Modern.az

Ekspert Müdafiə və Xarici İşlər nazirliklərinə səsləndi: 2 sentyabrı separatçılara haram etməliyik!

Ekspert Müdafiə və Xarici İşlər nazirliklərinə səsləndi: 2 sentyabrı separatçılara haram etməliyik!

Ölkə

31 Avqust 2021, 14:54

Qarabağda məskunlaşan ermənilər sentyabrın 2-nə hazırlaşırlar. Həmin gün Xankəndidə Qarabağ separatçılarının “müstəqilliyinin” elan edilməsinin 30 illiyilə bağlı tədbirlər keçiriləcək.

Bəs rəsmi Bakı erməni separatçıların sentyabrın 2-də işğal altındakı Xankəndidə planlaşdırdıqları “30 illik müstəqillik tədbiri”nə necə reaksiya verməlidir?

Modern.az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu sualı belə cavablandırıb:

“İki yoldan birini seçməliyik: Ya olanlara seyrçi qalmalı, görməzlikdən gəlməli və reaksiya verməməliyik, ya da Müdafiə və Xarici İşlər nazirlikləri səviyyəsində həm “tədbirdən” əvvəl, həm də sonra bu “tədbiri” keçirənlərə, Ermənistandan sərhədi pozub Azərbaycan torpaqlarına qanunsuz ayaq basanlara, o cümlədən separatçılara həmin “tədbiri” keçirməyə şərait yaradan rusiyalı hərbçilərə xəbərdarlıq mesajları göndərməliyik. Bəyanatlarda separatçıların “tədbirinin” və “tədbirə” qatılmalarının bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyinə yol açacağı xüsusi vurğulanmalı, bunun onlara baha başa gələcəyi bildirilməlidir. Onlar başqa dil anlamırlar”.

Ekspertin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş illərdə Qarabağa tez-tez gələr və ağzına gələni danışardı.

“Amma 44 günlük müharibədən sonra Paşinyan Qarabağa gəlməyib, çünki bilir ki, bu səfər ona baha başa gələcək.
Birincisi, Paşinyanı Qarabağda görmək istəməyən ermənilərin sayı çoxdur, ikincisi Azərbaycan bu səfəri bölgədə gərginliyi artırmaq kimi qiymətləndirəcək, müxtəlif istiqamətlərdə toqquşmalar artacaq. Ona görə də Paşinyan müharibədən sonra Qarabağa gəlməməyə üstünlük verir. Doğru qərardır.
Digər tərəfdən keçmiş illərdən fərqli olaraq, Ermənistan rəsmiləri Qarabağa helikopterlərlə də gələ bilmirlər. Paşinyan sentyabrın 2-də də Xankəndiyə gələ bilməyəcək, o məzuniyyətdə olduğunu bəhanə gətirib, Ermənistan parlamentinin sədri isə həmin tarixdə Vyanada olacaq.

Buna baxmayaraq, Ermənistandan Azərbaycan sərhədini poub Xankəndidəki “tədbirə” qatılan təxribatçılar olacaq. Aydındır ki, separatçılar müharibə zamanı verdikləri itkilər fonunda “müstəqillik günü”nü təmtəraqla keçirməyəcəklər. Ancaq onlar “əklil qoyma mərasimi” və zalda “toplantı” keçirməklə beynəlxalq aləmə mesaj göndərməyə çalışacaqlar ki, “müstəqildirlər” və Azərbaycan qanunlarına tabe olmayacaqlar. Deməli, Azərbaycanın rəsmi qurumları bu günlərdə beynəlxalq aləmə daha gur səslə “Qarabağın müstəqilliyi anlayışı yoxdur” və “oradakı ermənilər Azərbaycan qanunlarına tabe olacaqlar” fikrini aşılamalıdır”.

E.Şahinoğlu deyib ki, Azərbaycan Müdafiə Nazirliyi 2 sentyabr gününü separatçılara qarşı bir neçə ünvanlı əməliyyatlarla qeyd etməlidir.

“Müdafiə naziri Zakir Həsənovun orduya rusiyalı hərbçilərin arxasında gizlənən separatçılara “vur!” əmri əsas götürülməlidir. Ermənilər ötən ilin sentyabrında anladılar ki, biz onlarla oyun oynamırıq, yenə eyni ayda təkrar izaha ehtiyac var. Erməni separatçılarını və onların himayədarlarını daim təzyiq altında saxlamalıyıq. Başqa alternativimiz yoxdur”.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı