Modern.az

27 ildən sonra Qubadlının işğal tarixini qeyd etmirik

27 ildən sonra Qubadlının işğal tarixini qeyd etmirik

Qarabağ

31 Avqust 2021, 09:01

31 avqust tarixi Qubadlı rayonunun işğal günüdür. Modern.az xəbər verir ki, Azərbaycan ictimaiyyəti 27 ildən sonra ilk dəfə Qubadlının işğal gününü qeyd etmir.


Azərbaycan Ordusunun 2020-ci ilin payızında apardığı Vətən müharibəsinin uğurla başa çatması sayəsində Qubadlı rayonu da düşmən tapdağından azad olundu. 


27 il öncə Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalmışdı. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33800 nəfər əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Qeyd edək ki, zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilib.

 

Nəhayət Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından xilas etdi.


2020-ci ilin 26 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi.


Hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq-abadlıq işləri aparılır.


İndi qarşıda duran ən vacib və mühüm vəzifə Vətən müharibəsində əldə etdiyimiz qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma yurda qayıtmasını təmin etməkdir.


A.Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı