Arxiv
30 Avqust 2021, 14:10 | REPORTAJ
Bir şəklin tarixçəsi: Üç nazir - üç səfir Şuşada...

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı bu fotoşəkil əvvəlki təqdimatlarımızdan xeyli fərqlənir. Rubrikamızda bu dəfə təqdim etdiyimiz foto illər öncə deyil, bu günlərdə lentə alınıb.

Zaman 29 avqust 2021-ci il... Məkan Şuşa şəhəri...

Azərbaycan Prezidentini müşayiət edən ziyalılar da Şuşaya səfər ediblər...

Fotoşəkildə Azərbaycanın üç diplomatı, eyni zamanda üç keçmiş naziri yanaşı dayanıb: Vilayət Quliyev, Həsən Həsənov, Polad Bülbüloğlu...

69 yaşlı Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın Xarici İşlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri olan keçmiş nazir 2010-cu ildən ölkəmizin Macarıstandakı diplomatik korpusuna rəhbərlik edib.  23 iyul 2021-ci il tarixində Prezidentin sərəncamı ilə geri çağırılıb..

81 yaşlı Həsən Həsənov 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərib. O, 1992-1993-cü illərdə BMT-də (Nyu-York) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 1993–1998-ci illərdə Azərbaycanın Xarici işlər naziri vəzifəsində işləyib. Həmin illərdə BMT və YUNESKO, İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik edib.
2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstandakı səfiri, 2010-cu il mart ayının 30-dan isə ölkəmizin Polşadakı səfiri təyin edilib.
8 yanvar 2021-ci ildə Həsən Həsənov Polşadan geri çağırılaraq, təqaüdə göndərilib.


76 yaşlı
Polad Bülbüloğlu isə digər həmkarlarından fərqli olaraq, hələ ki diplomatik fəaliyyətə davam edir. O, hazırda Azərbaycanın Rusiyadakı səfiridir.
Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri  vəzifəsində işləyib.
2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Təqdim etdiyimiz şəkil Vilayət Quliyevin fotoalbomundandır. O, zarafatla şəkilə “Üç nazir-səfir, üç qarabağlı...” adını verib.

Aydın məsələdir ki, Polad Bülbüloğlu ilə Vilayət Quliyev gerçəkdən qarabağlıdırlar – birinci Şuşadan, ikinci isə Beyləqandan - Qarabağın aran hissəsindəndir...

Bəs belədə əslən gürcüstanlı olan Həsən Həsənov hardan qarabağlı oldu? Suala zarafatyana cavab verən Vilayət Quliyev “Həsən Həsənovun da xanımı şuşalıdır. Bu kifayət deyil?”,-deyə bildirib.

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv