Modern.az

Şəhid xanımı: “Allahdan istəyirəm ki, bizi cənnətdə qovuşdursun” - FOTOLAR

Şəhid xanımı: “Allahdan istəyirəm ki, bizi cənnətdə qovuşdursun” - FOTOLAR

Müsahibə

1 Sentyabr 2021, 12:09

“Anar mənim bitməyən sevgi nağılım idi”

 

“İlk görüşümüz nişanlandıqdan 3 ay sonra olub”

  

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir.

 

Belə xanımlardan biri də Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevadır.

 

Modern.az-ın “Şəhid xanımı” rubrikasının növbəti buraxılışında Vüsalə xanımın həyat hekayəsindən bəhs olunur:

 

 

- Nağıl kimi dünyanızın qəhrəmanı ilə necə tanış olmuşdunuz?

 

- Anar mənim üçün bitməyən sevgi nağılı idi. Anarın atası Vaqif müəllim mənim ingilis dili müəllimim olub. İlk olaraq məni atası görüb bəyənib. Sonra Anar dostuna “mən Çexiyada təlimə gedirəm, atamgilə söyləyərsən o qıza elçi getsinlər” deyib.

 

Anarı tanımadan qərar verdim. Atası mənim ən hörmət etdiyim müəllimim idi. Anarla ilk tanışlığım, ilk görüşümüz nişanlandıqdan 3 ay sonra olub. Onun mənə ilk hədiyyəsi bir ədəd qızılgül idi. Qızıl güllə mənə öz hisslərini bildirmişdi. İndi onun məzarına ancaq qızıl güllər aparıram...

 

Anar cismən yoxdur, amma ruhən son nəfəsimə kimi qəlbimdə, xatirələrimdə yaşayacaq. Ayrılıq qəlbən sevənlər üçün deyil.

 

 

- Necə oldu ki, ailə qurmağa qərar verdiniz? 

 

- Əslində ailəm razı deyildi. Çünki ailələr bir-birini tanımırdı. Mən ailəmə dedim ki, Anarı tanımıram, heç görməmişəm, sadəcə atasını tanıyıram. Atası yaxşı insandırsa,oğlu da yaxşı insan olar. Mənə elçi gələn müəllimimə “yox” deyə bilməzdim. Bu addım həyatımda ən doğru, ən uğurlu qərardır.

 

Bəylərin xanımlara evlilik təklifi etməsi bizim dövrümüzdə yox idi. Belə şeylər indi çıxıb. Müasir gənclər göstərişli evlilik təklifi, bahalı qızıllar, dəbdəbəli gəlinlik, möhtəşəm toy edirlər. Elə bilirlər ki, xoşbəxtlik budur. Xoşbəxtlik bir ömür sevdiyin insanın yanında olması, birlikdə həyatın hər çətinliyinə dözmək və ruhən bir-birinə bağlanmaqdır.

 

 

- Həyat yoldaşınızın sizi xoşbəxt edən hansı sözlərini, yaxud əməllərini xatırlayırsınız?

 

- Onun xeyirxahlığı, mehribanlığı, sadiqliyi, vətənpərvərliyi, qorxmazlığı, qəhrəmanlığı, etibarlı olması, mərhəməti və bütövlükdə Anar Əliyev mənim üçün xoşbəxtlik memarıdır. Bu gün yanımda olmasa da, mən yenə özümü xoşbəxt hiss edirəm. Onun insanlığından, qəhrəmanlığından Azərbaycan danışır. Anar unudulmaz tarixdir.

 

- Şəhadətə yüksəlməzdən öncə nə vaxt görüşmüsünüz? Sizə son sözü nə olub?

 

- Sonuncu dəfə 11 oktyabrda görüşdük. Müharibəyə gedəcəyini dəqiq bilmirdim. Günorta saat təxminən 3 olardı, evə gəldi. Bir-iki dəst paltar və 300 manat pul götürüb getdi.

 

Şəhid olduqdan sonra həmin pulu bizə qaytardılar. O pula əklil aldım, yerdə qalan 100 manatını isə vəsiqəsinin arasında saxlayıram.

 

Evdən çıxanda əlimdə bir dilim tort verdim. Evində son yediyi tort oldu...

 

Son dəfə oktyabrın 18-də danışdıq. Mənə “uşaqlara yaxşı bax, sağlamlığınıza fikir verin, özünüzdən muğayat olun” dedi.

 

 

- Övladlarınızla bağlı hansı arzuları vardı? Onları gələcəkdə necə görmək istəyirdi?

 

- Anar övladlarını sağlam, xoşbəxt və təhsilli görmək istəyirdi. Məzarı önündə söz vermişəm ki, yarım qalan arzularını gerçəkləşdirəcəyəm.

 

Anarı Əliyevi hər kəs tanıyırdı, ancaq ailədəki Anarı yalnız mən tanıyırdım. Özümlə bağlı bir arzum var: Nə qədər yaşayıramsa, Anara layiqli yaşayım, Allahdan vaxtı gələndə cənnətdə məni ona qovuşdurmağını istəyirəm. Ölüm haqdır, hər kəsin qonağı olacaq. Amma şərəfli ölüm hər kəsə qismət olmur. Əsl qəhrəmanlar ölməzdir, əbədidirlər.

 

 

Qeyd edək ki, Anar Əliyev 1980-ci il 28 avqust tarixində Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb.

 

2014-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncam göndərilib. 2015-ci ildə Müdafiə Nazirliyinin əmrilə Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl “polkonvik-leytenant” rütbəsi verilib.

 

Xüsusi təyinatlı komandir İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak edib.  O, 21 oktyabrda Xocavəndin Tuğ kəndində şəhid olub.

 

Oktyabrın 24-də İkinci Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhərmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “ Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi