Modern.az

Bizimkilər - “İşlədiyim bütün yerlərdə iki ştatda çalışmışam: həm jurnalist, həm də...” - MÜSAHİBƏ

Bizimkilər - “İşlədiyim bütün yerlərdə iki ştatda çalışmışam: həm jurnalist, həm də...” - MÜSAHİBƏ

13 Sentyabr 2021, 10:27

Elmin Nuri: ““Daxili səs”lə məsləhətləşmək insana hər zaman uğur gətirir”

Modern.az saytında “Bizimkilər” rubrikası davam edir. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik.

Bu dəfə oxucularımıza yaxından tanış edəcəyimiz həmkarımız AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuridir. Onunla söhbəti təqdim edirik:


- Elmin bəy, öncə sizinlə daha yaxından tanış olaq.


- Diqqətiniz üçün sizə və 12 ildir ki, peşəkar jurnalistika ocağı missiyasını həyata keçirən doğma Modern Media Group-a təşəkkürümü bildirirəm. Özümü təqdim edərkən ondan başlayım ki, mən də “Modern-in şineli”ndən çıxmışam. “Modern-in şineli”ni - yəni, obyektiv, peşəkar, ciddilik, operativlik və sanballılıq kimi  meyarlardan hazırlanmış “media geyimi”ni - bu gün də üzərimizdə danışmağa çalışırıq.

2007-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşam. Üçüncü  kursdan etibarən, bekar dayanmayıb haralardasa işləməyə can atmışam. Əsas işim isə özümü axtarmaq olub. İşlədiyim yerlərdə demək olar, iki ştatda çalışmışam: jurnalist, həm də özünü axtarmaq işində... Deyim ki, ikinci qat-qat çətin olub.

Modern.az-ın baş direktoru Elşad Eyvazlı, daha sonra Əfqan Qafarlı bu işdə mənə çox yardımçı olub. Onların sayəsində elə  ilk günlərdən öz xəttimi müəyyən etməyə, onun izi ilə getməyə çalışdım. Qısa fasilələrlə sonradan bir neçə yerdə işlədim, amma hara getdimsə, o xətti də özümlə apardım. Elə o “şinel” də əynimdən çıxmadı...

Amma Elşad Eyvazlı bayaq dediyim “ikinci iş” – özünü tapmaq prosesində də mənə çox yardımçı oldu... Bu, sonradan - 2018-ci ildə AzEdu Təhsil Portalı vasitəsilə baş verdi.

AzEdu - vurğunu olduğum təhsil, maarifçiliklə jurnalistikanın sintezini özündə əks etdirən ixtisaslaşmış media yanaşmasıdır...

Bu yanaşmanın tərkib hissəsi olmaq yuxarıda sadaladığım hər iki işi eyni anda görməyə bərabərdir.


- Elmin bəy, bu sahəni seçməyinizə nə səbəb oldu?

- İstər peşə, istər təhsil, istər şəxsi seçimlərində insan bir nəsnənin arxasınca getməli, onun pıçıltılarını dinləməlidir – daxilindəki İşığın! “Ürəyin səsi”, “daxili səs” deyilən anlayışlar da əslində bu işığın özüdür  və insanla bir yaranır, yaşayır, elə onunla da missiyasını bitirir.

Poetik, bədii danışığa cəhd etmirəm, sadəcə, fərdi yanaşmam belədi, “daxili səs”i, İşığı boğmayıb, onunla məsləhətləşmək insana hər zaman uğur gətirib. Özü də lap uşaqlıqdan... Elə lap uşaqlıqdan demişkən, kiçik yaşlarımdan yazarlıq fəaliyyətinə cəhd edərdim. Yalnız nə isə yazanda rahatlıq tapar, özümü ayrı sferada, sanki paralel dünyada sanar və onu da duyardım ki, həmin “işıq”, daxili “səs” o zaman dinir. Nə yaxşı ki, bu səsdən o tərəfdə addımlamadım; indi də yazıram və həmin ovqatı yaşayıram.

Jurnalist kimi AzEdu Təhsil Portalında bu işi görməklə yanaşı, bədii yaradıcılıqdan da kənarda qalmamağa çalışıram. Hazırda Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvüyəm. 2017-ci ildə Gənclər və İdman Nazirliyinin ədəbiyyat nominasiyasında “İlin gənci” mükafatına layiq görülmüşəm. Elə həmin il də AYB-nin təqdimatı əsasında prezident təqaüdü almışam. Bunları deməkdə əsas məqsədim odur ki, qazandığım çox az sayda uğurlar da məhz yazı ilə bağlıdır. Demək, insan özündəki işığı söndürməyəndə, səsini boğmayanda o da ona borclu qalmır...
 

- Artıq uzun müddətdir redaktor kimi çalışırsınız. Sizə “müxbirlik, yoxsa redakrorluq - hansı daha çətindir” kimi sual verilsə, seçiminiz necə olardı?



- 2018-ci ildən bu yana AzEdu Təhsil Portalının baş redaktoruyam. Fürsətdən istifadə edib, bizi bu etimada layiq bilən Modern Media Group-un baş direktoru Elşad Eyvazlıya dərin təşəkkürümü bildirirəm. Çox az adamın edə biləcəyi işi gördü,  yəni, mənə etimad göstərdi. Psixologiyanı çox sevirəm və dərindən maraqlanıram. Sizi əmin edirəm ki, bir insanı özünə qaytarmaq, ona özünü tapmaqda kömək etmək üçün ən yaxşı vasitə ona etimad etmək, inanmaqdır. Etimad həqiqətən möcüzəli iksirdi; o, daim səninlə hərəkət edir. Çətinliklər, rastlaşdığın problemlər zamanı “buradayam” deyib, üzünə gülümsəyir və öz missiyasını şüuraltı olaraq həyata keçirir.

Keçək sualınıza, burada əsas məsələ, çalışdığın müəssisədə düzgün koordinasiya işinin qurulması, bir-birilə üzvi vəhdətdə olan  çalışma zəncirinin sağlam formalaşmasıdır. Əgər bu zəncir varsa, sənin  oradakı hansı statuslu halqa olmağının heç bir fərqi yoxdur.  Əsas olan faydalılıq mexanizminin, hədəflər portfelinin düzgün planlanmasıdır. Bu “portfeldə” müxbirin də, redaktorun da işi önəmlilik, çətinlik dərəcəsinə görə məncə, eynidir. Eyni olmasa, az öncə dediyim, zəncirin həlqələri o saat boşalar...


- Sizi ən çox təhsil yazarı kimi tanıyırlar. Təhsil sahəsində çalışan jurnalistlərdən necə, razısınızmı?

- Əgər məni təhsil yazarı kimi düşünürlərsə, bu, şəxsim adına böyük şərəfdir. Təhsil yazarı olmaq özündə bir çox xüsusiyyətləri cəmləşdirmək deməkdir. Adamdan həm pedaqogika, həm də jurnalistikanın xüsusiyyətlərini, funksiyalarını, peşəkarlıq meyarlarını tələb edir. Təhsil yazarı mütləq bu sintezi yaratmalıdır. Əks halda,  bu iş sadəcə olaraq, onluq deyil. Özümə ustad saydığım, dahi Lütfi Zadənin elmi varisi olan professor, böyük alim Rafiq Əliyev mənə təhsil, elm  yazarlığında xeyir-dua verib, hər zaman da ciddi tövsiyələrini əsirgəmir. Bu, mənim üçün həm də əlavə məsuliyyətdir.

Tam səmimi deyəcəyəm, Azərbaycan mediasında ürəkdən, bütün səmimiyyətimlə “bu, əsl təhsil yazarıdır” deyəcəyim şəxslər azdır. Biz təhsilin sosioloji problemlərini qabardan müxbirlə, peşəkar təhsil yazarını heç zaman qarışdıra bilmərik. Əks halda, böyük yanlışlığa düşmüş olarıq. Bəli, bu gün mediamızda təhsilin sosioloji problemlərini informasiya üzərindən çatdıran jurnalistlər var. Onlar bu gün təhsildən, sabah səhiyyədən, kənd təsərrüfatından, ekologiyadan və s. yaza bilərlər. Çünki işlərinin mahiyyət və strukturu eynidir. Amma peşəkar təhsil yazarı tamam ayrı xüsusiyyətlərə cavab verməlidir.


- Bəs, təhsil saytları necə, sizi qane edirmi?

- Sualınızın birinci hissəsinə fikrimcə, az öncə cavab verdim. Biz təsnifatlaşdırmanı qarışdırmamalıyıq. Sahənin sosioloji problemlərinə toxunan jurnalistlə, təhsilin metodiki-pedaqoji əsaslarını çözən, onun üzləşdiyi və üzləşəcəyi problemlərini təhlil edən, məsələyə həm sosioloji, həm də maarifçi prizmadan baxan təhsil yazarını qarışdırmaq olmaz. Təbii ki, təhsil yazarı da təhsildəki sosial problemləri işıqlandırmalı, onu cəmiyyət üçün əlçatan etməlidir. Amma bu, onun işinin yalnız bir parçasıdır.

Sualınızın ikinci hissəsinə gəlincə isə, təvazökarlıqdan kənar da olsa deyim ki, ölkədə AzEdu-dan başqa sistemli iş mexanizminə malik, yaradıcı-texniki komanda ilə kordinasiya olunmuş şəkildə fəaliyyət göstərən ikinci təhsil saytı, portalı yoxdur. Kimlərsə sayt yaradıb, bir admin və bir özü olmaqla yazılar paylaşa bilər. Bəzən, heç o bir admin də olmur. Tək insandan ibarət olan “sayt”ın təhsil və mediaya  hər hansı fayda verəcəyini düşünə bilmərik.



- Sizin fikrinizcə, əsl jurnalist kimi püxtələşmək üçün nə etmək lazımdır?


- Əsl jurnalist, yazar olmaq üçün insan ilk növbədə özü ilə tanış olmalıdır. Bu, göründüyü qədər də asan proses deyil. Özü ilə tanış olan adam özündəki bacarıqlar sistemini, onu necə işlətməyin mexanizmini də gözəl bilir. Ən əsası, yuxarıda dediyim, daxili İşığı daha da parlaq etməyin sirlərinə vaqif olur. O, daha çox harada, hansı işdə faydalı olacağının fərqinə varır. Yaxşı jurnalist də məhz bu xüsusiyyətləri əks edən biridir. Özünü özündə, içində olan sahədə tapan və o yolla da inkişaf edən jurnalist əsl jurnalistdir.

Bu gün sosial şəbəkələr klassik, lap elə onlayn medianın xəbərçilik funksiyasını  tarixə qovuşdurmaqla məşğuldur. Fikrimcə, jurnalistikanın yeganə xilası ixtisaslaşma olacaq. Hər hansı sahədə peşəkar səviyyəsində formalaşan şəxslər həmin profili ictimaiyyət üçün daim işlək formada saxlaya biləcəklər. Sevinirəm ki, AzEdu Təhsil Portalı artıq 3 il yarımdır ki, bu prosesə başlayıb.


- Vurğunu olduğunuz və sevərək çalışdığınız bu sahədən getməyi düşünmüsünüzmü?


- Bayaq mənə “təhsil yazarı” dediniz. Tam səmimi deyirəm, həqiqətən elədirsə və başqaları da sizin kimi düşünürsə, bu, elə mənim üçün ən böyük qazancdı. Bezib-getməyə gəlincə isə, hələ indi-indi özümlə, dediyim işıqla  tanış olmuşam və birlikdə işimiz də pis alınmır. Odur ki, getmək fikrim yoxdu. Keçmişdə bəlkə elə bir fikrə düşmüşəm, amma bu, artıq məni maraqlandırmır. Keçmişə, xüsusən də onun neqativ tərəfinə yaddaşımda yer yoxdu.


- İndiki sualım sizin şəxsi həyatınızla bağlı olacaq. Elmin bəy, həyat yoldaşınız da jurnalistdir və ən əsası eyni yerdə çalışırsınız. Bunun nə kimi çətinlikləri olur? Sizin kimi yeni ailə həyatı qurmuş cütlüklərə hansı tövsiyələriniz olardı?

- İş yerində “həyat yoldaşı”, “bacı-qardaş” və s. kimi anlayışlar olmur, yaxud, olmamalıdır. Mənim üçün bu, birmənalı şəkildə belədir. İş prosesində bayaqkı sualınızda dediyim çalışma zəncirinin halqaları, sistemli prosesin tərkib hissəsi olmalıdır, həyat yoldaşı, ya hər hansı yaxın şəxs yox... Komandanın hər bir üzvü müəssisənin hədəflər qovluğunun reallaşması üçün addım atan kəslərdi. Burada hər hansı şəxs fərqlənsə, o zaman hədəflər qovluğunun tələblərini ikinci plana atmış olarıq. 

“Yeni ailə həyatı qurmuş cütlüklərə hansı tövsiyələrim ola bilər?!” məsələsinə gəlincə isə, inanmıram ki, mənim tövsiyəm kimlər üçünsə maraqlı olsun.


- Gələcəkdə övladınızın da sizin peşənizi davam etdirməyini istərdinizmi?

- Övlad mənə deyil, içindəki “işıq”a, “daxili pıçıltı”ya tabe olub və ömrü boyu onun səsinə qulaq asmalıdır. Onsuz da o “səs”, o “işıq” onunla doğulacaq və onunla da bir ömür boyu yaşayacaq. Biz isə ona yalnız həmin işığa xəyanət etməməyin yollarını, düzgün konturlarını deyə bilərik. Elə  bunun özü də kənardan tövsiyə kimi görünəcək...



- Hər bir jurnalistin fəaliyyəti dövründə ən çox yadda qalan xatirəsi olur.  İstərdik ki, siz də bu sahədə başınıza gələn ən yadda qalan hadisəni danışasınız...


- Belə hadisələrin sayı çoxdu. Təbii ki, ən maraqlıları sonradan, qəfildən adamın yadına düşür. İndi yadımda qalanlardan bir neçəsini deyə bilərəm, amma ekspromt olduğu üçün nə dərəcədə maraqlıdır, bilmirəm. 

Bir dəfə ictimaiyyətə çox yaxından tanınan, az qala, hər mövzuda çıxış edən, tibbdən maarifçiliyə keçid edən bir nəfərdən müsahibə almalı idim. Görüş gününü, saatını dəqiqləşdirmişdik, müsahibəyə iki saat qalmış yadına salmaq üçün zəng etdim. Dedi ki, bu gün alınmayacaq, rayondan mənə avtobusla bir kisə “kartoşka” göndəriblər, indi gedirəm onu götürməyə... Beləcə, müsahibəni ümumiyyətlə ləğv etmədim.  Həmin adama gec də olsa, “nuş olsun”.

Modern.az-da tanınmışlarla uşaqlıq xatirələri, doğulub, boya-başa çatdıqları yurd nisgilləri barəsində söhbətlər açan rubrikam var idi. Rubrika çərçivəsində tanınmış siyasi şəxslərin birindən müsahibə etdim. Kövrək danışmışdı, mən də müsahibəni hazırlayanda bədii koloritini artırdım. Yazı saytda çıxan kimi xəbər etdim ki, oxusun. Üstündən bir saat keçəndən sonra zəng edib, əvvəlcə acıqlı danışdı, “belə olmaz”, filan dedi.  Düşündüm ki, yəqin yazı zəif alınıb ki, bəyənməyib və o cür deyir. Sən demə, vəziyyət ayrı imiş, yazı həmin adama nə təhər təsir edibsə, çox kövrəlib və ürək problemi olduğundan, səhhəti bir balaca ağırlaşıb. Özünün dediyinə görə, onu ürək dərmanlarının köməkliyi ilə birtəhər sakitləşdiriblər. O da, bu səbəbdən “belə olmaz” deyibmiş.


- Son olaraq, jurnalist olmağa çalışan yeni həmkarlarınıza məsləhətiniz nədir?

- Səmimiyyətimə inanın, təəssüf ki, özümü məsləhət verəcək potensialda hiss etmirəm. Ümumiyyətlə, kiməsə məsləhət vermək, mənim indi üçün yalnız və yalnız vaxtımı ala bilər. Biz isə vaxtı qazanmaq haqqında düşünməliyik. Amma həmkarlardan  kiminsə məsləhəti olarsa, məmnuniyyətlə dinləməyə hazıram. Təki qazanan tərəf mən olum...

Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir