Modern.az

Bakıdan İstanbula avtobus reysləri bərpa olunur? - Rəsmi CAVAB

Bakıdan İstanbula avtobus reysləri bərpa olunur? - Rəsmi CAVAB

İqtisadiyyat

31 Avqust 2021, 12:31

Bakı Beynəlxalq Avtovağzalından Bakı-İstanbul-Bakı müntəzəm reyslərinin fəaliyyət ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Bunu Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, həmin elanlarda hətta tarif qiymətinin 144 AZN olduğu qeyd edilib:

 

“Bu məlumat tamamilə yanlışdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən İstanbula heç bir müntəzəm marşrut xətti yoxdur. Pandemiya ilə əlaqədar olaraq daxili sərnişindaşıma bərpa olunsa da, beynəlxalq sərnişindaşımanın bərpası ilə bağlı qərar verilməyib. Gürcüstan, Türkiyə və digər istiqamətlərdə hələlik avtobusla sərnişindaşıma mümkün deyil. Lakin bu il iyulun 17-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə İran üzərində keçməklə Naxçıvana avtobusla səfərlər təmin olunub. Daşıyıcılardan biri Bakı Avtovağzal Kompleksindən Türkiyəyə getmək istəyən sərnişinlərə Naxçıvan üzərindən bilet almalarını tövsiyə edib. Bildirib ki, Naxçıvandan İğdıra və Türkiyənin digər şəhərlərinə gedə bilərlər. Bu, yaxşı bir şeydir”.

 

DANX rəsmisi deyib ki, hazırda Naxçıvan üzərindən müntəzəm marşrutlarla gediş-gəlişlərin sayı artıb:

 

“Amma, əziz sərnişinlər, Naxçıvan üzərindən Türkiyənin hansısa şəhərlərinə səfərlərin olub-olmaması ilə bağlı məlumatı verən qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyil. Bu barədə məlumatı yalnız Naxçıvanla bağlı aidiyatı qurumun səhifəsindən, saytından öyrənə bilərsiniz. Qeyd etdiyim kimi bütün hallarda Bakıdan nə Türkiyəyə, nə Gürcüstana birbaşa belə səfərlər yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir