Arxiv
10 Sentyabr 2021, 09:12 | MÜSAHİBƏ
Almaniyada yaşayan azərbaycanlı alim: “Nəhayət, qərara gəlin və özünüzü xilas edin” - MÜSAHİBƏ

“Təbiətin dili olmasa da, o bizə hər şeyi deyir”

 

Almaniyada “Siemens enerji” bölməsinin elm və təhsil şöbəsinin rəisi, azərbaycanlı alim Yaşar Musayevin Modern.az-a müsahibəsini təqdim edirik:

 

- Yaşar müəllim, Almaniyanın nüfuzlu şirkətində yüksək vəzifə tutursunuz. Təbii ki, hər bir soydaşımızın xarici ölkələrdə çalışması və dövlətimizi layiqincə təmsil etməsi bizim üçün  fəxrdir. Bu baxımdan, bilmək istərdik, Almaniyada  işlərinizin mexanizmi necə qurulub?

 

- Almaniya Azərbaycanla dost ölkələrdən biridir. Avropa Şurasının və Avropa İttifaqının əsas üzvü kimi Almaniya Avropanın əsas iqtisadi və siyasi dayaq dövlətlərindəndir. Almaniyanın Cənubi Qafqazda, əsasən də Azərbaycanla iqtisadi və siyasi əlaqələr qurması çox mühümdür. Eyni zamanda, siyasi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin, xüsusən də, elm və təhsilin birgə formada inkişafı çox vacibdir. İqtisadi baxımdan Almaniyanın 100-ə yaxın müəssisəsi Azərbaycanda təmsil olunur. Onlar nəinki neft, eləcə də qeyri-neft sektorunda fəaliyyət göstərir.

 

Təhsilimə gəlincə,  Azərbaycan Texniki Universitetinin məzunuyam. Maşınqayırma texnologiyası, maşınların təmiri və etibarlı texnologiyası kafedrasında çalışandan sonra iş fəaliyyətimin son 20 ilini Almaniyaya bağlamışam.  Bu baxımdan iqtisadiyyatın avtomobil sənayesi üzrə mütəxəssis kimi formalaşmışam. Bunu şişirtmədən demək olar.

 

Öncə Almaniyanın məşhur “Şeffler” firmasında Baş vitse-prezident kimi, son 2 ildə isə Almaniyanın “Siemens Energy” şirkətində yeni yaradılmış, yeni enerji texnologiyaları və elm  bölməsinin  tədris  rəisi kimi fəaliyyət göstərirəm. Bu baxımdan bizim şirkət dünyada yeni yaşıl enerji sahəsində özünü lider hesab edir.

 

- Almaniyada çalışdığınız şirkətin ölkəmizlə  işbirliyinin detalları nədir? Əsasən əlaqələr necə qurulub?

 

-Sevindirici haldır ki, Azərbaycanda bu sahə həm dövlət səviyyəsində, həm də özəl sektorda  inkişaf edir. Dövlət səviyyəsində Energetika Nazirliyi böyük işlər görür. Dünyada yaşıl enerji texnologiyalarının tətbiqi planetimizin xilası üçün çox vacibdir. Ekologiyanın, təbiətin mühafizəsi üçün son illər həm Avropa Şurası tərəfindən, həm də dünya miqyasında müxtəlif qanunlar qəbul olunub. Bu qanunlarda əsas istiqamətləndirici qərarlardan biri də dünyada karbondioksit tullantılarının miqdarının azaldılması və dünyada baş verən temperatur artımının 2030 və 2050-ci ilə qədər kəskin azaldılması, yəni 1,5 dərəcə selsus miqdarında azaldılmasından söhbət gedir. Bundan ötrü yeni texnologiyalar işlənib hazırlanmalıdır. 

 

Mövcud enerji hasilatının fosil enerji mənbələrindən yaşıl enerji mənbələrinə keçiddə ən əhəmiyyətli rol oynayan müəssisələrdən biridir. Burada elm və təhsil müəssisəsinə rəhbərlik etmək bir azərbaycanlı kimi həm məsuliyyət, həm də qürurverici işdir. Bu baxımdan çalışıram ki, doğma vətənim olan Azərbaycanla əlaqələrimi daim inkişaf etdirim.

 

- Azərbaycanla əlaqədə olduğunuzu qeyd etdiniz. Maraqlıdır, yaşıl enerjinin genişlənməsi baxımından azərbaycanlı alim və mütəxəssislərlə müzakirələr aparırsınızmı?

 

- Fəaliyyətimiz birtərəfli deyil. Həm təhsil, həm də müəssisələr formatında əlaqələr qurulub. Elm təhsil sahəsi ilə bağlı Azərbaycan Texniki Universiteti ilə sıx münasibətlərimiz mövcuddur. Yaxın dostlar, müəllimlərlə bu mövzuları müzakirə edirik. Sənaye müəssisələrinə gəldikdə isə Energetika Nazirliyi ilə, SOCAR-la əlaqələrimiz var. Məhz bu əlaqələr sayəsində Nanotexnologiyaların və elmin son nailiyyətlərinin istehsalata tətbiqinin necə aparılmasını qarşılıqlı və birbaşa araşdırırıq.

 

- Dünyada yaşayan azərbaycanlıların bir çoxu işğaldan azad edilmiş ərazilərimizə yatırımlar etmək niyyətindədir. Sizin çalışdığınız şirkətlə bu istiqamətdə işbirliyinin olması mümkündürmü?

 

- Sevindirici haldır ki, işğaldan azad edilmiş rayonlarda yeni infrastrukturun yaradılması baxımından yeni enerji texnologiyalarının, əsasən də yaşıl enerjinin bərpası dövlət proqramı çərçivəsində həyata keçirilir. İşğaldan sonrakı dövrdə də Almaniya, o cümlədən çalışıdığım müəssisə Azərbaycanla sıx əlaqədə işləyir. Enerji texnologiyalarının bərpası baxımından bu və ya digər səbəbdən iş birliyi var. Əgər hər iki dövlət arasında işğaldan azad edilmiş ərazilərlə bağlı hər hansı təkliflər olarsa, bundan ancaq məmnunluq duyarıq.

 

- Almaniyanın Azərbaycanla, xüsusən işğaldan azad edilmiş ərazilərlə bağlı mövqeyi necədir?

 

- Təəssüf ki, 30 ilə yaxın işğal müddətində ərazilərimizə qanunsuz müdaxilələrlə bağlı bəzi Qərb ölkələrinin iştirakı təsdiq olunmuşdu. Almaniya Bundestaq (parlament) səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanımış ilk dövlətlərdən biridir.

 

Eyni zamanda, Qərbi Azərbaycandan deportasiya olunmuş 700 minə yaxın soydaşımızı parlamentdə müzakirə etmiş və dövlət səviyyəsində bu məsələyə siyasi qiymət vermiş ölkədir.

 

Bu baxımdan Almaniya Qafqazda sülhün bərpa olunmasında maraqlıdır. Almaniya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir.

 

- Siz alim olaraq ətraf mühitin yaşıl enerjiyə bölünməsinin vacibliyinizi qeyd edirsiniz. Zaman-zaman plastik qabların təbiətə ziyan vurması barədə xəbərdarlıqlarla tanış oluruq. Bu məsələdə Almaniya hansı mövqeyi sərgiləyir?

 

- Bu təkcə plastik tullantılara aid deyil, metal tullantılar da bur daxildir. Almaniya ekoloji problemlərin həlli yolunda nümunəvi addımlar atır. Yeni bərpa olunan və yeni yaşıl enerji texnologiyalarının işlənib hazırlanması, eləcə də tullantıların yenilənməsi baxımından qabaqcıl mövqelərdən birini tutur. Tullantı məhsullarının yenidən istehsalata, təbiətə ziyan vurmadan görülməsi çox vacibdir.

 

- Hazırkı mərhələdə dünyanın yaşıl enerjiyə ehtiyacı var. Bir alim olaraq dünyanın  hansı hissəsi daha çox ekoloji terrora məruz qalıb?

 

- Dünyanın hər yerində yaşıllıqların məhv edilməsi bəşəriyyətdə yaşayan 7-8 milyard insanın taleyinə ziyan vurur. İqtisadiyyatı və sənayesi inkişaf etmiş ölkələr istehsal prosesi baxımından ətraf mühitə və təbiətə daha çox çox ziyan vururlar. Ona görə də iqtisadiyyatı inkişaf etmiş ölkələr Avropa ölkələri, Amerika, Çin Yaponiya Rusiya kimi dövlətlərdir.

 

Təəssüf ki, bu ölkələr ətraf mühitə ziyan vurma baxımından lider rolunu oynayırlar. Həmin ölkələrin üzərinə böyük iş düşür ki, qlobal G-7 ölkələri səviyyəsində bu məsələləri daha aktual və vacib müzakirə obyektinə çevirsinlər. Vahid planetimiz olan Yer kürəsi ilə daha dərindən məşğul olsunlar.

 

Çox istərdik ki, planetimiz azad olsun. Gələcək nəsillərimizin yaşaması üçün şərait yaransın. Son 5-10 il ərzində dünyada başa verən təbii fəlakətlər təsadüfi deyil. Təbiətin dili olmasa da, o bizə hər şeyi deyir. Təbii fəlakətlər nəticəsində təbiətin  sınaqlardan keçməsi, bəşəriyyətə xəbərdarlıqdır. Təbiət səssiz formada bizə deyir: “Nəhayət, bir qərara gəlin və tək təbiət olaraq məni yox, həm də özünüzü xilas edin”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv