Modern.az

Süleyman Rüstəm şerlərində satirik mənzərə

Süleyman Rüstəm şerlərində satirik mənzərə

6 Sentyabr 2021, 16:03

Azərbaycan ədəbiyyatında satira xüsusi yer tutur. Bu janrda yazan ədiblər sırasında S.Ə.Şirvaninin, M.Ə.Sabirin, C.Cabbarlının, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin və digərlərinin adlarını çəkmək olar. Azərbaycan satirik poeziyasının zirvəsi sayılan M.Ə.Sabir “Molla Nəsrəddin” jurnalının satirik şer məktəbinin yaradıcısı, C. Məmmədquluzadə isə satirik nəsrin banisi, XX əsrin əvvəlləri Azərbaycandakı satirik yazıçıların müəllimi olmuşdur.


Zaman-zaman ədiblərimiz bu janrdan məharətlə bəhrələnərək, öz yaradıcılıqlarında maraqlı əsərlər ərsəyə gətirməyə müvəffəq olmuşlar.


Bu baxımdan, xalq şairi Süleyman Rüstəmin satirik şerlərindən söz açmaq yerinə düşər. O, həm də mahir, qüvvətli bir satirik şairdir. Təbiətcə çox zarafatcıl, yumorlu, məzəli bir insan olan S.Rüstəm hədsiz dəyərli, kəskin, kəsərli, yadda qalan satirik şerlər də yaratmışdır. Sovet senzurası rejimində satirik şerlər yazmaq hər kişinin hünəri deyildi. Bu şerlərdə S.Rüstəm avaraları, bədxahları, boşboğazları, xalq, millət malını talayanları, müti, ikiüzlü və yaltaq insanları, mənsəbpərəstləri, pul düşgünlərini, vəzifə hərislərini və s. qamçılayır, məmur özbaşınalığını ifşa edirdi.


S.Rüstəmin satirik dünyasından bəzi nümunələrə nəzər yetirdikdə bunları açıq şəkildə görmək mümkündür.


Vəzifə başında olanlara yaltaqlıq etmək, onların daimi həndəvərində dolanmaq, vəzifədən gedəndən sonra isə onların yolunda görünməməyi tərci edən məxluqları şair “Qeyri-şairanə bir mənzərə” şerində belə təsvir edirdi:

 

Artıq bir vəzifə daşımıram mən,

Gözümə dəymirsən-qəribədir, sən

Sağıma baxıram-sağımda yoxsan,

Soluma baxıram-solumda yoxsan.

Bağıma baxıram-bağımda yoxsan.

Yoluma baxıram-yolumda yoxsan.

Yaxşı ki, yoxsan.

 


Şair “Dünya bir şey itirməzdi” şerində həyatda doğru yol seçənlərin ayağına dolaşan, boş-boş giley-güzar edən, insanları bezdirən, cana gətirən, mənəm-mənəm deyən ünsürlərə tutarlı cavab verib:

 

Gəl özünü adlandırma millətimin görən gözü,

Sənə övlad dediyinə peşimandır Vətən özü.

Qoy eşitsin qulaqların Süleymandan bu haqq sözü,

Dünya bir şey itirməzdi, sən dünyaya gəlməsəydin.

 

Gündə bir cildə girib, yalana çirkinliyə, həsədə, pozğunluğa, məsləki diləyi gülşənsizə, xidmət edən ünsürlərə qəzəbini, nifrətini xilə gətirən şair varlığını, həyatının mənasını, adını, sanını cibində görən, çürük rüşvət ağacının bəhrəsindən gözu ayağının altını görməyənlərə tutarlı cavab verir:

 

... Sağa, sola parası çox ciblərini göstərərdin.

                            Bir peyğəmbər əbasına bürünürsən hər yerdə sən,

İnsan kimi yaşamırsan, sürünürsən hər yerdə sən,

Gözlərimə çox eybəcər görünürsən hər yerdə sən,

Mənası bir heçə dəyməz “adın”, “sanın” cibindədir

 

Qoy bir daha ürəksizlər gözlərimə görünməsin,

Arzusuzlar, diləksizlər gözlərimə görünməsin.

Vətənsizlər, məsləksizlər gözlərimə görünməsin.

Qəlbimdədir, dəyişməyən həqiqətimim, qəlbimdədir,

Alınmayan, satılmayan məhəbbətim qəlbimdədir.

 

Ömrünü mənasız keçirərək, beş-on nadanın xoşuna gəlmək üçün bir oyunbaz kimi atılıb-düşən, danışanda ağzı köpüklənən, gözləri bərələn, ətrafındakı insanları gözündə çör-çöp sayanlar da şairin satirik qələmindən yan keçmir.

 Xüsusilə, heç bir səviyyəsi olmayan, təşkilatçılıq, rəhbərlik, natiqlik nə olduğunu bilməyən, min cür əyri yolla vəzifəyə yiyələnən, vəzifənin məsuliyyətini və əhəmiyyətini anlamayan, insanları saatlarla qəbul otağında saxlamağa vadar edərək, sonda onları qəbul etməyən, şəninə ağız dolusu mədhiyyələr söyləyən antipodlara şair çox maraqlı cavab verib:

 

Ömürlük zənn etdin öz vəzifəni

Sandın qəbrə qədər keçəcək belə.

Görmədin qəlbini yeyən düşməni,

Günləri toz kimi sovurdun yelə.

 

Bir gün yadındamı, gözlətdin məni,

Qəbul otağında saatlarla sən.

İş vaxtı qurtardı görmədim səni,

Bundan zərrə qədər incimədim mən.

 

Bax indi atından enmisən yerə,

Qaçıb məddahların dövrəndən artıq.

Bir adam olardın özünə görə,

Vaxtında bunları görsəydin, yazıq!

 

Dədələr, babalar gözəl deyiblər;

Vəzifə insana deyildir bəzək.

Xalqın ürəyindən verərək, xəbər

İnsan vəzifəni bəzəsin gərək.

 

Bəzi dostbazlar dəllal cildinə girərək, öz dostlarından istifadə etməklə işlər düzəldir, pul qazanırlar. Bu zaman onlar “xəcalətli qalmaram”, “gör məni, görüm səni”, ifadələrindən məharətlə istifadə edirlər. Şair bu cür insanlara da etinasız qalmır:

 

Deyirsən ki, “mənimçin dosttək düzəlt bu işi,

Xəcalətli qalmaram axı, kişiyəm, kişi”...

... Dostluq əgər budursa, tüpürüm bu dostluğa,

İş belə baş tutarsa, tüpürüm bu dostluğa.

... Düşmənidir gözümün-düşmənidir, düşməni.

“Gör məni, görüm səni, görüm səni, gör məni”.

 

Lovğalıq xəstəliyinə tutulanlar, “mənəm-mənəm” deyənlər, özünü ifrat dərəcədə bəyənənlər şairin satirik qamçısından yayına bilmir;

 

Hey özündən deyirsən hər yerdə,

Təpəyə dağ deməklə dağ olmaz.

Yediyindən də razısan xeyli,

Pendirə yağ deməklə yağ olmaz

Görməyirsən alaq basıb bağını,

Kolluğa bağ deməklə bağ olmaz

Dandın artıq, yetər, sözün düzünü,

Qaraya ağ deməklə, ağ olmaz.

 

S.Rüstəmin satirik şerləri içərisində “Böhtanzadə” şeri öz məzmunu ilə seçilir. Şerdə imzasız məktubları ilə iftiralar ataraq insanları məhkəməyə çəkən Böhtanzadə Ramazanın “xidmətləri”ndən bəhs olunur. Bu “qəhrəmanın” iftira dolu imzasız məktublarının ünvanı kifayət qədər çoxdur. Şair bu satirik qəhramanını belə qamçılayır:

 

Ton-ton kağız korlayıb, milyon böhtan yazıb o

Bəs o kimdən yazmayıb? Yox, hamıdan yazıb o.

Dostundan, aşnasından, qohum-əqrəbasından.

Sümüyü sürmə olmuş rəhmətlik babasından.

Oğlundan, gəlinindən, arvadından, qızından,

Heyvərə xalasından, nazəndə baldızından,

Qonşuların çırağban evindən-eşiyindən.

Ördəyindən, qazından, itindən, pişiyindən.

Orda oturanlardan.

Burda oturanlardan.

Gorda oturanlardan.

Hamıdan və hamıdan...

Böhtanzadə Ramazan.

... Öz küt başını vurdu dilsiz divara, birdən,

Canlandı gözlərində yeni ad, yeni-düşmən.

Bağırdı:- Tapdım,-deyə, döndü ürəyi dağa,

Bağladı yavaş-yavaş öz-özündən yazmağa.

Uşaqlıqdan pul haqqında, pula hərislər haqqında çox eşitmişdim. Satirik şair Rüfət Zəbioğlu dünya mülkünü “pulda görənləri” ifşa edən, “Budu bu” şeri xüsusi maraq doğururdu:

 

Tağ atıb pul gücünə cibdə badımcan yetişir,

Pul üçün düşmən olub qardaşa qardaş, didişir.

Nə gözəl şeydi bu pul, hər şeyə imkan budu bu,

Nədi pul? Mülk, masın, tazə kəsilmiş əl əti,

Sənə pul göstərərəm yalta bilərsən Ələti.

 

S.Rüstəmin satirik şerlərini vərəqləyərkən pul hərislərini ifşa edən “Mən varlıyam, sən yoxsul” şerində yuxarıda qeyd etdiyim serlə bir həmahənglik diqqətimi çəkdi. Ədib böyük məharətlə həyatın mənasını yalnız pulda görənləri öz satirik qələminə hədəf alıb:

 

Ey məclislər başında vardan söz açan adam,

Ciblərindəki cansız yardan söz açan adam.

Dilin pul, nəfəsin pul,

Eşqin pul, həvəsin pul

Sözündən pul tökülür.

Gözündən pul tökülür.

Piylənmiş əndamında tərin də puldur sənin,

Dərin də puldur sənin.

Sağda pul asqırırsan, solda pul asqırırsan,

Yolda pul asqırırsan.

 

Baxıb sənə gülürəm,

Mən çox gözəl bilirəm.

Yoxdur zərrə hörmətin,

El içində şöhrətin.

Dünyanın ən yoxsulu, sübhəsiz məncə sənsən,

Heç vaxt hörmət sahibi ola bilməyəcəksən.

Namus, qeyrət sahibi ola bilməyəcəksən.

... Atalar əcəb deyib, ömrə bəzək deyil pul,

Xoşbəxtlər xoşbətiyəm – mən varlıyam, sən yoxsul!

 

Bununla yanaşı, Süleyman Rüstəmin bəzi serlərində bu günün işini sabaha qoyanlar, astagəllik edənlər, tənbəllər, “inşallah”, “Allah qoysa”, düzələr deyib yola verənlər də şairin satirik qələminə tuş gəlib:

 

Mən desəm haqqını al, sən demə: “Allah qoysa”,

Vətənin dərdinə qal, sen demə: “Allah qoysa”.

Keçmiş ağ günlərini, qüdrətini, şöhrətini

Mən desəm bir yada sal, sən demə: “Allah qoysa”.

Mən desəm gəl görüşək, can evimizdən əbədi

Qovsun hicranı vüsal, sən demə: “Allah qoysa”.

Mən desəm yaxşı düşün, xalqımı inkar edənə

Ayıq ol, vermə, macal, sən demə: “Allah qoysa”.

Mən Süleyman bilirəm dərdimizin çarəsini,

Söyləsəm, qardaş, ucal, sən demə: “Allah qoysa”.

Milyon inşallah ilə ağ günə çıxmaq olmaz,

Mən desəm “Cəngi”ni çal, sən demə: “Allah qoysa”.

 

Məncə, Azərbaycan ədəbiyyatında böyük həcmli əsərləri, lirik şerləri, qəzəlləri, nəsr və dram əsərləri, siyasi, vətənpərvərlik, müharibə və cənab mövzusunda yazdıqları əsərləri ilə populyarlıq qazanan xalq şairi, böyük ustad Süleyman Rüstəmin satirik şerləri də oxucular, ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacaqdır.

 


Qafar Əsgərzadə,
əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi