Modern.az

Soyuq Arktikada göyərti yetişdirən, mal-qara saxlayan azərbaycanlı fermer – UĞUR HEKAYƏSİ

Soyuq Arktikada göyərti yetişdirən, mal-qara saxlayan azərbaycanlı fermer – UĞUR HEKAYƏSİ

8 Sentyabr 2021, 10:02

Yer kürəsinin ən soyuq yerlərindən olan Şimal Qərb dairəsində çox az insan yaşayır. Başqa adı ilə Arktia adandırılan bu dairə Rusiya, Kanada, ABŞ və Skandinaviya ölkələrinin şimal ərazisini əhatə edir. Rusiya ərazisində yerləşən Komi Respublikası da Şimal Qütb dairəsinə daxildir.

 

Ekstremal iqlim şəraitinə görə bu ərazilərdə kənd təsərrüfatı, o cümlədən əkinçilik və maldarlıqla məşğul olmaq mümkünsüz sayılır. Amma azərbaycanlı fermer, Rusiyanın Komi Respublikasının Vorqaşor qəsəbəsində yaşayan Cəlil Əliyev zəhmətkeşliyi və biznes duyumu sayəsində mümkünsüzü mümkün edib.

O, bölgənin ən uğurlu fermeri sayılır və yerli sakinləri təbii kənd məhsulları ilə təmin edir. Modern.az xəbər verir ki, azərbaycanlı fermerin uğur hekayəsi Rusiya KİV-nin diqqətini çəkib.

 

14 yaşından tarixi vətəni Azərbaycanda kolxozlarda çalışan Əliyev 1990-cı illərdə iş arxasınca Komi Respublikasının Vorkuta dairəsinə köçür. O ilk vaxtlar Şimal Qütb dairəsinin ən böyük sovxozlarından olan “Zapadnıy”da işləyir.

 

Sovxoz bağlanana qədər 10 il orada çalışır. Cəlil Əliyev işdən ayrıldıqdan sonra fermer olmaq qərarına gəlir və Vorqaşor qəsəbəsində 2 kiçik istixana inşa edir. Burada yetişdirilən göyərtilər ilk vaxtlar yalnız ailə ehtiyaclarının ödənilməsinə sərf edilir. Tədricən, fermerin yetişdirdiyi keşniş, nanə, şüyüd, pərpətöyün və s. məhsullar dost-tanışları tərəfindən də alınmağa başlayır.

 

Bölgədə qısa müddətdə keyfiyyətli məhsul istehsalçısı kimi tanınan Cəlil Əliyev biznesini genişləndirərək, quşçuluq sahəsində fəaliyyətə başlayır. O, qaz təsərrüfatı yaradır.

 

“Ötən il 13 qazım var idi, hamısını satın aldılar. Hər quş 6 kiloqram çəkidə idi. Onları kəsməyə ürəyim gəlmir, axı, hər gün onlarlayam. Bunun üçün tanışlarıma müraciət edirəm. Bu il artıq 100 qaz almışam. Təəssüf ki, onların bəziləri tələf oldu. Belə hallar təbiidir. Paralel olaraq, toyuq və bildirçin də yetişdirirəm. İqlimə baxmayaraq, hər gün təmiz və yeni kənd məhsullarım var”.

 

Kənd təsərrüfatı məhsullarını kənardan almağa məcbur olan Komi Respublikasında Cəlil Əliyevin məhsullarına tələbat çox yüksəkdir. Ondan göyərti, yumurta, quş əti almaq üçün uzaq yol qət edərək gələn daimi müştəriləri var.

 

 Cəlil Əliyev gələcəkdə quş fabriki və inək təsərrüfatının yaradılmasını, biznesini daha da genişləndirməyi düşünür. O, Arktikada, soyuq iqlim şəraitində əkinçilk və heyvandarlığın inkişaf etdirilə biləcəyini öz əzmkarlığı və iradəsi ilə sübut edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir