Arxiv
8 Sentyabr 2021, 12:35 | ZƏNGƏZUR
Paşinyan Zəngəzur dəhlizinə “HƏ” dedi

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi barədə danışıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan çərşənbə günü hökumətin iclasında Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında əlaqə qurulmasına anlayışla yanaşdığını söyləyib.

 
Paşinyan Ermənistanın bölgədə kommunikasiyaların açılması məsələsində qətiyyətli olduğunu vurğulayıb.


Baş nazir xatırladıb ki, hələ avqustun 24-də hökumətin 5 illik proqramını parlamentdə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib məsələlərdən biri olacağını bildirmişdi.


"Bildiyiniz kimi, yenidən baş nazir vəzifəsinə seçildikdən sonra İrana səfər etdim və bu gün Gürcüstana gedirəm. Hər iki ölkə ilə müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mühüm rol oynayır. Bu konteksdə Şimal-Cənub nəqliyyat dəhlizi proqramının reallaşdırılmasına da önəm verirəm".

Onun sözlərinə görə, Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması məsələsi müzakirə olunur.


“Bizim üçün Rusiya və İranla dəmir yolu əlaqəsi qurmaq çox vacibdir. Məsələnin həlli üçün Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılaşması əsasında danışıqlar aparırıq. Azərbaycan da özünün Qərb əraziləri ilə Naxçıvan arasında əlaqə yaratmağı hədəfləyir.
Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq".


Paşinyan əlavə edib ki, İrəvan Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh danışıqları prosesinin bərpasına ümid edir.

Bundan əlavə, Paşinyan Azərbaycanla delimitasiya və demarkasiya prosesini həyata keçirmək üçün müvafiq şəraitin yaradılmasının vacibliyini diqqətə çatdırıb.
 

O həmçinin əlavə edib ki, İrəvan hərbi əsirləri ən qısa zamanda geri qaytarmağa ümid edir.

Xatırladaq ki, 2021 -ci il yanvarın 11 -də Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında aparılan danışıqlardan sonra bölgədə kommunikasiyaların bərpası üçün baş nazir müavinlərinin rəhbərliyi altında işçi qrupun yaradıldığı elan edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv