Arxiv
10 Sentyabr 2021, 12:07 | ALLAH RƏHMƏT ELƏSİN
Daha bir tanınmış alim vəfat etdi

Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov ömrünün 80-ci ilində vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə adı çəkilən institutun əməkdaşları bildiriblər.

Oqtay Qüdrət oğlu Nüsrətov 26 iyul 1941-ci ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib, 1964-1975-ci illərdə Azərbaycan EA Kibernetika institutunda laborant, baş laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi; 1975-1978-ci illərdə İnstitutun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində baş konstruktor, laboratoriya müdiri; 1978-1982-ci illərdə İnstitutun nəzdində yaradılmış XKB-da baş мühəndisi, 1982-1988-ci illərdə XKB-nun direktoru və 1988-ci ildən 2019-cu ilə kimi İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, həmçinin "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri" laboratoriyasının rəhbəri vəzifələrində çalışıb.

O, 1975-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1993-cü ildə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə baş elmi işçi, 2005-ci ildən texnika elmləri doktoru və 2011-ci ildən professor idi..

O.Nüsrətov informasiya texnologiyaları və sistemləri istiqamətində tanınmış alim və yüksək səviyyəli mütəxəssis idi. Onun elmi nəticələri əsasında və birbaşa rəhbərliyi ilə İnstitutun Xüsusi Konstruktor Bürosunda bir sıra informasiya, nəzarət və diaqnostika sistemləri yaradılmış və keçmiş SSRİ-nin müdafiə əhəmiyyətli müəssisələrində və “Krasnodarneft”, “Çernomorneft” və b. neft-qazçıxarma idarələrində tətbiq edilib.

O, 2009-cu ildə informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, 2015-ci ildə "Şöhrət ordeni" ilə təltif edilib.

O.Q.Nüsrətov 138 elmi əsərin, onlardan 29 patent olmaqla müəllifidir.

O.Q.Nüsrətov elmi işi ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Texniki Universitetinin “İnformasya texnologiyaları və proqramlaşdırma” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedralarında professor vəzifəsində işləyib.

Allah rəhmət eləsin!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv