Arxiv
8 Sentyabr 2021, 18:04 | MEDİA
Azərbaycan jurnalistləri həmrəydilərmi?“Var, amma natamamdır...”

Bu gün - 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür. Bu əlamətdar tarix 1958-ci ilin mayında Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində qəbul edilən qərara əsasən qeyd olunur.

 

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü çex jurnalisti Yuliuse Fuçikenin 8 sentyabr 1943-cü ildə hitlerçi faşistlər tərəfindən qətlə yetirilməsinin xatirəsinə təsis olunub. Əksər xarici ölkələrdə qələm əhli həmrəylik nümayiş etdirərək Jurnalistlərin Beynəlxalq Həmrəyliyi gününü qeyd edirlər.

 

Bəs Azərbaycanda jurnalistlər həmrəydirlərmi?

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a bildirib ki, bu günün Azərbaycan jurnalistikası ümumən cəmiyyətlə həmrəydir. Cəmiyyətdə baş verən elə bir hadisə və proses yoxdur ki, orada medianın rolu duyulmasın:

 

“Bu isə şübhəsiz ki, həm də jurnalistlərin bir-birilə həmrəyliyi deməkdir. Əgər onlar bir-biriləri ilə həmrəy ola bilməsələr, cəmiyyəti, vətəndaşları düşündürən, narahat edən, ən əsası isə dövlətçiliklə bağlı məsələlərə münasibətdə vahid mövqe ortaya qoymağı bacarmazdılar. Biz isə mütəşəkkillik, səfərbərlik görürük. Hesab edirəm ki, bu ab-hava jurnalistikamız adına həm də böyük uğur sayılmalıdır”.

 

 

 

Ə.Amaşovun fikrincə, Azərbaycanda jurnalistlərin konkret olaraq bir-biriləri ilə həmrəyliyinin kifayət qədər nümunələri var:

 

“Bilirsiniz ki, vaxtilə jurnalistikada qütbləşmə var idi. Media təmsilçiləri ayrı-ayrı siyasi qrupların maraqlarından çıxış edirdilər. Şərti şəkildə müxalifət-iqtidar jurnalistikası adlandırılmış deyimlər də var idi. Hazırda belə hallar demək olar ki, müşahidə edilmir. Əslində bunun özü də jurnalistikanı güclü edən məqamdır. Çünki müxtəlif maraqlar heç vaxt cəmiyyətin maraqlarından üstün olmamalıdır. Media təmsilçilərimiz məsələni yetərincə dərk edirlər, dəyərləndirməyi bacarırlar. Bir daha deyim, onlar yaxşı bilirlər ki, bir-biriləri ilə həmrəylik ümumən ölkə üçün həmrəylik deməkdir”.

 

 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə hesab edir ki, Azərbaycanda qələm əhli arasında həmrəylik var, lakin natamamdır.

 

“Azərbaycanda jurnalistlərin peşə həmrəyliyi var. Jurnalistlər 22 iyul Milli Mətbuat Günündə və başqa özəl günlərdə bir araya gəlirlər. Təqibə və təzyiqə məruz qalan jurnalistlərin hüquqlarının qorunması üçün kifayət qədər həmrəylik göstərə bilirikmi, artıq burada fikir parçalanır. Bu sahədə ölkəmizdə həmrəylik var, amma natamamdır. Peşə həmrəyliyinin təmin olunması, jurnalistikanın problemlərinin aradan qaldırılması üçün həmrəyliyin konkret mexanizmi mövcuddur. Beynəlxalq standartlar ondan ibarətdir ki, problemlə üzləşmiş jurnalistin məsələsi ilk öncə ictimailəşdirilməlidir. Bu informasiyanın ictimailəşdirilməsi baxımından dəstək almalıdır, media və sosial şəbəkədə paylaşılmalıdır. Hüququn bərpa olunması üçün atılan addımlarda natamamalıq kompleksi ortaya çıxır. Jurnalist təşkilatlarının özlərinin institutlaşmasında problemlər var. Bu həmrəylik təsadüfdən ortaya çıxmır, onu təşkil edən təşkilatlar olur. Jurnalist təşkilatları, birlikləri öndə getməli, həmrəyliyi təşkil etməlidir. Qarşıya qoyulan məqsədə nail olmalıdırlar. Müəyyən çatışmazlıqların aradan qaldırılacağına inanıram”.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv