Modern.az

Tokioda 3 qızıl medal qazanan Ramana nə qədər pul veriləcək? - MƏBLƏĞ

Tokioda 3 qızıl medal qazanan Ramana nə qədər pul veriləcək? - MƏBLƏĞ

Aktual

6 Sentyabr 2021, 16:05

Bu gün Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, yarışlarda əldə etdikləri yüksək nəticələrə görə idmançılara və onların məşqçilərinə pul mükafatları təyin edilib. Belə ki, birinci yeri tutan hər bir paralimpiyaçıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat, nəhayət üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat məbləğində mükafat veriləcək.

 

Qeyd edək ki, ötən gün XVI Yay Paralimpiya Oyunlarına yekun vurulub. Azərbaycan komandası yarışda 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanaraq böyük uğura imza atıb.

 

Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk “10-luq”da qərarlaşıb.

 

Komandamızın heyətində Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanıblar.

 

 

Paralimpiyaçımız Raman Saleh Tokioda tarixi rekorda imza ataraq 3 qızıl medal qazanıb. O, dövlət himnimizi Yaponiyanın paytaxtında keçirilən mötəbər yarışda 3 dəfə səsləndirib, bayrağımızı ən yüksək zirvəyə qaldırıb.

 

Paralimpiya oyunlarının tarixinə düşən Raman Salehə 3 qızıl medal qazandığına görə, 600 min manat pul mükafatı veriləcək. Onun məşqçisi üçün 300 min manat vəsait ayrılıb.

 

Məlumat üçün bildirək ki, Raman Saleh “Tokio-2020”də 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında bütün rəqiblərini geridə qoyaraq, paralimpiya çempionu olub.

 

Üçqat çempionumuz Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif olunub.

 

Beynəlxalq yarışlarda ölkəmizi təmsil edən belarus əsilli para-üzgüçü Roman Sergeyeviç Saley 1994-cü il fevralın 27-də anadan olub. O, ölkəmizə 2013-cü ildən Azərbaycanın şərəfini qoruyan qardaşı Dmitrinin tövsiyəsi ilə gəlib.

 

Raman Saleh ilk dəfə Azərbaycan bayrağı altında 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarına qatılıb. Həmin turnirdə 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında gümüş medal qazanıb. Daha öncə müxtəlif illərdə iki dəfə dünya ikincisi və iki dəfə də dünya üçüncüsü olub.

 

Onun böyük qardaşı Dmitri Saleh də üzgüçüdür və Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edərkən 2 gümüş medal qazanıb. O hazırda Belarus bayrağı altında çıxış edir.

 

Bundan öncə Raman Saleh və qardaşı Dmitri Saleh XV Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə təltif ediliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır