Modern.az

İkinci övladının qız olacağını bilməyən ŞƏHİD... - FOTO

İkinci övladının qız olacağını bilməyən ŞƏHİD... - FOTO

30 Avqust 2021, 12:14

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

 

Şəhidlərimizdən bəziləri heç ata olmadan, bəziləri isə dünyaya gələcək olan sonbeşiklərini görmədən bu həyatdan köçdülər. Dünyaya gələcək övladına ad qoyub, üzünü görmədən həlak olan şəhidlərimizdən biri də Gəray Sultanovdur.


Qeyd edək ki, Vətən müharibəsindən sonra 100 şəhid övladı dünyaya gəlib.

 

Modern.az şəhid uşaqlarının ayrı-ayrılıqda təqdimatını davam etdirir.

 

ARAYIŞ: Şəhid Gəray Sultanov 29 oktyabr 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Şəhid Y.Ağamalıyev adına tam orta məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı  Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhərmancasına vuruşub. Oktyabrın 4-də  Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Dünyamalılar kənd qəbristanlığında dəfn olunub.

 

 

Şəhidin xanımı Mələk Sultanova Modern.az-a həyat yoldaşının ailəsi ilə bağlı arzularından danışıb: 

 

“Gəray Vətənin  dar günündə  könüllü olaraq döyüşlərə qatılıb. Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub. Döyüş zamanı  sıradan çıxan bir neçə texnikanı özü təmir edib. Füzuli döyüşlərində şəhadətə ucalıb. Ölümündən sonra “ Füzulinin azad olunmasına görə”, “ Cəbrayılın azad olunmasına görə” və “ Vətən” uğrunda medalları ilə təltif olunub.

 

Onunla eyni kənddə doğulub, böyümüşük. Məni özü görüb bəyənib. Böyüklərin razılığı ilə 2017-ci ildə ailə həyatı qurmuşuq. İki qız övladımız var. Gəray döyüşə yollananda kiçik qızım bətnimdə 2 aylıq idi. Cəbhəyə getməmişdən dörd gün əvvəl məni həkimə aparmışdı. Qızımız olacağını bilmirdik, ancaq “qızım olsa, adını Nuray qoyacağam” demişdi. Öz adına yaraşdıraraq seçmişdi Nuray adını. Gəray mənim üçün təkcə həyat yoldaşı yox, gözəl dost idi. Saysam bitməyəcək qədər arzusu var idi. Mən də övladlarımı atalarına layiq böyüdəcəyəm”.

 

 Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır