustafayev yaralı döyüşçülərimizin olduqları postlara özünü yetirib, onlara ilk yardım göstərilməsini təşkil edib. Ancaq düşmənin mövqelərimizi minaatanlardan şiddətli atəşə tutması nəticəsində o, mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub. Şəhidin cəsədi noyabrın 9-da döyüş zonasından çıxarılıb. 14.11.2020-ci il tarixdə ailəsinə verilən ölüm haqqında şəhadətnamədə zabitin şəhid olduğu gün 09.11.2020-ci il göstərilib.

Şəhid hərbi qulluqçumuz 11.11.2020-ci il tarixdə Biləsuvar rayonunda yerləşən, cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları qəsəbənin qəbiristanlığında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə baş leytenant T.Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin, Azərbaycan Respublikası müdafiə nazirinin 28.12.2020-ci il tarixli əmri ilə baş leytenant T.Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb.

Təhmasib evli idi, Faidə adlı körpə qız övladı yadigar qalıb.


Şəhid baş leytenant Təhmasib Mustafayevin doğum günü ilə əlaqədar Biləsuvar rayonunda yerləşən 11 saylı Cəbrayıl qəsəbəsində onun xatirəsinə bulaq-abidə kompleksi hazırlanıb.

Şəhid ailəsinin şəxsi vəsaiti hesabına hazırlanan bulaq-abidə kompleksi bu gün istifadəyə verilir...




A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv