Modern.az

Zaur Əliyev Ramin Bayramlının istefa ərizəsini TƏSDİQLƏDİ  

Zaur Əliyev Ramin Bayramlının istefa ərizəsini TƏSDİQLƏDİ  

13 Sentyabr 2021, 12:08

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı ötən gün istefa ərizəsi yazıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sədr Zaur Əliyev onların istefa ərizəsini təsdiqləyib. 

 

Qeyd edək ki, R.Bayramlı “Twitter” hesabında TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağı üçün ərizə ilə müraciət etdiyini bildirmişdi:

 

“İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm”.

  

Xatırladaq ki, Ramin Bayramlı 2 dekabr 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmrilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilmişdi.

 

R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb. 2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib.  


O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyir.  “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyinin təsisçisi və sədr müavinidir. 

 

R.Bayramlı çoxsaylı tibbi məqalələrin, dərs vəsaitlərinin və dərsliyin müəllifidir. O, Türkiyə Respublikasının İstanbul və Ondokuz Mayıs Universitetlərində elmi-tədqiqat işlərini yerinə yetirib, ixtisasartırma kursları keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...