Arxiv
12 Sentyabr 2021, 08:59 | ƏDƏBİYYAT
“Dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir” - Ramiz Rövşən

Bu gün təkcə Azərbaycan poeziyasının deyil, həm də ümumtürk ədəbiyyatının ən istedadlı nümayəndələrindən birinin - Rüstəm Behrudinin doğum günüdür. Şairin 64 yaşı tamam olur. 

 

Rüstəm Behrudi 1957-ci ilin 12 sentyabrında Ordubadın Behrud kəndində doğulub. 

 

O, 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini C.Cabbarlı adına Biləv kənd orta məktəbində alıb.

 

1974-1975-ci illərdə Behruddakı kolxozda işləyib. Elə həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə qəbul olub. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirib. Rayonun Kələki kəndində ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 

 

"Salam dar ağacı", "Şaman duası" şeirləri ilə hələ ötən əsrin 80-ci illərində bütün türk dünyasında məşhurlaşıb.

 

Onun haqqında bir çox məşhur şairlər fikir söyləyib. Rüstəm Behrudinin dostu, Xalq şairi Ramiz Rövşən də onun yaradıcılığını yüksək qiymətləndirib. "Rüstəm Behrudinin özü haqqında bilmədikləri" kitabında qeyd edib ki, o, ən istedadlı şairlərdəndir:

 

"Şairlik peşə deyil, şair ayrıca insan növüdür. Mənim dəyərli, əziz dostum Rüstəm Behrudi məhz bu cür insan növüdür. Rüstəm Behrudi Azərbaycan poeziyasının bizdən sonrakı ədəbi nəslin ən istedadlı və ən məşhur nümayəndəsidir. Bu bir həqiqətdir ki, o poeziyamızın geniş oxucu auditoriyasına sahib olan tək- tük şairlərdən biridir. Dar ağacına çox adam salam verə bilər, ancaq dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir".

 

 Qeyd edək ki, Rüstəm Behrudi ümumtürk ədəbiyyatı qarşısında xidmətlərinə görə, Mahmud Kaşqarlı adına beynəlxalq mükafata (M.Kaşqarlı adına medal-red.) layiq görülüb. Avropada keçirilən Türk Dünyası Uluslararası şeir festivalının qızıl mükafatını qazanıb. Bundan başqa, o, çox sayda ədəbi mükafatlara və diplomlara da layiq görülüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv