Modern.az

Metastaz verən səhiyyənin “müalicəsi” Ramin Bayramlının “protokollar”ına uyğun gəlmədi - TƏBİB ləğv ediləcək?

Metastaz verən səhiyyənin “müalicəsi” Ramin Bayramlının “protokollar”ına uyğun gəlmədi - TƏBİB ləğv ediləcək?

14 Sentyabr 2021, 11:38

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının öz ərizəsi ilə tutduğu vəzifədən azad olunması, istefa mədəniyyəti formalaşmayan ölkəmizdə böyük təəccübə və müzakirələrə səbəb olub. Hətta mətləbdən xəbərsiz olanların əksəriyyəti Azərbaycan səhiyyəsindəki bütün neqativləri Ramin Bayramlının özü ilə gətirdiyini, özü ilə də aparacağı eyforiyasına qapılıb. Amma unudurlar ki, illərlə Oqtay Şirəliyevin rəhbərliyi altında irinləyən, metastaz verən səhiyyə sisteminin “müalicəsi” R.Bayramlının “protokollar”ına uyğun gəlmirdi...

 

Söhbət rəhbərlikdə kimin oturmasından yox, vəziyyəti müsbət yöndə dəyişəcək birinin olmasından gedir. Çünki rəhbərin kim olmasının sadə vətəndaş üçün əhəmiyyəti yoxdur. Vətəndaşın nəhayətdə hər ay əmək haqqından tutulan vəsait hesabına formalaşan icbari tibbi sığortadan sərbəst və maneəsiz yararlanmaq, pulsuz müayinə və müalicə almaqdan savayı bir istəyi yoxdur. Səhiyyə sistemindəki iki də yox, üçtirəlik isə insanları çaşbaş qoyub. Hansısa tibbi xidmət üçün müraciət edən vətəndaşı Səhiyyə Nazirliyi TƏBİB-ə, TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, o da yenidən Səhiyyə Nazirliyinə yönəldir. Süründürməçiliklərdə hövsələdən çıxan vətəndaş isə borc-xərc edib üz tutur özəl tibb müəssiələrinə.

 

Bu baxımdan məsuliyyətin parçalanmaması üçün səhiyyə sisteminin Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) vahid mərkəzdən idarə olunması labüdləşir...

 

“Ramin Bayramlı hansısa qərarı təkbaşına verməyib”

 

 

 

Qeyd edilən məsələlərlə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Ramin Bayramlının istefası və onun şəxsiyyətilə bağlı müzakirə aparmağa ehtiyac yoxdur:

 

“Dünyada bu və ya digər məmurun tutduğu vəzifədən istefa verməsi normal haldır. Bu, bizim ölkəmizdə də belə olmalıdır. Kim isə öz istəyilə işdən ayrılır, kim isə tabe olduğu rəhbərliyi qane etmədiyinə görə işdən çıxarılır. Ramin Bayramlı da öz ərizəsilə işdən ayrılıb və o hansı motivlə vəzifədən gedib, bizi maraqlandırmamalıdır. Ramin Bayramlının tənqid və təhrif etmək üçün əsas da yoxdur. Çünki o, İdarə Heyətinin sədri idi və təkbaşına qərar vermək səlahiyyəti yox idi. Qərarlar həm İdarə heyətinin digər üzvləri, həm də TƏBİB-in üst qurumu ilə birgə verilirdi. Ona görə hansısa məsələyə görə Ramin Bayramlını ittiham etmək olmaz.

 

Sosial şəbəkələrdəki dedi-qodular, prosesdən xəbəri olmayanlar ictimai fikrə çaşdırıcı təsir edir, səhiyyə xidmətlərinə inamı azaldırlar. Neqativlər var, amma vətəndaşı müalicə edən də həmin səhiyyə sistemidir. Ona görə yaxşıları da pisə qatıb sistemin fəaliyyətini şübhə altında qoymaq doğru deyil”.

 

 

 

“TƏBİB-in fəaliyyəti təftiş olunmalıdır”

 

Komitə sədri deyib ki, icbari sığorta Azərbaycanda səhiyyə xidmətlərinin göstərilməsinin yeni modelidir: “Çox təəssüf olsun ki, icbari tibbi sığorta tətbiq olunan ərəfədə pandemiya başladı və struktur tam qurulub oturuşmamış bütün resurslar koronavirusla mübarizəyə cəlb olundu.

 

Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında ölkəmiz pandemiyaya qarşı mübarizədə uğurlu nəticələr əldə edib. Bu, BMT səviyyəsində də etiraf olunur.

 

Bu gün səhiyyədə tibbi xidmətin qurulması, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm TƏBİB, həm də Səhiyyə Nazirliyi tərəfindən göstərilən xidmətlər bizim arzu etdiyimiz səviyyədə deyil. 

 

Amma bu o demək deyil ki, TƏBİB ləğv olunmalıdır. İndiki məqam üçün TƏBİB-in İTSDA-nın tabeliyində yaradılması doğru addım idi. Tamamilə yeni struktur, yeni idarəetmə, yeni yanaşma köhnə, özünü doğrultmamış Səhiyyə Nazirliyinin tabeliyində yaradılsa, əvvəlkilərin təkrarı olacaqdı. Bu mənada yeni baxışların ortaya qoyulması üçün Səhiyyə Nazirliyindən kənarda struktur formalaşmalı idi. Amma prinsipial baxımdan icbari tibbi sığorta tam oturuşandan sonra TƏBİB-in İTSDA-dan ayrılması, müstəqil qurum kimi fəaliyyət göstərməsi, yaxud da Səhiyyə Nazirliyinə birləşdirilməsi doğru addım olardı. Çünki dünya təcrübəsi də göstərir ki, sifariş verən təşkilatla icra edən təşkilat vahid qurumda olanda, effekt vermir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmətləri sifariş verən qurumdur. Pandemiya bitənədək strukturu yenidən dəyişməyə ehtiyac olduğunu düşünmürəm”.

 

 

M.Quliyev qeyd edib ki, kiminsə vəzifədən istefa verməsi ajiotajla qarşılanmamalıdır. İnsan vəzifəyə gələr də, gedər də: Ramin Bayramlının nə fəaliyyəti, nə də şəxsiyyəti sosial şəbəkələrdə müzakirə mövzusu olmalıdır. Amma hesab edirəm ki, müstəqil və səlahiyyətli komissiya yaradılmalı və TƏBİB yarandığı gündən indiyəqədərki dövrü araşdırmalıdır. Nöqsanlar varsa, nədən qaynaqlanıb, onu ortaya çıxarılmalıdır ki, gələcəkdə onlar təkrarlanmasın, uğurlarımız nədir və onlar davam etdirilsin. Bununla bağlı Nazirlər Kabineti səviyyəsində qərar vermək hökumətin işidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?