Modern.az

Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ

Baba Vəziroğlu: “Onların gözündə həmişə yaltaq adam olmuşam” - MÜSAHİBƏ

6 Sentyabr 2021, 10:56

“Hətta Peyğəmbər belə səhv edə bilər”

 

“Sən demə, içimizdə qurdlar bəsləmişik”

 

Modern.az-ın bu dəfəki müsahibi  şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğludur.

 

- Baba bəy, bu yaxınlarda Şuşaya təşkil olunan səfərdə siz də iştirak etdiniz. Uzun illərin həsrətindən sonra doğma Qarabağa, mədəniyyət paytaxtımıza səfəriniz necə keçdi? Təəssüratlarınızı bilmək istərdik...

 

- Təəssüratlarımı sözlə ifadə edə bilmirəm. Mənim dilimin qüdrəti çatmır ki, gördüklərimi olduğu kimi ifadə edim. 1982-ci ilin qarlı yanvar günündə Şuşada Vaqif Poeziya Gününün açılışında yeniyetmə yazıçı kimi çıxış etmişəm. Səfərin təəssüratından çıxa bilmirdim. İndi təsəvvür edin ki, bundan daha yaxşı işlər görülüb. İlk gedəndə çox kədərləndim. Bizim Şuşamızda düşmən daşı-daş üstünə qoymamışdı. 30 illik həsrətin nisgili var idi, amma qürurlu idik. Çünki o zaman biz Sovet Şuşasına gəlmişdik. Özümüzü çağrılmamış qonaq kimi  hiss edirdik. Baxmayaraq ki, vilayət komitəsinin katibi erməni idi, o, Heydər Əliyevin qarşısında əsirdi. Amma indiki səfər başqa bir reallıqda idi. Biz artıq Şuşada qonaq deyildik. Zəfər yolu ilə azad Şuşaya getmişdik. Dəfələrlə dedim ki, möcüzələr sadəcə nağıllarda olur, real həyatda isə möcüzələri real insanlar yaradır. Prezident öz çıxışında düşmənlərimizə mesajlar verdi. Biz iki gecə Şuşada qaldıq. Amma yuxunun nə olduğunu bilmədik. Şuşanın bütün yerlərini gəzdik. 30 ilin həsrətinə son qoyduq. Bu dəfə Vaqif özü də qürurlu idi. Mən hiss edirdim ki, Vaqifin ruhu rahat idi.

 

Səfərin bir başqa xoş tərəfi də ondan ibarət idi ki, çoxdan görmədiyimiz qələm dostlarımızla bir yerdə toplaşmışdıq. Elə bil, Şuşa bizim hamımızı birləşdirdi. Hətta mən orada gördüm ki, bir-birindən küsülü yazıçılar elə qucaqlaşıb-görüşürdülər ki, onları başqa yerdə belə görmək olmaz. Şuşa hamını bir-birinə yaxınlaşdırmışdı. Hətta Şuşada komendant saatı hökm sürür. Amma bizə güzəştlər oldu ki, doğma Şuşanın axşamlarını doyunca seyr edək.

 

-Şuşadan Xankəndini seyr edə bilirdiniz. Xankəndinə baxarkən ürəyinizdən nələr keçirdi?

 

- Ermənilər bizə necə həsrətlə, yazıq-yazıq baxırdılar. Çünki onlar doğurdan da acınacaqlı vəziyyətdə yaşayırlar. Bizim gülüb-danışmağımızı, bahalı maşınlarımızı görüb, hansı hissləri keçirdiklərini anlaya bilirdik. Təsəvvür edin ki, nəfəs qədər yaxın olan bir yerdə xoşbəxt xalq yaşayır, gələcəyə gedir, sən isə ancaq qara fikirlərlə qonşuna baxırsan. Həyatını mənasız şəkildə başa vurub, cəhənnəmə gedirsən. Onların vəziyyəti bu gündədir. Möhtəşəm quruculuq işləri bunların gözü qabağında baş verir.

 

Şuşa gecələr işıqlı, möhtəşəm görünür. Xankəndidə yaşayan ermənilər bunu yaxşı görürlər. Elə bil Qarabağda yeni bir ulduz doğulub. Mən nağıllara inanmıram, tarix kitablarında yazılsaydı ki, bir il keçməmiş bu qədər işlər görüləcək, inanmazdım. Nə qədər mədəniyyət abidələri yenidən istifadəyə verilib. Şuşada həyat qaynayır. Ümumiyyətlə, insanda fərəh başqa şeydir. İnsan fərəhli olanda gördüyü iş də gözəl olur. Mən orada görürdüm ki, tikinti işçiləri, mühəndislər necə həvəslə işləyirlər, Şuşanın gələcəyini düşünüb, öz töhfələrini verirlər.

 

- Səfərdən sonra Şuşa haqqında şeirlər yazmaq, oranın gözəlliyini vəsf etmək barədə düşünürsünüzmü?

 

- Bəli. Şuşa haqqında mənim çoxlu şeirlərim var. Həm işğaldan əvvəl, həm də sonra Şuşayla bağlı şeirlər yazmışam. Şuşa vəsf olunub, bitən deyil. İnşallah ki, Şuşa haqqında , Qarabağ zəfəri haqqında ən gözəl şeirimi yazacağam. Mənim üçün ən yaxşısı “Cənab Ali Baş Komandan” şeiridir.

 

 Bu şeirdən bir hissəni sizə də söyləmək istəyirəm:

 

Sənin kimi fatehi zaman yetirməz bir də,

Haqq-ədalət carçısı, tarix yazan sərkərdə.

Səndən ilham, güc alır zabit, əsgər səngərdə,

Hərb və sülh meydanında qələbə çalan adam -

Cənab Ali Baş Komandan!

 

Sən yalnız, tək deyilsən, dağ kimi millətin var,

Sabaha addımlayan müstəqil dövlətin var.

Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,

Səninlə Azərbaycan - bir könüldə iki can -

Cənab Ali baş Komandan!

 

 - Başqa bir suala cavab verməyinizi istərdim. Bu gün mədəniyyət sahəsində fəaliyyət göstərən gənclərdən razısınızmı?

 

- Əlbəttə, yenə Şuşaya qayıtmaq istəyirəm. Bir neçə istedadlı şair oradakı tədbirdə iştirak edirdi. Yaşlı və nüfuzlu sənətkarlarla birlikdə çoxlu istedadlı gənclər vardı. Bəziləri ilə mən orada tanış oldum. Onlara geniş meydan açılıb. Mənə şeir gecələrində şeir oxumaq təklif olunsa da, istəmədim. Qoy, cavanlar şeirlərini oxusunlar. Bizim indi çox  istedadlı gənclərimiz var. Bu gənclər vətənpərvərdilər, düzdür, onların bəzilərinin mənfi meyilləri  var. Yaxşı ki, həmin şəxsləri dəvət etməmişdilər. Oraya sadəcə seçmə gənclər dəvət olunmuşdu. Cavanlara hər zaman dəstək olmağa çalışmışam. Maddi, mənəvi, heç nəyə gücüm çatmayanda xoş sözlər deməyə çalışıram. Çünki mən özüm də bu yollardan keçmişəm. Bəxtiyar Vahabzadə, Cabir Novruz kimi  sənətkarlar mənə dəstək olub. Bir növ mənəvi borcumu qaytarıram ki, qoy, onlar da gələcəkdə bu ənənəni davam etdirsinlər.

 

- Belə bir deyim var: müəyyən yaş həddinə qədər sən adına xidmət edirsən, bəlli yaşdan sonra ad sənə xidmət edir. Necə düşünürsüz, Baba müəllim Azərbaycan mədəniyyətində özünü hansı pillədə görür?

