Modern.az

Bakı metrosunun işində dəyişiklik edilir

Bakı metrosunun işində dəyişiklik edilir

13 Sentyabr 2021, 14:50

Azərbaycanda yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabrın 20-dən "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.

 

Bu barədə qurumdan Modern.az-a verilən açıqlamada bildirilib.

 

Qeyd edilib ki, ümumən, “COVID-19” pandemiyası və ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə “Bakı Metropoliteni” fəaliyyətini Nazirlər Kabinetinin qərarları, tapşırıq və tövsiyələri, eləcə də müvafiq metodiki göstərişlər və digər tələbləri nəzərə almaqla qurub:

 

“Bakı metrosu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Bu xüsusda, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək dövrün xarakterinə uyğun və texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Gur saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir”.

 

Bununla belə, pandemiya şəraiti davam etdiyindən, müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafikinin ciddi nəzarətdə saxlanılacağı vurğulanıb:

 

““Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.

 

Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir