Modern.az

“Şuşadakı qurultayda namizəd yox, sədr olacağam” - Yazıçı Anar

“Şuşadakı qurultayda namizəd yox, sədr olacağam” - Yazıçı Anar

Ədəbi̇yyat

31 Avqust 2021, 11:53

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı gələn il Şuşa şəhərində keçiriləcək.

 

Ötən gün Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən AYB sədri Anar Prezident İlham Əliyev ilə söhbət zamanı qurultayın oktyabr ayında Şuşada keçirilməsini istədiklərini bildirib. Dövlət başçısı təklifi razılıqla qarşılayıb.

 

Yazıçı Anar qurultayda xaricdən də qonaqların iştirak edəcəyini söyləyib.

 

“Yaxşı olar. Yer də var burada keçirmək üçün”, - deyə Prezident qeyd edib.

 

Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında hansı yeniliklər gözlənilir? Sədr postuna iddialı namizədlər varmı?

 

Modern.az-ın əməkdaşı bu suallara cavab almaq üçün AYB sədri Anarla əlaqə saxlayıb. O, qurultayın dəqiq tarixinin hələlik bilinmədiyini söyləyib:

 

“Biz Vaqifin poeziyasında Şuşaya qayıtdıq. Bu, bizim həm mənəvi, həm hərbi, həm də siyasi zəfərimizdir. Şuşada yaşadığımız sevinci hər birimiz paylaşırıq. Qurultayla bağlı deyə bilərəm ki, tədbirin nə vaxt və harada keçiriləcəyi pandemiyadan asılıdır”.

 

“Şuşada keçiriləcək qurultayda yenidən sədr postuna namizəd olacaqsınızmı” sualına gəlincə, AYB sədri “namizəd yox, sədr olacağam”, - deyə cavab verib.

 

Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.

 

Humay İsgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...