 

- Bu artıq bir hökmdür. Doğurdan da müəyyən yaşa qədər özünə bir mövqe qazanırsan, sonra əziyyətinin bəhrəsini görməyə başlayırsan. Elə bil, bir bağban kimi bəhrəsini alırsan. İndiyə qədər çalışmışam ki, sözə xəyanət etməyim. Bəzi kampaniyalar müvəqqətidir, bunlardan uzaq olmaq lazımdır. Bunlar hamısı ədəbiyyata yad şeylərdir. Ədəbiyyat budur ki, doğru şeyləri qələmə alasan. Sən kənardan sifarişlərlə, siqnallarla hərəkət edəndə artıq orada yazıçılıq bitir.

 

Şükür Allaha ki, indiyə kimi bu prinsipləri qorumuşam. Ona görə də  hər yerdə hörmətim var. Həm öz yaşıdlarım arasında, həm  hökumət  dairələrində, həm də vətənsevən insanlar arasında özümə hörmət  görürəm. Mənim qürur yerim budur ki, çox şeyi düz eləmişəm. Düzdür ki, səhvsiz insan olmur. Hətta Peyğəmbər belə səhv edə bilər. Amma, əsasən, düz yoldayam və yolumdan dönməmişəm.

  

- Son vaxtlar nədən narazısınız? Hansı məqamlar sizi narazı salır?

 

- Söz azadlığından danışan adamlar həmişə söz azadlığını pozmağa çalışırlar. Bu yaxınlarda Flora xanım ordenlə təltif olundu, təqaüd verildi ona. Sosial şəbəkədə mən uzun illərdir ki, dostum olan Flora xanımı təbrik etdim. İndiyə qədər ki, xidmətlərinə görə bu ad verilib və Cənab Prezidentə təşəkkür etmişdik. Sonra gördüm ki, Floraya nələr yazıblar. Sən demə, içimizdə qurdlar bəsləmişik. İndi onlar yəqin ki, bir mərkəzdən idarə olunur. Sonra Flora xanımı buraxdılar, düşdülər  mənim üstümə ki, sən də onun kimi yaltaqsan.

 

Dəhşət, inana bilmədim ki, kimlərlə birlikdə bu ölkədə yaşayıram. Mən sadəcə dostumu təbrik etmişəm, sənətinə qiymət verirəm. Sən deyəndə ki, filankəs böyük adamdır, mən deyirəm, yox, özün bilərsən. Fikir azadlığı budur. Tülkiyə şir deyə bilərsən, amma heç demirəm, bu mənim işimdir. Mən deyəndə sən niyə təhqir edirsən, divara dirəyirsən?  O zaman gördüm ki, sosial şəbəkə deyilən yerdə heç bir mədəniyyəti olmayan insanlar baş alıb gedir.

 

Məni həqiqətən son illərdə təəssüfləndirən hadisə bu oldu. Mən dostumu təbrik edirəm, qara qüvvələr gəlib mənim üstümə düşür ki, o kimdi ki, sən onu təbrik edirsən, deməli, sən də onun kimi yaltaqsan. İnanın, nə qədər istəyirəm ki, bu hadisə yadımdan çıxsın, olmur. Təbii ki, mən onların heç birinə cavab yazmadım. Cavab yazmaq onların səviyyəsinə düşmək deməkdir. Ona görə də sosial şəbəkələrdən qorxuram, siz deyəndə ki, özünüzü hansı yerdə hiss edirsiniz, deməyə də çəkinirəm. Qara qüvvələrin gözündə həmişə yaltaq adam olmuşam.

 

Mən Cənab Prezidentə deyirəmsə ki, çox sağ olun, siz bizi Zəfər yolu ilə Şuşaya gətirdiniz. Buna görə deməli, mən pis adamam? Mən sizin dediyinizi demədiyim üçün pis, yaltaq oluram? İndiyə qədər Azərbaycanın rəhbərliyində nə qədər adam olub, hansının ünvanına xoş söz ünvanlamışam?  Mən sadəcə həqiqəti deyirəm. 30 ildən sonra Şuşada toy-bayram edirəm, bu işin müəllifinə, memarına nə deyim mən?  Bu barədə çox danışmaq da adamın qanını qaraldır. Ona görə də son günlərdə sosial şəbəkələrdən uzaq olmağa çalışıram.

 

-  Sizi niyə həmişə məhəbbət şairi kimi tanıyırlar?

 

- Mənim üslublarım çoxdur.  Azərbaycanda ciddi nəsr yazarıyam, beş nəsr kitabım var, onlar ağır ədəbiyyatdır. Həmçinin kino-ssenaristəm, neçə-neçə filmlərin ssenari müəllifiyəm. Hətta meyxanalar belə yazmışam. Sadəcə dinləyicilərə tez çatan romantik şeirlərdir. Amma dünya və Rus ədəbiyyatından çoxlu tərcümələrim var.  Bizim gənclik, oxucu kütləsi romantik əhval-ruhiyyədə olduğu üçün ən çox belə şeirlərim sevilir. Bu da normal haldır. 

 

Ciddi ədəbiyyatı oxumaq, anlamaq bir az çətin işdir. Mahnı janrı bir az fərqlidir, ünvanına tez çatır. Bu gün mahnı yazırsan, sabah dillər əzbəri olur. Bu mənadə bəzən məni məhəbbət şairi adlandırırlar. Mən özümü heç məhəbbət şairi adlandırmazdım. Özümü normal, ciddi bir yazıçı, şair, tərcüməçi, publisist sayıram. Həmçinin televiziyaçı sayıram ki, bu gün televiziyada gördüyünüz bir çox insanı mən işə götürmüşəm.

 

- Uzun illər mahnı janrının inkşafında xidmətləriniz olub. Son vaxtlar sevilən, populyar olan mahnılar sizi qane edirmi?

 

- Azərbaycanın mahnı sahəsi mənə yaxın olduğuna görə, ondan danışıram. Bu gün mahnı janrı bərbad gündədir. İran, fars, hind, Avropanın bədnam molodiyaları bizim mahnımıza yol açır. Vallah, biz özümüzü yaddan çıxarmışıq. Halbuki, bütün dünya bizim mahnımıza heyrandır. Amma biz onun köhnə, yamaqlı töküntüsünə göz dikmişik. Bu hallar aradan qalxsa, hər şey yaxşı olacaq. Amma hələ ki ciddi musiqi yaranmır, bu məni çox yandırır. 

 

- Baba bəy, müsahibə üçün təşəkkür edirik. Oxuculara çatdırmaq istədiyiniz ürək sözləriniz varmı?

 

- Mənim  oxuculara nəsiyyətlərim əvvəl bir az sərt idi, indi yumşalıb. Çünki hiss edirəm ki, məlum keçid dövrü yavaş-yavaş gəlib çatıb. İnsanlar kitaba, mədəniyyətə qayıdır. “Nəsimi” filmində deyilir ki, dünyada iki cür insan var: cahil və kamil. İnsanlar artıq cahilliyin nə olduğunu dərk edirlər, kamilliyə doğru can atırlar, bu məni çox sevindirir.

 

Bir daha demək istəyirəm ki, insanlar kitab oxusun. Azərbaycan mədəniyyəti xəzinədir, ondan istifadə etmək lazımdır. Görürsünüz ki, bizim bədnam qonşuların heç nələri yoxdur, hər qonşudan bir şey çırpışdırır, özlərinki etməyə çalışırlar.

 

Təəssüflər olsun ki, bu qədər tükənməyən xəzinəmiz var, yetərincə qədrini bilmirik. Biz gedib qızıl üstündə otura-otura başqalarının zibilinə göz dikirik. Mən insanlara deyirəm ki, kitab oxusunlar, gözəl musiqi dinləsinlər. O zaman insan da gözəl olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi