Modern.az

Fatma Yıldırım: “Şuşanın tarixi siması özünə qaytarılır”

Fatma Yıldırım: “Şuşanın tarixi siması özünə qaytarılır”

Parlament

30 Avqust 2021, 20:08

“Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Şuşada nəhəng quruculuq salnaməsi daha da genişlənməkdədir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Qarabağ artıq geniş tikinti meydançasına çevrilib.

 

“Qələbədən sonra dayanmadan, fasiləsiz bərpa işləri həyata keçirilir. Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qarabağda başlanmış yeni quruculuq salnaməsinə öz zəngin töhfələrini verməkdədirlər. Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş bölgələrdə tikinti-dirçəliş işlərini şəxsən özü nəzarətdə saxlayır. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  Şuşa şəhərinə növbəti səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

 

Səfər zananı Zəfər Yolunda aparılan son tamamlanma işləri və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı qısa müddətdə, nəzərdə tutulan vaxtdan əvvəl bu cür geniş və əhatəli tədbirlərin həyata keçirilməsini xüsusi qiymətləndirdi. Heç bir ölkədə indiyə kimi 6-7 ay ərzində beynəlxalq tipli hava limanı inşa edilməyib. Bu, bir daha Azərbaycanın qüdrəti, cənab Prezidentin yorulmaz fədakar əməyinin nəticəsidir. Füzuli Hava Limanının və Zəfər Yolunun yaxın günlərdə istifadəyə verilməsi sayəsində Bakıdan və bir çox ölkələrdən Qarabağa, Şuşaya qısa bir zamanda rahat və təhlükəsiz çatmaq mümkün olacaq.

 

Bu gün ən böyük tikinti meydanı Şuşa şəhəridir. Prezident İlham Əliyev və Mehriban xanım yanvarın 14-də, sonradan mart-may aylarında Şuşaya səfər edərək Azərbaycanın mədəniyyət paytaxtı olan bu tarixi şəhərin bərpasının əsasını qoydu. Fasiləsiz olaraq bir çox infrastruktur obyektlərinin, mədəniyyət və tarixi abidələrin bərpası və yenidən qurulması ilə bağlı tədbirlər görüldü, yeni təməlqoyma mərasimləri keçirildi. Hazırkı səfər zamanı bir neçə ay əvvəl əsası qoyulmuş yeni quruculuq işlərinin ən mühüm bir mərhələsi, tarixi layihələrin artıq gerçəyə çevrilməsi kimi yadda qaldı. Cənab Prezident və Mehriban xanım xalqımıza yeni qürurverici müjdələr bəxş etdilər. Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, eyni zamanda, Vaqifin büstünün açılışı tariximizin qürurverici hadisəsi kimi qiymətləndirilə bilər. Şuşanın ən zövqlü və möhtəşəm memarlıq abidələrindən biri hesab edilən və erməni vandalizminin qurbanlarından olan görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı, eləcə də, Azərbaycan tarixinin ən əzəmətli mədəniyyət nümunələrindən biri olan Bülbülün ev-muzeyinin bərpadan sonra açılış mərasimləri tariximizə təntənəli günlər kimi yazıldı”, - deyə Fatma Yıldırım qeyd edib.

 

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci xanımın Şuşada digər ərazilərə baş çəkməsi, yeni təməlqoyma mərasimləri keçirməsi də səfərin məzmununu zənginləşdirən məqamlardan idi.

 

“Şuşanın simvollarından biri olan və təmir-bərpa zamanı füsunkar memarlığı qorunub saxlanılan “Qarabağ” hotelinin də cəmi bir neçə ay ərzində istifadəyə verilməsi Şuşada nəhəng quruculuğun nümunəsi hesab edilə bilər. Hazırda Şuşa şəhərində zəngin mədəniyyət, ədəbiyyat, incəsənət ənənələrimiz özünəməxsus əvvəlki həyatına qayıtmaqdadır. May ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli qürur, mədəniyyət, incəsənət və tarix beşiyimiz olan Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalını təşkil etdi. Bu festival Şuşa şəhərinin tarixi əzəmətinin, ənənələrinin yenidən bərpası, yaşadılması istiqamətində mühüm dönüş nöqtəsi oldu. İndi isə Şuşa digər möhtəşəm hadisəyə ev sahibliyi edir, Vaqif Poeziya Günləri başlayıb, bu ədəbi tədbirin keçirilməsi may ayında başlanmış xoşməramlı missiyanın davamı olaraq zəngin mədəniyyət ənənələrimizin 30 ildən sonra yaşadılması deməkdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, 270 illik tarixi olan Şuşa şəhəri yenidən daha gözəl bərpa olunaraq dirçəlir, əvvəlki şöhrətini özünə qaytarır”, - deyə deputat sözlərinə əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı