Arxiv
10 Sentyabr 2021, 21:12 | MƏDƏNİYYƏT
Xalq artistinə “Şöhrət” ordeni təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2021-ci il tarixli Sərəncamı ilə görkəmli baletmeyster, Xalq artisti, Prezident təqaüdçüsü Rəfiqə Hacı qızı Axundova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

 

Modern.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sənətkarı evində ziyarət edərək ordeni ona təqdim edib. Nazir Rəfiqə Axundovaya xoş arzularını bildirib, cansağlığı, uzun ömür arzulayıb.

 

Rəfiqə Axundova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Sənətkar teatrın solisti kimi dünya və Azərbaycan balet sənətinin bir çox nümunələrində mürəkkəb partiyaları böyük uğurla ifa edərək geniş tamaşaçı rəğbəti qazanıb. O, yaradıcılıq fəaliyyəti boyunca, həmçinin Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə çalışıb, ölkəmizi dünyaya tanıdıb, milli xoreoqrafiya sənətini layiqincə təbliğ edib.

 

Rəfiqə Axundovanın həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədov ilə birgə quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri ən nüfuzlu teatr səhnələrini bəzəyən gözəl sənət əsərlərinə çevrilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv