Modern.az

Azərbaycanın Əfqanıstanla bağlı mövqeyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanın Əfqanıstanla bağlı mövqeyi necə olacaq? - AÇIQLAMA

9 Sentyabr 2021, 14:00

“Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ alması dünya gündəminin aktual mövzusu olaraq qalır. Artıq əksər ölkələr “Taliban”ın rəhbərliyini tanıdığını elan edib, digərlər isə Kabildəki prosesləri izləyərək, qərarını açıqlamağa tələsmir.

 

Bu gün Azərbaycanın Əfqanıstanla bağlı siyasətinin necə olacağı da sual doğurur.  Rəsmi Bakının mövqeyi nədən ibarətdir?

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Əfqanıstandakı vəziyyətin siyasi nəticələrini Modern.az-a şərh edib.

 

Komitə sədri əvvəlcə bildirib ki, dünyada gedən ümumi bəşəri siyasət dəyişir:

 

“Ən əsası ölkələrə hər hansı kənar müdaxilələr artıq siyasət kimi, üslub kimi iflasa uğrayıb. Bunu Liviya, İraq, Əfqanıstan nümunəsində əyani şəkildə gördük. Hər hansı formada xaricdən olan müdaxilələr yerli psixologiyanı, insanların mövqeyini, dinini, düşüncə və adətini nəzərə almırsa, nəticə verə bilməz.

 

Əfqanıstanda korrupsiyanın acınacaqlı həddə olmasından istifadə edən təşkilatlar var. Əfqanıstan prezidenti külli miqdarda pulla ölkədən qaçdı. Tam korrupsiyaya uğramış rejim belə nəticə ilə rastlaşmalı idi.

 

Sual olunur, korrupsiyaya batmış, lakin alyans tərəfindən dəstəklənən rejim bu işlərlə təkbaşına məşğul idi? Görmürdülər ki, milyonlarla pul hara gedir? Həmin milyonlar əfqan xalqına çatmırdı. Mən Əfqanıstan hadisələrini “Taliban”ın qalibiyyəti kimi deyil, əfqan xalqının korrupsiyaya uğrayan daxili və xarici strukturlara etirazı, “Taliban”a göz yumması kimi qiymətləndirirəm. Hər hansı xarici müdaxilə ölkələrin inkişafı üçün deyil, müdaxilə edən qüvvələrin varlanmasını ehtiva edir”.

 

 

Səməd Seyidov onu da vurğulayıb ki, Azərbaycan Əfqanıstanla bundan sonrakı əlaqələrini beynəlxalq qanun çərçivəsində quracaq:

 

“Başqa yolu yoxdur. Xüsusilə Azərbaycan kimi ölkələr üçün qanun beynəlxalq səviyyədə hansını qəbul edirsə, biz də bu istiqamətdə gedəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır