Modern.az

Doğma yurdda şəhid olan Zamin Rəhimovun abidə kompleksi açıldı - FOTOLAR

Doğma yurdda şəhid olan Zamin Rəhimovun abidə kompleksi açıldı - FOTOLAR

Mədəni̇yyət

1 Sentyabr 2021, 13:10

Bu gün Vətən müharibəsinin şəhidi, əslən Cəbrayıl rayonunun Məzrə kəndindən olan Zamin Vahid oğlu Rəhimovun xatirəsinə ucaldılmış abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib. Qeyd edək ki, açılış mərasimi şəhidin yeganə övladının dogum gününə təsadüf edib.

Modern.az-ın məlumatına görə, abidə-bulaq kompleksi Binəqdi rayonu ərazisində ucaldılıb.

Mərasimdə Cəbrayıl və Binəqədi rayonları İcra hakimiyyətlərinin rəsmiləri, şəhidin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra abidə-bulaq kompleksinin örtüyü açılıb.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Arif Fərzəliyev şəhid Zamin Rəhimovun döyüş yolundan danışıb, onu yetişdirən valideynlərinə təşəkkür edib.

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Vətən müharibəsində Azərbaycan xalqının birlik, Ordumuzun isə rəşadət göstərdiyini qeyd edib. Bildirib ki, elə bir neçə gün öncə - 23 avqust tarixində Cəbrayıl rayonunun işğal tarixini qeyd etməməyimiz də Zamin kimi əsgərləimizin şücaətinin nəticəsidir.

“Zamin və digər qəhrəman şəhidlərimiz əbədi olaraq tarixdə, yaddaşlarda qalacaq”.

Şəhidin çalışdığı Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimləri Zamin Rəhimovun Vətənə, torpağa necə bağlı olmağından danışıblar.

Şəhid atası Vahid Rəhimov mərasimə gələn iştirakçılara təşəkkür edib.


Zamin Rəhimov 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində dünyaya gəlib. O, doğulduğu torpaqları uşaq olanda - 5 yaşında tərk etmək məcburiyyətində qalıb.

1993-cü ildə Cəbrayıl yağı əlinə keçəndə, Zaminin ailəsi doğma yurd-yuvasından didərgin düşüb. Ailə Biləsuvar rayonu ərazisində salınmış çadır düşərgəsində məskunlaşıb. Burada min bir əzab-əziyyətə qatlaşmalı olublar. İnanıblar ki, tezliklə Cəbrayıla qayıdacaqlar...

1995-ci ildə Zamin 2 saylı çadır düşərgəsində 1-ci sinfə qədəm qoyub... 

Bir müddət sonra ailə başçısı Vahid Rəhimov işi ilə əlaqədar yaşayış yerini dəyişməli olub. Beləcə, Rəhimovlar ailəsi Biləsuvardakı çadır düşərgəsindən Bakıətrafı əraziyə köçüb. 

Zamin də orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbində davam etdirib. 

2006-cı ildə orta məktəbi bitirəndən sonra Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumuna daxil olub. Qarmon ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayıb. Uşaqlarla qurduğu səmimi ünsiyyət sayəsində onların sevimli müəlliminə çevrilib.

Zaminin də digər gənclər kimi çoxlu arzuları vardı... Həm ailəsi, həm də körpə qız övladı ilə bağlı...

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə yola düşən Zamin Rəhimov bu addımı könüllü olaraq atmışdı. Həmin gün ailəsi onun işdə olduğunu güman edərkən, evə zəng vuran Zamin Rəhimov avtobusda olduğunu, cəbhəyə yola düşdüyünü xəbər verir. Hətta zarafatla “erməni öldürməmiş geri qayıdan deyiləm” də deyir. Və beləcə ailə üzvlərilə sağollaşmadan cəbhəyə gedir.

Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. 

Bu istəklə döyüşlərə qatılan Zamin Rəhimov böyük şücaət göstərir, əzmlə vuruşur.

Son dəfə Zamin evə zəng edəndə, ailə üzvləri ona “indi hardasan” sualı verir. Zamin cavab olaraq “bilsəniz ki, harda dayanmışam, o yerdən əyilib öpərdiniz” deyir. Zamin həmin vaxt doğulduğu, həsrətini çəkdiyi ata yurdu Cəbrayıldan zəng vururmuş.

Zamin şəhid olmazdan əvvəl sonuncu zəngində dayısı ilə danışıb və deyib: “Cəbrayılı gördüm, ölsəm də, gözüm arxada qalmaz”".

Doğma yurddan 5 yaşında çıxan Zamin bir də o yerlərə 32 yaşında cəsur əsgər kimi qayıtdı. Və öz həyatını həsrətini çəkdiyi torpaqlara qurban verdi.

Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsində iştirak edən Zamin Rəhimov 3 gün sonra - oktyabrın 7-də elə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid oldu...

Şəhid Z.Rəhimov Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Azərbaycan Prezidentinin sərəncamı ilə Zamin Vahid oğlu Rəhimov ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü"  medalları ilə təltif edilib.


Şəhidin İnci adlı bir qız övladı yadigar qalıb.


Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi