Modern.az

Lavrov yenə Qarabağdan danışdı: “Bu məsələnin həlli bir günlük iş deyil

Lavrov yenə Qarabağdan danışdı: “Bu məsələnin həlli bir günlük iş deyil”

1 Sentyabr 2021, 14:28

“Rusiyanın sülhməramlı kontingenti gərginliyi azaltmaq və etimad yaratmaq üçün Qarabağda fəaliyyət göstərir”.


Modern.az
xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirdiyi görüşdə deyib.


O bildirib ki, Qarabağ məsələsinin həllində Rusiya, Ermənistan və Azərbaycan liderləri şəxsən iştirak edirlər.

Rusiya xarici işlər naziri keçən ilin noyabrında Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasında Moskvanın həlledici rol oynadığını xatırladıb:

"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalar var. Bu iş bir gün üçün nəzərdə tutulmayıb və məsələnin həllində üç ölkənin liderləri şəxsən iştirak edir. Qarabağdakı Rusiya sülhməramlı kontingenti gərginliyi azaltmaq və etimad yaratmaq üçün hərəkət edir".


Lavrov əlavə edib ki, rusiyalı sərhədçilər hazırda "erməni müttəfiqlərinə azərbaycanlı qonşuları ilə problemləri həll etməkdə" də yardım göstərirlər.

 

İrəvanla Moskva arasındakı münasibətlərə gəlincə, Lavrovun fikrincə, ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı çox inamla irəliləyir.


"Ermənistan bizim müttəfiqimizdir. Dünən yeni xarici işlər naziri ilə (Ararat Mirzoyan - red.) yaxşı danışıqlar apardıq. İkitərəfli baxımdan çox zəngin bir gündəmimiz vardı: səfər mübadiləsi və böyük layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın inkişaf - bütün bunlar qarşılıqlı inam əsasında davam edir”.


Xatırladaq ki, 30-31 avqust tarixlərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfər etmişdi. Səfər çərçivəsində o, Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Tərəflər ikitərəfli gündəliyi, Qarabağ məsələsinin nizamlanmasını və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

 

Rusiya, Ermənistan və Azərbaycan liderləri - Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev 2020-ci il noyabrın 10-da Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər.

Atəşkəsə nəzarət etmək üçün Rusiya Federasiyası Qarabağdakı münaqişə zonasına 1960 hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirib.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir