Arxiv
31 Avqust 2021, 14:30 | DİASPOR
Belə görüşlər xaricdəki azərbaycanlıları daha sıx birləşdirir...

Xaricdə yaşayan soydaşlarımız daim Azərbaycan dövlətinin diqqətindədir. Onlar digər vətəndaşlarımız kimi hər zaman dövlətin qayğısı ilə əhatə olunur, problemlər və üzləşdikləri çətinliklərin aradan qaldılması üçün aidiyyatı qurumlar tərəfindən lazımi addımlar atılır.

 

Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə fəaliyyətini uğurla davam etdirərək, müxtəlif ölkələrdə məskunlaşan azərbaycanlılarla silsilə görüşlər keçirir. Son bir neçə gündə Niderland, Belçika və Almaniyada yaşayan soydaşlarımızla görüşlər təşkil olunub, diaspor fəallarının təklif və fikirləri dinlənilib.

 

Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov Modern.az-a bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin belə görüşləri ənənə halını alıb:

 

 

“Köln azərbaycanlıların Almaniyada kompakt yaşadığı yerdir. Hər il komitə tərəfindən burada yaşayan soydaşlarımızla görüşlər keçirilir, onların təklifləri və müraciətləri dinlənilir. Ümumilikdə belə görüşlər çox faydalı və əhəmiyyətlidir.

 

Keçən il pandemiya səbəbindən görüşümüz alınmamışdı. Amma bu il ənənə davam etdirildi. Görüşdə çox sayda azərbaycanlı iştirak edirdi. Azərbaycanlıların təklifləri dinlənildi. Ümumilikdə görüşlərimiz bizim üçün faydalı keçdi.

 

Bildirmək istərdim ki, Azərbaycan evinin tərkibində Azərbaycan dili, ədəbiyyat kursları təşkil olunur. Fəaliyyətimizi bundan sonra daha yüksək səviyyədə davam etdirəcəyik”.

 

 

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyevanın sözlərinə görə, dövlət komitəsinin keçirdiyi görüşlər azərbaycanlıların birləşməsi və aktiv fəaliyyəti üçün vacibdir:

 

“Komitə sədri Fuad müəllimlə görüşümüz çox səmərəli keçdi. İcmanın təklifləri dinlənildi. Belə görüşlər mühüm əhəmiyyətə malikdir. Burada yaşayan azərbaycanlılar görüşlərdən razı qaldılar”.

 

 

Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri İlkanə Yusifova isə qeyd edib ki, indiki məqamda əsas məqsəd daha aktiv çalışmaq və birlikdə ölkəmizi dünyada təbliğ etməkdir:

 

“Niderlandda yaşayan azərbaycanlılar tərəfindən belə görüşlərin keçirilməsi gözlənilirdi. Pandemiyaya görə görüşümüz təxirə salınmışdı. Əlbəttə, onlayn görüşlər olurdu və orada xaricdəki azərbaycanlılar iştirak edirdi. Bizim fəaliyyətlərimiz diqqətdə saxlanılır. Mütəmadi olaraq hər bir diaspor nümayəndəsi ilə əlaqədəyik.

 

Biz gördüyümüz işlər barədə, yeni baxışlar və hədəflərimiz haqqında fikir mübadiləsi aparırıq. Bu məsələlər Komitə tərəfindən keçirilən görüşdə qaldırıldı, faydalı müzakirəmiz oldu. Bundan sonra da birlikdə işləməliyik. Çünki bizim görəcəyimiz işlər çoxdur.

 

Diasporla iş üzrə Dövlət Komitəsi bizə dəstək verir ki, daha aktiv fəaliyyət göstərək. Çünki Niderland siyasətində ermənipərəstlik müşahidə edilir. Biz ölkəmizi burada fəal şəkildə təbliğ etmək üçün daha çox çalışmalıyıq. Dövlətimiz bizim yanımızdadır, biz bu dəstəyi fəaliyyətimizdə hiss edirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv