Modern.az

Deputatdan tələb: “Miqrantların dilimizi bilməsi vacibdir”

Deputatdan tələb: “Miqrantların dilimizi bilməsi vacibdir”

6 Noyabr 2012, 10:13


Rusiya Dövlət Dumasının təsdiqlədiyi yeni qaydalara əsasən, xarici ölkələrdən gələn əmək miqrantları rus dili ilə bağlı imtahan verməlidir. Dekabrın 1-dən qüvvəyə minəcək yeni qaydalar təbii ki, Azərbaycandan Rusiyaya işləməyə gedən əməkçi-miqrantlara da şamil ediləcək. Bəs ölkəmizdə belə bir normanın təsbitlənməsinə ehtiyac varmı?

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, belə bir qanuna mütləq ehtiyac duyulur və bu məsələ yaxın günlərdə Milli Məclisin müzakirəsinə çıxarılacaq:
“Bir neçə ildi ki, bu qayda Avropa da tətbiq olunmağa başlamışdı, Avstriyaya, Almaniyaya gedən miqrantlardan da dil kurslarından sertifikatlar tələb edirdilər. Bu sertifikatların da müxtəlif dərəcələri var idi ki, miqrant dili hansı səviyyədə bilir, orta danışıq səviyyəsi necədir və s. İndi isə Avropada təkcə dil kursundan olan sertifikatları istəmirlər. Son illər Almaniyanın və Avstriyanın Xarici İşlər Nazirliyi belə bir qərar qəbul etdilər ki, miqrantlardan “Dil və İnteqrasiya“ kursunun sertifikatı tələb olunsun. Bu o deməkdir ki, təkcə dili öyrənmirsən, həm də həmin ölkənin adət-ənənəsini, mədəniyyətini, yaşayış tərzini bilməlisən. Artıq Böyük Britaniyada da müvafiq qərar qəbul edib“.

Deputat deyib ki, bu, zəruri bir məsələ olduğundan Azərbaycanda da belə bir qərarın qəbuluna ehtiyac var: “Azərbaycanda müxtəlif ölkələrdən olan kifayət qədər əmək miqrantları var. Əgər onlar bizim ölkədə yaşayıb pul qazana bilirsə, dilimizi də bilməlidirlər”.

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə məsələ ilə bağlı tam fərqli fikirdədir: “Azərbaycanda da əcnəbilərin dil bilgiləri tələb olunur, amma bütün hallarda yox. Əgər əcnəbi Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün müraciət edirsə, bu halda o, Azərbaycanın dövlət dilini bilməsi barəsində müvafiq arayış təqdim etməlidir. Bu arayışı da Azərbaycan Respublikasının Təhsil Nazirliyi verir. Amma Azərbaycanda əmək miqrantlarından dövlət dilinin bilməsi tələb olunmur. Rusiya Federasiyası miqrasiya ilə bağlı Amerika təcrübəsinə üstünlük verir. ABŞ yalnız müvafiq ixtisaslara malik olan, Amerikanın inkişafına köməyi olan miqrantları cəlb etməyə başlayır. Ona görə də Rusiya da bu yolu tutur”.

Ə.Əliyevin fikrincə, bu qərar Rusiyada yaşayan azərbaycanlıların qayıdışına səbəb olmayacaq: “Bu, daha çox Çin və  Orta Asiyadan olan miqrantlara yönəlmiş bir siyasətdir”.
Ə.Əliyev bildirib ki, Azərbaycanda oxşar qaydaların qəbul olunması gözlənilmir.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?