Modern.az

Siyasi partiyalar haqqında qanunda nələr olacaq?

Siyasi partiyalar haqqında qanunda nələr olacaq?

11 Sentyabr 2021, 09:42

Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib.

 

Şöbə müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərini Prezident İlham Əliyevin adından salamlayıb, onlara ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

 

Onlayn şəkildə həyata keçirilən görüşdə siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlandığı haqqında məlumat verilib, ölkə əhəmiyyətli ictimai-siyasi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Ədalət Vəliyevlə görüşdə iştirak edən siyasi partiya təmsilçiləri danışıqların təfərrüatları və səsləndirdikləri təkliflər barədə Modern.az-a danışıblar.

 

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının fikrincə, siyasi partiyalarla bağlı hazırlanacaq qanun layihəsi çox təkmil, yüksək səviyyəli, kamil qanun olacaq:

 

“Bu, siyasi partiyaların fəaliyyətini tənzimləyən, istiqamətləndirən, siyasi partiyaların yerini və rolunu müəyyənləşdirən hüquq və vəzifələrini özündə ehtiva edən qanun olacaq. Administrasiyada hazırlanan qanun layihəsi ilə bağlı siyasi partiyalardan müraciətlər olub. Təəssüf ki, bütün partiyalar bu qanun layihəsinə təklif və rəylərini bildirməyiblər. Biz isə siyasi partiyalarla bağlı təkliflərimizi hazırlayıb təqdim etmişik.

 

Ana Vətən Partiyası olaraq, yanaşmamız budur ki, siyasi partiyalar üçün geniş imkanlar yaradılmalıdır. Eyni zamanda siyasi partiyaların məsuliyyəti də gücləndirilməlidir. Siyasi partiya cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etmirsə, ona qanunvericilik çərçivəsində xitam vermək məsələləri konkretləşməlidir. Əvvəl min nəfərin imzası təqdim ediləndə partiya qeydiyyata alınırdı. Biz düşünürük ki, ölkənin inzibati ərazisinin üçdə ikisində toplanan ən azı on min nəfərin imzası şərti ilə qeydiyyat üçün sənədlər təqdim olunmalıdır”.

 

Fəzail Ağamalı hesab edir ki, hər il müvafiq qurumlar tərəfindən siyasi partiyaların fəaliyyətinin monitorinqi keçirilməlidir:

 

“Qanunda nəzərdə tutulan vəzifələr yerinə yetirilmirsə, həmin partiyanın qeydiyyatına xitam verilməlidir. Siyasi partiyalara geniş imkanlar yaradılmaqla bərabər, həm də onların fəaliyyətinin tənzimlənməsində qaydalar sərtləşdirilməlidir. Biz tərəfdarıyıq ki, ölkəmizdə konstitusiya dəyişikliyi edilən zaman seçki sistemində də dəyişiklik aparılsın. Qarışıq seçki sistemi tətbiq olunsun”.

 

 

Respublikaçı Alternativ Partiyasının (ReAL) icra katibi Natiq Cəfərli bildirib ki, partiya sədri İlqar Məmmədov da “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşdə iştirak edib:

 

“Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə görüşlər keçən ilin mart ayından başladı. İndiyə qədər 12-yə yaxın görüşümüz olub. Bu görüşlərin hər birində ReAl tərəfindən qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik, siyasi partiyalar haqqında, yerli özünüidarə etmənin təkmilləşdirilməsi, icra hakimiyyətlərinin ləğvi kimi təşəbbüslər və ümumi olaraq son zamanlar konstitusion islahatlarla bağlı dəfələrlə fikirlər səsləndirilib.

 

Ötən görüşün məğzi, siyasi partiyalarla iqtidar arasında münasibətlərin sağlam rəqabət təməlləri üzərində qurulması nöqteyi-nəzərdən çox müsbət dəyərləndirilir. İstənilən halda siyasi partiyaların öz sözünü deyə bilməsi üçün platforma olmalıdır və bu platformada tez-tez konfransların müzakirələrin keçirilməsi yaxşı nümunədir. Ümid edirəm ki, dialoq tədbirləri davam etdiriləcək, pandemiyadan sonrakı dövrdə üzbəüz görüşlərin, konfransların da sayı artacaq”.

 

 

N.Cəfərli ReAL-ın siyasi partiyalar haqqında qanunda dəyişiklik barədə təklifləri yazılı şəkildə göndərdiyini söyləyib:

 

“Mənə elə gəlir ki, bu məsələdə ən çox təklif səsləndirən biz olmuşuq. Təkliflərimiz qeydiyyatla bağlı sadələşdirmələrin olması, proporsional seçki sistemi, dövlət orqanlarının qeydiyyat məsələsini alətə çevirməməsi, seçkilərdə iştirakın və burada yığılan səslərin qeydiyyat üçün siyasi partiyalara əsas yaratması kimi məqamları vurğulamışıq. Düşünürəm ki, siyasi partiyalar haqqında qanunun qəbulu zamanı bunlar nəzərə alınacaq.

 

Azərbaycanda siyasi partiyalar institutlaşmalıdır. Çox təəssüf ki, bizdə siyasi partiyaların böyük əksəriyyəti ideoloji deyil və əsasən şəxs, şəxslər ətrafında formalaşıb. Bu ənənəyə də son qoymaq lazımdır. Siyasi partiyalar ideoloji mübarizəni, ideoloji diskursu daha da genişləndirməlidir.

 

Yeni qanun layihəsinin qəbul olunması ilə ölkədəki siyasi partiyaların fəaliyyətinin say və kəmiyyət göstəricilərinə görə deyil, keyfiyyət göstəricilərinə görə dəyərləndirilməsinə çalışacağıq”.

 

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin sözlərinə görə, siyasi partiyaların son iki il ərzində müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına təklifləri olub:

 

“Bu istiqamətdə artıq işlər gedir və təkliflərə uyğun olaraq mərkəzləşmiş qaydada iş aparılır. Yeni təklif edilən qanun müzakirəyə çıxarılacaq. Hazırda bu istiqamətdə müzakirələr gedir.

 

Liberal Demokrat Partiyası tərəfindən fevral ayında keçirilən görüşdən sonra biz seçki məcəlləsinə dəyişiklik və s. kimi məsələlərlə bağlı təkliflərimizi göndərmişdik. Burada referendumun keçirilməsi və proporsional seçki sisteminin bərpası ilə bağlı fikirlər yer alırdı.

 

Hesab edirəm ki, hakimiyyət və iqtidar dialoqunun davam etdirilməsi çox müsbət haldır. Vətəndaşların cəmiyyətdəki problemlərlə bağlı müraciətlərinin əksəriyyətini biz həll edə bilirik. Həll edilməyən məqamlarda isə məsələləri Administrasiyaya yönləndiririk. Aydın görünür ki, iqtidar-müxalifət dialoqu cəmiyyətə xeyir gətirir və hər bir vətəndaş bu prosesdən öz xeyrini görəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi